0
Thursday 9 February 2012 - 13:47
Rejim qurduğu tələyə düşüb

Anar Qasımlı əliyevlər rejimin faş etdi

Story Code : 136589
Anar Qasımlı əliyevlər rejimin faş etdi
Anar Qasımlı əliyevlər rejimin faş etdi
Azərbaycanda iqtidar səviyyəsində baş verən qərəzli özbzşnzlıqlar və dini yasaqlrla bağlı islamçıların işi üzrə vəkil Anar Qasımlı “Media forum” saytının suallarını cavablandırıb.

- 2011-ci ilin payızında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovu, onun partiyadaşları Rufulla Axundzadəni, Vaqif Abdullayevi və daha üç nəfəri uzun müddətlərə azadlıqdan məhrum edib. İslamçıların işi üzrə məhkəmə prosesləri nə yerdədir?

- Adətən hər həftənin şənbə günü islamçılarla görüşürəm. Amma son iki həftədə qarlı-şaxtalı havaya görə həbsxanaya gedə bilməmişəm. Mütəmadi görüşüb atılacaq addımları müzakirə edirik. Bakı Apellyasiya Məhkəməsində işə məhkəmə istintaqının aparılması ilə baxılması üçün Ali Məhkəməyə şikayət vermişik. Ali Məhkəmə şikayətə fevralın 29-da baxacaq. İndi Ali Məhkəmənin qərarını gözləyirik.

- İslamçıların həbs dalğasının başlanmasından bir il ötdü. Siz bir ildir bu işin içindəsiniz, istintaq hərəkətlərində iştirak etmisiniz, işlə yaxından tanış olmusunuz, müstəntiqlərin, hakimlərin, dövlət ittihamçılarının fəaliyyətini yaxından müşahidə etmisiniz. Sizcə, islamçıların həbsinin əsas səbəbi nə idi?

- Həbslərin əsas səbəbi birmənalı olaraq İslam Partiyasının sədri Mövsüm Səmədovun 2011-ci il yanvarın 2-dəki çıxışı və orada işlətdiyi ifadələrdir. Hesab edirəm ki, Mövsüm Səmədovun çıxışında işlətdiyi ifadələr islamçıların həbs dalğasının başlanmasına səbəb oldu. İkinci səbəb isə hakimiyyətin qorxuya düşməsiydi. Çünki Mövsüm Səmədov həmin dövrə qədər sərt çıxış etməmişdi. Hakimiyyət hesab edirdi ki, bu çıxışın arxasında hansısa qüvvələr dayanır, prosesi idarə edir və bunlar nəsə edəcəklər. Ona görə də dərhal müəyyən bir ssenari üzrə tədbir gördülər, bəzi insanları neytrallaşdırıb prosesdən uzaqlaşdırdılar. Bütün bunlar göz qorxutmağa hesablanmışdı və hakimiyyət bununla başqalarını siyasi fəallıq göstərməkdən çəkindirmək istəyirdi.

İslamçıların həbsi türk seriallarında olan ssenari əsasında aparılır. Türk seriallarını çəkib hər həftə verirlər, baxanda da hər hansı uyğunsuzluq olmur, serial hadisələrə uyğunlaşdırılır. Yəni bir var ssenari əvvəldən tam hazır ola və film buna uyğun qurula, bir də var ssenari hissə-hissə yazıla. İslamçıların həbsi də belə oldu. İlk növbədə necə olursa-olsun Mövsüm Səmədovu həbs etmək, prosesdən uzaqlaşdırmaq lazım idi. Amma dərhal həbs və cinayət işi açmaq üçün ortada hər hansı əsas, səbəb yox idi. Ona görə də Mövsüm Səmədovu polisə müqavimətdə günahlandırıb inzibati qaydada həbs etdilər. Vaxt udandan sonra isə yeni ssenarilər cızıldı, evlərdən silah-sursat “tapdılar”, bunun əsasında qondarma ittiham irəli sürdülər.

- Yəni 20-dən artıq şəxsin həbsi bir şəxsin çıxışı ilə bağlı idi?

- 2011-ci ildə dindarların həbsi Mövsüm Səmədovun çıxışından başlandı. Məsələ bundadır ki, Mövsüm Səmədov həbsdə olduğu müddətdə də hakimiyyət onun çıxışlarına biganə yanaşmır. Mövsüm Səmədov ötən il avqustun 11-də məhkəmədə sərt çıxış etdi. Həmin gün Azərbaycanda daha üç dindar həbs olundu və onlardan biri partiyanın üzvü idi. Mən həmin həbslərin Mövsüm Səmədovun çıxış etdiyi günə düşməsini təsadüfi saymıram. Çünki məhkəmədəki çıxış da ciddi narahatlıq yaratmışdı.

İslamçıları dövlət çevrilişinə cəhddə ittiham edirlər və Mövsüm Səmədovun çıxışı belə qiymətləndirilir. Ekspertlər onun “xalq ayağa qalxıb bu zalım rejimin hakimiyyətinə son qoymalıdır” ifadəsini dövlətin konstitusiya quruluşunu zorakı yolla dəyişməyə cəhd kimi qiymətləndiriblər. Halbuki buna oxşar ifadələri müxalifət liderləri hər gün işlədirlər.

- Həmin dövrdə islamçıların Mövsüm Səmədovun çıxışından kənarda hansısa fəaliyyəti vardımı? Aksiyalara hazırlıq, küçələrə çıxmaq, təşkilatlanmaq...

- Təbii ki, onların müəyyən fəaliyyəti vardı. Mövsüm Səmədovun həbsindən bir az əvvəl təhsil naziri Misir Mərdanov məktəblərdə hicabı qadağan edən sərəncam vermişdi. İslamçılar buna etiraz olaraq müxtəlif tədbirlər keçirmişdilər, müraciətlər yaymışdılar, kiçik miqyaslı etiraz piketləri düzənləmişdilər. Amma söhbət kriminal fəaliyyətdən, qanunsuz işdən gedirsə, bunu gərək istintaq ortaya qoyardı, bunu sübut edərdi. “Meşə qardaşları”nın işində, başqa cinayət işlərində dövlət televiziyasında müəyyən kadrlar göstərirlər, kimlərinsə nəsə yaratdıqlarını göstərirlər. Amma islamçıların işində bunları da etmədilər. Çünki reallıqda heç nə yoxdur, belə kadrlar hazırlayıb yaymaq aparılan işin, yazılan ssenarinin səthiliyini ortaya qoyardı. Ortada bir fakt, kriminal niyyət, fəaliyyət olsaydı və bunu sübut etsəydilər, cəmiyyətə təqdim edərdilər. Bu heç istintaq materiallarında da yoxdur.

Avqustun 11-də Arif Qəniyev, Abgül Süleymanov və Ramin Bayramov həbs olunan kimi Milli Təhlükəsizlik Nazirliyi ilə Baş Prokurorluq birgə bəyanat yaydı və radikal dini qrupun zərərsizləşdirildiyini elan etdilər. Amma sonrakı dövrdə bu şəxslərin heç birinin adı qrup şəkilində eyni bir cinayət işində keçmədi. Onların hər birinə ayrılıqda narkotik və silah saxlamaqla bağlı ittiham verdilər. İstintaqın bundan başqa çıxış yolu qalmamışdı. Çünki bu həbslər haqda ssenari də dərhal yazılmışdı, tələskən qərar vermişdilər. Amma işi bu istiqamətdə inkişaf etdirə bilmədilər. Hazırda ortalıqda böyük bir biabırçılıq var. Radikal dini qruplaşmanın zərərsizləşdirilməsini elan etmək hara, buna görə həbs olunanlara ayrı-ayrılqda narkotik və silah saxlama ittihamı vermək hara.

- İslamçılar İran meylli olduqlarını, bu ölkənin dini rejiminə, onun ayətullahlarına rəğbət bəslədiklərini gizlətmirlər. Sizcə, islamçıların həbsinə gətirib çıxaran fəaliyyətdə İranın hansısa formada iştirakı vardımı? İstər Mövsüm Səmədovun etdiyi çıxışa, istərsə də onların keçirdikləri və keçirməyi planlaşdırdıqları aksiyalara İranın təsiri vardımı?

- İstintaq bu məsələləri ortaya qoymalı və sübut etməliydi. İstintaq materiallarına ümumi olaraq “İrandan maliyyələşən və göstəriş alan” ifadəsini yazmaqla iş bitmir. Bu kiminsə subyektiv fikridir. Əgər belə bir məsələ vardısa, bunu sübuta yetirməliydilər, iş materiallarına tutarlı, təkzibolunmaz faktlar, sənədlər daxil etməliydilər. Kimin İranda kimlə görüşdüyünü, həmin şəxslərin hansı təşkilatı təmsil etdiyini, nə qədər vəsait aldığını, hansı tapşırıqlar verdiyini göstərməliydilər.

Azərbaycanda demokratik düşərgə, məsələn, İctimai Palatada birləşən qüvvələr demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi dəyərlərə üstünlük verir. Bunlar ABŞ, Avropa ölkələrinin əsas dəyərləridir. Əgər hakimiyyət bu dəyərlərə qarşı mübarizə aparsa, onda bunu müdafiə edən qüvvələri ABŞ-dan, Avropadan maliyyə, göstəriş almaqda, sifarişlərini yerinə yetirməkdə ittiham edəcək. İslamçılar üçün üstün dəyər islam qaydalarıdır. Onlar islamın təbliğ olunmasını, cəmiyyətdə islam qaydalarına əməl edilməsini, dini inancla bağlı insanların məhdudiyyətlərlə üzləşməməsini istəyirlər. Bu dəyərlərə bağlı olan, ona xidmət edən insanları, islam uğrunda mübarizə aparan insanları nə ABŞ, nə də Avropa ölkələri ilə bağlamaq, əməkdaşlıqda günahlandırmaq mümkün deyil. Azərbaycan dindarlarını yalnız islam dəyərlərinə üstünlük verən qüvvələrlə bağlamaq mümkün idi. Bu da yaxın qonşuluqda olan İran oldu.

İran meylli deyəndə nə nəzərdə tutulur? Məsələn, Azərbaycanda Ayətullah yoxdur. Dindarlar hansısa Ayətullahı özlərinin müştehidi hesab edirlər. Əgər Azərbaycanda Ayətullah yoxdursa, bunu xaricdə tapmaq lazımdır. Yalnız İraqda bir Ayətullah var, Ayətullahların əksəriyyəti İrandadır. Ona görə də istər-istəməz bu insanlar İranla, bu ölkənin dini dairələri ilə təmasda olmalıdırlar. Hansısa təmas kriminal, pis niyyət demək deyil. Əgər kiminsə Azərbaycan dövləti, milli maraqlar, mənafeyi əleyhinə fəaliyyəti varsa, hər bir vətəndaş kimi biz də bunların aşkara çıxarılmasında, ifşa olunmasında maraqlıyıq, dövlət təhlükəsizlik orqanlarının bunun üstünü açmasında, günahkarların cəzalandırılmasında maraqlıyıq. Amma islamçıların cinayət işinin materiallarında bunlar yoxdur. Əgər iş materiallarında bunlar olsaydı, biz də görsəydik, o zaman dilimiz bir qədər qısa olardı.

- Hakimiyyət bu həbslərlə məqsədinə çatdımı?

- Ötən il mayın 6-da islamçılar hicabla bağlı böyük aksiya keçirdilər. Bu göstərdi ki, insanları həbslə qorxutmaq olmaz və belə həbslər düzgün yol deyil. Dövlət vətəndaşı ilə mübarizə aparmamalı, onun hüquqlarının daha yaxşı təmin olunması üçün müəyyən tədbirlər görməlidir. Əgər insanlar nəyəsə etiraz edirlərsə, bununla bağlı araşdırma aparmaq, düşünmək, tədbirlər görmək lazımdır. Bununla cəmiyyətdə ümumi kompromis, barışıq yaratmaq mümkündür. Həbslərlə cəmiyyəti qorxutmaq mümkün deyil. Bu mübarizə hicab uğrunda başlanmışdı. İndi də istər azadlıqda, istərsə də həbsxanada bu dəyər uğrunda mübarizə aparan qüvvələr var, onlar mübarizələrini davam etdirirlər, yollarından dönməyiblər.

- İslamçılar müəyyən qaydalar çərçivəsində yaşayır, hər neməti yemir, günlərinin bir hissəsini ibadətə sərf edirlər. Onların həbsxanada vəziyyətləri necədir?

- Ailələri mütəmadi olaraq onlara yemək göndərirlər, demək olar ki, həbsxana yeməyi yemirlər. Yenə də dini qaydalara uyğun yaşayırlar, ibadət edirlər. Buna mane olan yoxdur. Mövsüm Səmədov Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra hər gün oruc tutur. Düzdür, hər gün oruc tutması onun səhhətinə mənfi təsir göstərir. Bir dəfə də məhkəmədə halı pisləşmişdi. Biz bir neçə dəfə bunu dayandırmasını xahiş etmişik. Amma qəbul etmədi. Mövsüm Səmədov həbsdə olmasını Allahın mükafatı kimi qəbul edir və deyir ki, Allah mənə mükafat verib ki, bu müddətdə ibadət və dua etməyə daha çox vaxt ayırım.

İmdad ƏLİZADƏ
Source : media forum
Comment