0
Saturday 18 February 2012 - 11:31

Orxan Məmmədovla müsahibə

Story Code : 138677
Orxan Məmmədovla müsahibə
Orxan Məmmədovla müsahibə
Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin İdarə heyətinin üzvü Orxan Məmmədovla müsahibə

Bismilləhir-rahmənir-rahim


Heç də bütün ictimai təşkilatlar xidmət etmək üçün yaradılmayıb. Təəssüflər olsun ki, onlardan bəzilərində, ölkənin daxilində qurulmağına baxmayaraq, yad barmağı aydın görünür. Ona görə də onları Azərbaycanın zindana düşən ən qeyrətli övladlarının taleyi ciddi narahat etmir. Əsrlər boyu aralarında hətta qan düşmənçiliyi olanları barışmayacaqları təqdirdə başını açacaqları ilə hədələyən iffətli nənələrimizdən bizə irs qalan hicaba hücum olanda çox az hissəni çıxmaq şərtilə bu qurumların reaksiyası hansı həddə oldu? Mən deyərdim HHQM MK-nin yaradılmasına təhlükəli anlarda cəmiyyətlərə xas olan özünüqoruma instiktinin bir nəticəsi kimi də baxmaq olar. Mədəni-maarif işləri, təzyiqə məruz qalanlara maddi və mənəvi dayaq bu qurumun fəaliyyətləri çərçivəsinə daxildir.

Azərbaycanda hicab qadağası aradan qaldırılsa komitə buraxılacaqmı?

Cavab birmənalıdır. Xeyr. Onu da qeyd edək ki, hicab probleminin belə rahat, tez və tam şəkildə həlli mümkün deyil. Neçə səbəbi var. Onlardan bir neçəsinə işarə edim. Hicabofobiyanın tarixi Azərbaycanın istilası və işğalı dövrünə gedib çıxır. Xalq qiyamı nəticəsində ölkədən qovulan yadlar müxtəlif mədəni əlaqələr, iqtisadi və hərbi əməkdaşlıqlar, xarici şirkətlər adı altında Vətənimizə daranıblar. Bu gün Vətənimizi idarə edən əsas qüvvələr onlardır. Onlar isə məlumdur ki, bütün dini atributlarla, ilk növbədə müsəlman üçün müqəddəs və and yeri olan hicabla mübarizə aparırlar.

Bundan əlavə, hətta hicab probleminin həll olunacağını təsəvvür etsək belə cəmiyyətdə mədəni işlər aparmaq, psixoloji müharibə aparan düşmənlərimizlə mübarizə belə bir təşkilatın mövcudluğunu zəruri edir.

Komitənin işində yalnız ruhanilər iştirak edir, yoxsa təşkilat bütün cəmiyyət üçün açıqdır?


Uzun müddət məqsədyönlü bir siyasət aparılırdı ki, dövlət dindən ayrıdır. Son vaxtlar bu siyasət nərdivanının yeni pilləsinə qədəm qoydular. Artıq dini və dindarları böhtan kompaniyaları ilə cəmiyyətdən təcrid edirlər. Bu rabitəni bərqərar etmək lazımdır. Özünü sadə camaatdan ayıran ruhani ruhani deyil. Bu mənada bu komitənin işində cəmiyyətin hər bir üzvünün fəaliyyəti imkan həddində zəruridir.

Hicab qadağasına nail olmaq üçün hansı istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulur?

İlk növbədə mədəni-maarif işləri. Çünki polissiz, dəyənəksiz qəlblərə hakim kəsilən şəri qanunların müvəffəqiyyəti onlara insanların həqiqi mərifətindən qaynaqlanır. Daha sonra isə Allaha qarşı mübarizəyə qalxanların hərəkətlərinə mütənasib addımlar atmaq.

HHQM MK-nın fəaliyyətlərinə Azərbaycanda münasibət necədir?
Həm dövlət, həm cəmiyyətin münasibətini nəzərdə tutulur.

Dövlət dedikdə bir məsələyə diqqət etməliyik. Əgər yürüdülən rəsmi siyasət nəzərdə tutulursa, cavab məlumdur. Lakin ayrı-ayrı məmurların qeyri-rəsmi mövqeyi nəzərdə tutulursa onlar azərbaycanlıdırlar və müsəlmandırlar. Bizə pis münasibət bəsləməyə mənəvi haqları yoxdur.

Cəmiyyətin mövqeyinə gəlincə… İslami dəyərlərə, o cümlədən, hicaba artan ehtiram cəmiyyətin ona xidmət etmək istəyən vətəndaşlarına və qurumlara verdiyi dəyərin təzahürüdür.

Azərbaycanda hakimiyyətdən hansı islahatları gözləyirsiniz?

Təəssüflə qeyd edim ki, hakimiyyətdən İslam dini və ölkənin dünyada mövqeyini təyin edən təhsil və elmə bağlı münasibətdə ciddi dəyişikliklər gözləmirəm. Səbəbini yuxarıda qeyd etdim. Amma fikirləşirik ki, heç olmasa öz mövqeyini saxlamaq üçün müəyyən sosial proqramlar həyata keçirsinlər. Harayı heç kimin qulağına çatmayan “ikinci sort” insanların üzündə sevinc görmək bizi də sevindirər. Eybi yox, hansı məqsədlərlə bu proqramlar həyata keçirilər. Ya vəlvələdən, ya zəlzələdən… Təki axşam evinə qayıdan ataların üzündə xəcalət təri olmasın.

Komitə hicab qadağasından əziyyət çəkənlərlə əlaqə saxlayırmı?

Bu, komitənin əsas vəzifələrindən biridir. Onlara mənəvi və maddi dayağın zəruriyyətini dərk edirik. Hələlik, bu işimizdə özümüzü çox da müvəffəq hesab etmirəm. Allahdan bu işimizdə yardım diləyirik. Belə bir məqsədlə komitənin fondu təşkil olunub.

Damarında azərbaycanlı qanı axan hər bir insandan bu pak insanlara dəstək gözləyirik. Mənəvi və ya maddi.

Cəmiyyətə sözünüz, tövsiyəniz nədir?


Azərbaycan özünün ən mühüm tarixi dövrlərindən birini yaşayır. Bu gün hamı, ruhanilər, ziyalılar, fəhlələr, məmurlar, tələbələr, bir sözlə doğrudan da xalqının gələcəyi üçün yanan insanlar, əl-ələ verib ölkəni qurmalıdırlar. Allahla düşmənçilik edən, ölkəni gəlir mənbəyinə çevirən bir ovuc adamın qara-qışqırığına baxmayaraq əl-ələ verək. Övladlarımızın təhsilinə çox ciddi yanaşmalıyıq. Elə etməyək ki, gələcək nəsil bizi nifrətlə xatırlasın. Allah qabağında isə üzüqara olaq. İmam Hüseynin sözünü xatırlayaq ki, əgər dininiz yoxsa azad insan olun. Bir az ayrı dillə desəm, əgər bu gün Danko kimi ürəyimizi məşəl edib ətrafımızı nura boyamasaq sabah o zülmətdə övladlarımızın çarəsiz nalələri qulağımızı dələcək.
Source : hicab
Comment