0
Sunday 8 January 2012 - 23:17

Rüstəm İbrahimbəyov İlham Əliyevə çağırış etdi

Story Code : 128721
Rüstəm İbrahimbəyov İlham Əliyevə çağırış etdi
Rüstəm İbrahimbəyov İlham Əliyevə çağırış etdi
Azərbaycan Ziyalılar Forumunun qurucularından olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov “Azadlıq” qəzetinin 8 yanvar sayına müsahibəsində prezident İlham Əliyevə çağırış edib. O deyib ki, dövlət başçısı İlham Əliyevi uzun illərdir şəxsən tanıyır və həmişə ona hörmətlə yanaşıb: “Bunun da əsası var. Mən özüm üçün yox, dəfələrlə milli kino və teatr barədə ona müraciət etmişəm. Həmişə bu təklifləri yaxşı qəbul edib. Konkret olaraq “İbrus” Teatrı İlham Əliyevin köməyi ilə tikilib və yaranıb. Mən yaxşılığı yaddan çıxardan adam deyiləm və həmişə bu adam üçün əlimdən gələni edəcəyəm.

Amma söhbət başqa məsələdən gedir. Mən vaxtilə İlham Əliyevə alternativ görmədiyimi deyəndə onu nəzərdə tuturdum ki, Azərbaycanda kifayət qədər güclü şəxslər seçkidə iştirak edə bilmirlər və qalanların arasında İlham Əliyevə alternativ yoxdur. Vaxtilə dediyim bir fikri də yada salmaq istərdim: konstitusiyanı dəyişdirib bir adamı 3-cü dəfə prezident seçmək demokratiyaya ziddir.

Ölkəni “juliklərin” idarə ediyi ilə bağlı söylədiklərimə gəlincə, mən bu fikri bir daha təkrarlayıram. Dövlət başçısını bizi bu “juliklərdən” azad etməyə çağırıram. Bu, bazar terminologiyası deyil. Bu termin bu insanların fəaliyyətini tam reallığı ilə əks etdirir. Çünki onlar bazar təfəkkürlü insanlardır və bazar metodları ilə fəaliyyət göstərirlər. Ona görə mən onlara başqa terminlə müraciət edə bilmərəm. Bu insanlar ölkəyə rəhbərlik edirlər, hamı onların adlarını gözəl bilir. Mən konkret olaraq kimsənin adını çəkmək istəmirəm. Çünki onlar bir sistemin tərkib hissəsidir. Biz bütun bunlara görə dövlət başçısına müraciət edirik”.

Rüstəm İbrahimbəyov Ziyalılar Forumu haqqında da danışıb: “Bəzən belə ifadə işlədilir ki, ziyalılar yalnız hakimiyyətə qulluq edənlərdir. Ölkənin başlıca ideoloqlarından birindən bunu eşitmişdim və düşünürəm ki, bu, çox gülüncdür. Düşünürəm ki, yalnız milli maraqları hər şeydən üstün tutan insanlar əsl ziyalı sayıla bilərlər. Ziyalılar Forumunda birləşən insanların kriteriyaları buna uyğundur. Onlar öz sahələrində böyük mütəxəssis, ölkəsinə, millətinə sadiq insanlardır. Onlar həqiqətən də öz vicdanlarının səsinə qulaq asaraq azadlıqlar uğrunda mübarizəyə başlayıblar.

Bizə mənasız ittihamlar ünvanlayırlar, amma toplaşmağımıza imkan vermirlər. Biz növbəti toplantımızı icarəyə götürdüyümüz “Hyatt Regency”də keçirmək istəyirik. Biz “Hyatt Regency” hotelinin ABŞ-dakı rəhbərliyinə də müraciət etmək niyyətindəyik ki, Bakıdakı təmsilçilik ümumi brendə ziyan gətirir. Ona görə xarici təzyiqləri də müşahidə edəcəyik. Eyni zamanda məhkəməyə də müraciət etmək niyyətimiz var. Biz nə istəyirik? Sadəcə olaraq deyirik ki, ölkədəki vəziyyət dəyişməsə, faciəvi hadisələr baş verə bilər. Əgər zamanında islahat aparılmasa, ölkədə gedən kütləvi oğurluğun qarşısı alınmasa, nəticə çox pis ola bilər”.

Rüstəm İbrahimbəyov qeyd edib ki, beş-altı nəfər ziyalı bəyanat verəndə onları sıxışdırmaq asan olur: “Amma bu işlə bir neçə yüz adam məşğul olanda onlarla mübarizə aparmaq çətin olur. Bəzən bizi ittiham edirlər ki, biz toplantılarımızı forum adlandırırıq, halbuki toplananların sayı yüzlərlə olmur. Cavab verirəm. Biz internet əsrində yaşayırıq. Bizim bəyanatlarımıza minlərlə insan internetdə reaksiya verir. Ona görə bizim forum olmadığımızı iddia edənlər bu sözün mənasını bilmir. Ona görə hakimiyyt tezliklə siyasi iradə göstərməlidir və dəyişikliklərə imza atmalıdır. Bu dəyişiklikləri təkcə biz yox, bütün dünya istəyir. Biz hazırda elementar demokratik azadlıqların məhrum olduğu ölkədə yaşayırıq”.
Source : Media forum
Comment