0
Sunday 15 February 2009 - 08:03

ABŞ - İRAN MÜHARİBƏSİ MÜMKÜNDÜRMÜ?

Musavat.com -11 fevral 2009
Story Code : 684
ABŞ - İRAN MÜHARİBƏSİ MÜMKÜNDÜRMÜ?
"ABŞ İranı vuracaqmı?" Bu, hazırda dünyanın gündəmində duran əsas suallardan biridir. Planetin ən nəhəng media quruluşları müntəzəm olaraq bu sualı başlığa çıxararaq, mövzunun təhlilini aparır, müəyyən ssenarilər və proqnozlar irəli sürür. Düzdür, son vaxtlar sualın qoyuluşu hərdən "İsrail İranı vuracaqmı" kimi də dəyişdirilir. Lakin imkanlara və reallıqlara baxdıqda aydınca görünür ki, ABŞ işə qarışmayacağı və arxasında durmayacağı halda, İsrailin İrana hücum etməsi qeyri-mümkündür.

"Yeni Müsavat" qəzeti də zaman-zaman bu mövzulara dair maraqlı yazılarla çıxış edib; hətta başlığa çıxartdığımız sualla ölkənin tanınmış siyasətçiləri arasında sorğu da keçirib. ABŞ və İran arasında diplomatik münasibətlərin kəskinləşdiyi bir vaxtda- üç il əvvəl bu suala verilən cavablar çox ilgincdi. Sorğuladığımız siyasətçilərin əksəriyyəti Amerikanın İranı mütləq bombalayacağını söyləmişdi. Respondentlər arasında hətta hadisənin baş verəcəyi tarixi göstərənlər də olmuşdu. Məsələn, o zaman Müsavat başqanının müavini olan Sülhəddin Əkbər hətta 2006-cı ilin aprelində “onda olan məxfi məlumatlara görə" (daha sonrakı sorğuda sentyabra dəyişdi) ABŞ-ın İranı bombalayacağını söyləmişdi.

Sorğuda iştirak edən iki nəfərsə bunun baş verməyəcəyini söyləmiş, dediklərini əsaslandırmışdılar. Onlardan biri də Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu idi.
Amerikaya yeni prezidentin seçilməsi və administrasiyanın dəyişməsi fonunda bu məsələyə yenidən qayıtmağa zərurət hiss etdik. Əcaba, siyasətçilərimiz bu dəfə, mövcud reallıqları nəzərə alaraq, nə düşünürlər?

Müsavat başqanı İsa Qəmbər suala konktet olaraq ya "hə", ya da "yox" cavabı verməyin indilikdə mümkün olmadığını söylədi: "İstənilən normal adam İranın nüvə silahı əldə etmək cəhdlərinin dayandırılmasını və məsələnin diplomatik yolla həll edilməsini arzu edər. Amma ABŞ-ın İrana indilərdə zərbə vuracağını demək çox çətindir. İran heç bir şəkildə nüvə proqramı ilə bağlı araşdırmasını dayandırmaq istəmir. Qərb isə Obama kimi yeni siyasət yürüdəcəyini bəyan etmiş prezidentin dili ilə bu məsələdə danışıqlara hazır olduğunu, eyni zamanda, Amerikanın əvvəlki sərt mövqeyində qaldığını xatırladır. Bu baxımdan, sualın cavabını zaman verəcək. Arzu edək ki, zaman bu sualın cavabını problemin diplomatik yolla həll edildiyi formada versin".

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat” qəzetinin bir neçə il öncə də bu sorğunu keçirdiyini vurğuladı: "Bildirilmişdi ki, kimin proqnozu düz çıxsa, bu məsələ yenidən qeyd olunacaq. O zaman İranla ABŞ arasında gərginlik hökm sürürdü və vəziyyətin real siyasi anlamına diqqət etsək, bunun baş tutmasının mümkün olmadığını söyləmək olardı. Üç il bundan qabaq, o gərginlik zamanı bu baş vermədisə, indi bunun olacağı ehtimalını söyləmək mümkünsüzdür".

Politoloq Qabil Hüseynli Amerikanın İranla problemləri diplomatik vasitələrlə yoluna qoyacağına inanır: "İran nüvə silahı istehsal etməyə çox yaxınlaşıb. Hətta bu yaxınlarda nüvə silahı daşıyan ballistik raketlərin də sınağını keçirdi. İranda hadisələr məntiqi sonuna yaxınlaşmaq üzrədir. Bu da proseslərin sürətləndirilməsini tələb edir. İranda da hadisələrin İraqdakı kimi cərəyan edəcəyini güman etmirəm. Amerika məsələnin diplomatik yolla həllinə çalışacaq. Hadisələr daha mürəkkəb məcrada cərəyan edəcək. Beynəlxalq böhran şəraiti hökm sürsə də, İran məsələsi gündəmdən çıxmayacaq. Danışıqlar səmərə verməsə, Amerika İsraili önə çəkəcək və onu dəstəkləyəcək. Çünki Amerika İraqda imicini zədələdiyinə görə, ikinci dəfə özünü önə verməz".

Politoloq Leyla Əliyeva da inanır ki, Amerika İranla münasibətləri diplomatik yollarla tənzimləməyə çalışacaq: "İranı vurmaq məsələsi hələ ki, gündəmdə deyil. Amerikada yeni administrasiya hakimiyyətə gəlib. Obama problemləri diplomatik yolla həll etməyin tərəfdarıdır. ABŞ İranla danışıqlar yolu ilə münasibət quracaq".
Politoloq Zəfər Quliyev yeni administrasiyanın bu məsələdə mövqeyinin dəyişmədiyi fikrindədir. Amma politoloq məsələnin diplomatik yolla da həllinin mümkün olduğunu söylədi: "Yeni administrasiya Buşun apardığı siyasəti davam etdirir. Bu səbədən də İranla Amerika arasında gərginliyin hələ də qaldığını söyləmək olar. İrana qarşı yeni sanksiyaların həyata keçirilməsi perspektivi də qüvvədədir".

Z.Quliyev son iki-üç illə müqayisədə İranın bombalanması təhlükəsinin azaldığını da qeyd etdi: "İndiki mərhələdə İrana qarşı açıq hərbi aksiyanın həyata keçiriləcəyinə inanmıram. Vəziyyət nisbətən dəyişib. İranın Avropa ölkələri, həmçinin Amerika üçün əhəmiyyəti artıb. Rusiya ilə Qərbin münasibətlərinin pozulduğunu nəzərə alsaq, indiki münaqişələr dünyada gedən maliyyə böhranı kontekstində baş verir. Bu səbəbdən də Vaşinqtonun hərbi əməliyyatlara başlayacağı inandırıcı görünmür. Məsələni dipolomatik yolla həll etmək imkanları artır".

Politoloq Elxan Mehdiyev də müharibənin başlayacağına inanmadığını dedi: "Mən üç il əvvəlki sorğuda rəyimi bildirmişəm. Yenə də dediklərimin üzərində dururam. O zaman Buş hökumətinin radikal olan hissəsi İrana hücumu dəstəkləsə də, bu, mümkün olmadı. Çünki o qüvvələrin səsi zəif idi. Amerika İranla problemin həllində diplomatik üsullara üstünlük verəcək".
Comment