0
Tuesday 10 January 2012 - 16:04
Eldəniz Quliyev :

AİP sədri Mövsüm Səmədov olduqca ləyaqətli, sözün düzünü deyən Allah adamıdır

Story Code : 129228
AİP sədri Mövsüm Səmədov olduqca ləyaqətli, sözün düzünü deyən Allah adamıdır
Mövsüm Səmədov olduqca ləyaqətli bir insandır. Sözün düzünü deyən, Allah adamıdır. Əslində, demokratiyanın əsas atributlarından biri, söz azadlığıdır. Əsl ziyalı Allahdan, xalqdan və dövlətçilikdən başqa hər şeyə müxalif olandır. Bu fikirləri SalamNews-a müsahibəsində Azərbaycan Ziyalıları Hərəkatının sədri Eldəniz Quliyev deyib.

- Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsindən bir il ötdü. Bu haqda nə deyə bilərsiniz?

- Mən təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda şəxsiyyətli insanlar, ədalətli söz demək iqtidarında olan şəxslər, düz danışan, haqqı deyən insanlar nədənsə son zamanlar təqibə məruz qalırlar. Bu acı hiss doğurur. Bəzi ziyalılarımız var ki, onlar xalqın ağrısını, dərdlərini “su çəkən” kimi özlərinə hopdurublar.

Mövsüm Səmədov olduqca ləyaqətli bir insandır. Sözün düzünü deyən, Allah adamıdır. Bəzən deyirlər ki, ziyalı kimdir? Düz danışan, haqqı, ədaləti deyən insan müxalifdirmi? Bəli, müxalifdir. Lakin biz başa düşdüyümüz ənənəvi müxalif yox. Əsl ziyalı Allahdan, xalqdan və dövlətçilikdən başqa hər şeyə müxalifdir, o cümlədən müxalifətin özünə də müxalifdir. Dostum, qardaşım Mövsüm Səmədov məhz bu cür insandır. Əminəm ki, o, xalqını, dövlətini və dövlətçiliyini, Azərbaycan mənəviyatını o qədər sevirdi ki, onu şəxsi mənafedən hər an üstün tuturdu.

- Bu siyasət düzgündürmü və bunun fəsadları ola bilərmi?

- Azərbaycanda çox böyük səhv siyasət yürüdülür. Bu nədən ibarətdir? Bu ondan ibarətdir ki, çox zaman dövlətçiliyimizi dövlət başçısı ilə bərabərləşdiririk. Bu, fəsadlar törədir, o cümlədən sosial ədalətsizlik yaradır. Hər-hansı məmura deyirlərsə, get bir papaq gətir, gedib baş gətirir. Buyuruq quluna çevrilirlər. Sosial ədalətsizlik, hər yerdə, hər şeydə ekstremal şərait yaradır və sonda həmin ekstrimal vəziyyət ekstrimizm yaradır. Bundan qorxmaq lazımdır. Dövlətçilik əbədidir, lakin dövlət başçısı əbədi ola bilməz. Əslində, demokratiyanın əsas atributlarından biri, söz azadlığıdır. Elə həmin dostlarımız “sözə” görə azad oldular. Bu, eyni zamanda Azərbaycan demokratiyasına vurulan zərbə oldu. Bu, paradoksdur.

Konfutsinin belə bir sözü var: “Məhkəmələrin rüşvətlə işləməsi onun sifarişlə işləməsindən yaxşıdır”. Fikir verin, son dövrlərdə nəqədər sifarişli həbslər olub. Həbs olunan qardaşlarımız nə istəyirdilər? Onlar xalqın mənəviyatının təmizliyini, əxlaqlı olmasını, mədəni etik davranış qaydalarına riayət etməsini istəyirdilər. Eyni zamanda, bu insanlar İlahinin buyurduqlarının yerinə yetirmək istəyirdilər.

- Ümumiyyətlə, bununla bağlı çıxış yolunu nədə görürsünüz?


- Əslində, bu həbslər bəzi məmurlar tərəfindən dəlinin quyuya daş atma fenomenini yaratdı. Kimsə quyuya daş atdı, indi onu çıxarmaq mümkün deyil. Hesab edirəm ki, biz düz sözü deməliyik, dostlarımızı axıra qədər müdafiə etməliyik. Çünki onlar haqlı idilər, onlar həqiqəti deyirdilər.

Belə bir fikir var ki, “düz dayanmısansa kölgənin əyri dayanmağından qorxma”. Biz düz dayanmışıq, biz düz sözü deyirik. O, düz sözü deyib, haqqı, ədaləti istəyən qardaşlarımızın müdafiəsində hər an varıq. Başqa alternativ yoxdur. Allah Təalanın sözü var ki, ədalətsizliyə qarşı, zülmə, zülmkara qarşı mübarizə aparmayanın insanın yeri cəhənnəmdir. Məhz bunu əsas götürməliyik.
Source : salamnews
Comment