0
Tuesday 10 January 2012 - 15:58

Hicab Məhbusunun övladları ataları ilə fəxr edir

Story Code : 129222
Hicab Məhbusunun övladları ataları ilə fəxr edir
Hicab Məhbusunun övladları ataları ilə fəxr edir
Bir neçə gün bundan əvvəl Məhəmmədəli Axundzadə ilə atası Ruhulla Axundzadə barədə söhbət etməyə razılıaşmışdıq. Amma iş elə gətirirdi ki, müsahibə almağa nə vaxt, nə də imkan olmurdu. Və nəhayət, imkanlanşadırıb müsahibəni almağa müvəffəq olduq. Söhbətimiz zamanı bir neçə məsələlərə toxunduq. Ruhulla Axundzadə öz doğum günündə həbs edilib, artıq ikinci ad günüdür ki, öz doğmalarından uzaq həbsxanalarda qeyd edir...

Axundzadə Ruhulla Höccətullah oğlu, 1955-ci il yanvar ayının 21-i Astara rayonunda dəmiryolçu ailəsində dünyaya gəlib. Orta təhsilini Astara rayonunda oxuduqdan sonra Azərbaycan Texniki Universitetinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədridir.

-Atanız tutulanda o xəbəri sizə kim verdi?

20 yanvar 2011-ci il biz atamla gecənin yarısından çoxunu bir yerdə söhbət edirdik. Səhər sübh namazını qıldıqdan sonra istirahət etmək üçün yatdıq. Saat 10:00-da anam bizi oyatdı və biz pəncərədən çölə baxanda gördük ki, polis avtomobillərindən tərpənməyə yer yoxdur. 20-25 nəfər polis həyətdə durmuşdu. Biz atayla çıxdıq çölə. Respublika Prakurorluğundan Cavid adlı bir şəxs bildirdi ki, bizim evdə axtarış aparacaqlar. Atam bildirdi ki, etirazı yoxdur, amma onlar əllərini Qurani-Kərimə basıb sonra axtarış etsinlər. Onlar buna razılaşdılar və evimizə daxil oldular. Üç mərtəbənin üçünün də qonaq otaqlarında eyni anda axtarış aparmağa başladılar. Biz hərəmiz bir otaqda onların yanında idik. Onlar əllərinə keçən diskləri, kitabları götürürdülər. Hətta mənim mədə xəstəliyi ilə bağlı İrandan aldığım dərmanları da götürdülər və bildirdilər ki, dərmanların üstündə fars əlifbası ilə yazı var. Axtarış bitəndən sonra biz çölə çıxdıq. Atam onlardan soruşdu ki, “Mən də sizinlə getməliyəm?” onlar da “bəli” dedilər. Atam onlara dəstəmazını yeniləməsi üçün vaxt istəyib getdi dəstəmaz almağa. Elə bu zaman bir nəfər həyətimizin qarşısında olan yarıtikiliyə tərəf gedib bir müddətdən sonra səsləndi ki, “Buraya gəlin”.

Biz də getdik ora ki, görəsən, nə olub ki, bu adam deyir bura gəlin. Orada limon ağacının üstündən bir kisə götürüb gətirdilər düz həyətin ortasına. Biz artıq başa düşdük ki, bu bir oyundur. Amma biz bildirəndə ki, axı həmin yarım tikili bizə məxsus deyil. “Qonşunun yarıtikilisindən nəyisə götürüb niyə mənim həyətimin ortasına qoyursunuz?” Sonra biz tələb elədik ki, ekspert gəlsin, əl izləri götürülsün. Amma bizim bu tələbimizə məhəl qoyan olmadı. Və nəhayət, onlar Lənkəranda hərbi hissələrin biri ilə əlaqə saxladılar, saat yarımdan sonra hərbi hissədən gəldilər. Və bizim hamımızı bayıra çıxartdılar. Onlar güya zərərsizləşdirmək üçün həyətimizdə bir ədəd RQD-5 qumbarası partlatdılar. Amma əslində bu səs-küy salmaq üçün atılan bir addım idi.
Saat 10:00-da başlayan “əməliyyat” nəhayət saat 17:00-da başa çatdı. Atamı apardılar rayon prakurorluğuna, oradan polis şöbəsinə və polis şöbəsindən də Bakıya…

–Atanız nə işlə məşğul olurdu?

Atam rayonda kənd təsərrüffatı üzrə briqadir olub. Bundan əlavə, su menaratoru işləyib. Ticatərlə məşğul olub. 90-cı ildən islamçı olduğunu nümayiş etdirdiyi üçün heç bir yerdə işlə təmin edilməyib. O zəhməti ilə ticarətlə məşğul olub. Amma son zamanlar xəstəliyi ilə əlaqədar olaraq demək olar ki, evdə olurdu.

-Atanızı ad günündə həbs ediblər. Bu münasibətlə yığıncaq olacaqdımı?

Hacı Mövsüm və digər qardaşlar həbs edildiyi üçün biz yığıncaq keçirməyəcəkdik. Ancaq ad günü münasibəti ilə atamı təbrik edənlər çox idi. Və həmin günü atamı həbs etmələri bizim ailəyə çox ağır gəldi.

-Oğlu kimi atanız həbs edildiyi gün hansı hissləri keçirdiniz?

Biz bilirdik ki, atamı tuta bilərlər. Amma həmin günü çox qəmgin idim. Çünki, mən həmin gün əsgərlikdən üç ay olardı qayıtmışdım. Əsgərlikdə özümə söz vermişdim ki, evə dönüb ata-anamın qulluğunda duracam. Görünür, atamın qulluğunda həbsxanalarda durmaq qismətimdəymiş. Ancaq atamın İslam uğrunda tutulduğunu anlayanda artıq çox rahatlıq tapdım.

-Atanız həbs edildikdən sonra qonşularınızın sizə münasibəti necə idi?

Ümumiyyətlə, bütün rayonun çoxu, qonşularımız bilirdi ki, atam şərlənərək tutulub. Onların bizimlə münasibətləri həmişə normal olub.

-Atanız həbs edildiyi gündən hansı çətinliklərlə üzləşdiniz?

Atam həbs edildikdən sonra evin bütün yükü mənim üzərimə düşdü. Bilirsiniz, psixoloji sarsıntı ilə yanaşı, bir az maddi sıxıntılar da olmuşdur ki, şükür olsun, Allahın köməkliyi ilə, biz bunun öhdəsindən gəldik. Həftədə üç dəfə məhkəmənin keçirilməsi də bizə çox əziyyət verdi. Ailəni gətirmək çətin idi.

-Bizə çatan məlumatlara görə, Ruhulla Axundzadənin səhhətində problemlər var, indi necə, onun səhhəti normaldırmı?

Atam anadangəlmə ürək xəstəliyindən əziyyət çəkir. Hərbi xidmətə könüllü getsə də, 4 aydan sonra ürək xəstəliyinə görə təxris olunub. Son zamanlarda həm ürəyindən, həm şəkər xəstəliyindən, həm də belində olan şişdən əziyyət çəkirdi. İndi də həmin xəstəliklərdən həbsxanada əziyyət çəkir.

-Atanızla görüşə bilirsinizmi?

İki dəfə görüşmüşəm. Kürdəxanı təcridxanasında. Şüşə arxasında telefonla danışırdıq. Bir dəfə tək bir, dəfə də ailəmlə birgə görüşdə olmuşam.

-Hökm oxunan günü hansı qərarı gözləyirdiniz və nəyin şahidi oldunuz?

Məhkəmənin gedişatından hər şey bəlli idi. Amma mən yenə də fikirləşirdim ki, insan nəyindən də qaçsa, vicdanından qaça bilməz. Bunu fikirləşərək hakimdən ədalətli hökm çıxaracağına ümid edirdim. Amma təəssüf ki, əksinin şahidi olduq.

-Hazırda növbəti məhkəmələr gedir, indi gözləntiləriniz varmı?

Mən ümumiyyətlə Azərbaycan məhkəmələrindən daha ədalət gözləmirəm. Apellyasiya məhkəməsi də başlayan kimi özünü göstərdi.

-İndi ailənin bütün yükü sizin üzərinizdədir. Bu sizə çətin deyilmi?

Çətin olsa da, şükür olsun Allaha ki, öhdəsindən gəlirik. Həm də bu mənimçün bir şərəfdir.

-Atanız tutulduğu gündən onların hüquqlarının müdafiəsi üçün Natiq Kərimovun sədrliyi ilə komitə yaradıldı, həmin komitə ilə görüşləriniz olurmu, ümumiyyətlə, onların işindən razısınızmı?

Bəli olur. Onlar çox dəyərli işlər gördü. Komitə yaratdı, toplatılar keçirdi. Mən Natiq Kərimov başda olmaqla komitənin bütün üzvlərinə öz dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, ruhanilərin təşəbbüsü ilə yaradılan Hicab və Hicab məhbuslarının müdafiə komitəsinə də öz minnətdarlığımı bildirirəm. Mən bir şeyi qeyd etmək istəyirəm. Bildiyiniz kimi, atamın və digər ruhanilərin məhkəməsi gedən bir dönəmdə məhkəmənin qarşısında yüzlərlə möminlər toplaşaraq onlara dəstək verirdilər. Fürsətdən istifadə edib onların hər birinə təşəkkür edirəm. Onlar şücaət nümayiş etdirərək din qardaşlarının dar günündə belə yanında oldular.

Son olaraq...

Son olaraq qeyd etmək istəyirəm ki, dövrümüzdə İslam düşmənləri artıq işə keçərək müxtəlif planlar hazırlayır, dini bütün müsəlman ölkələrdə silmək istəyirlər. Bunun üçün də dindarları, ruhaniləri şərləyərək həbs edirlər. Bu gün Hacı Mövsümlər, Hacı Talelər, Seyyid Fəramizlər, Hacı Fəxrilər, Ruhulla Axundzadələr az deyil. Onlar bu gün də yaşayır, bu gün də dini qorumaqla məşğuldurlar. Maddi və mənəvi sıxıntılar içində olmağımıza baxmayaraq, bu gün atamızın İslam uğrunda həbs edilməsinə görə fəxr edirik və camaat içində baçıuca gəzirik.

Xəyal Həsənov...
Source : birlik
Comment