0
Monday 27 February 2012 - 18:56

Jurnalistlər haqq-ədalət carçılarıdır

Story Code : 141314
Jurnalistlər haqq-ədalət carçılarıdır
Jurnalistlər haqq-ədalət carçılarıdır
Əyalətlərdə medianın vəziyyəti xeyli ağırdır. Bir tərəfdən oxucu qıtlığı, bir tərəfdən maddi çətinlik, bir başqa tərəfdən də yerli məmurların belə mətbuat orqanlarına qarşı aqressiv münasibət bəsləməsi vəziyyəti çətinə salır. Amma buna baxmayaraq, yeni-yeni xəbər portalları və saytlar yaradılır və fəaliyyət göstərirlər. Onlardan biri də “XalqXəbər” İnformasiya Agentliyi yəni “xalqxeber.com” saytıdır. Xeber44.com saytı olaraq yeni yaranmış portalın rəhbəri Peyman Sadıqov ilə söhbət etdik.

-Peyman müəllim, “XalqXəbər” İnformasiya Agentliyini yaratmaqda məqsədiniz və qarşınıza qoyduğunuz öhdəliklər nələrdən ibarətdir?

- Bildirim ki, “xalqxeber.com” saytı təşəbbüsümlə yaradılıb və oxucuların istifadəsinə verilib. Saytı yaratmaqda məqsədim tam müstəqil informasiya siyasəti həyata keçirməkdir və Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərləri oxuculara çatdırmaqdır. Bundan basqa, Agentlikdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırmaqdır. Agentlik siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bununla yanaşı, cəmiyyətdəki informasiya qıtlığını, bir çox insanların öz sözlərini və problemlərini müvafiq dövlət qurumlarına çatdırması üçün, habelə gənclərin ölkədəki fəaliyyətlərində aktiv olmalarını nəzərə alaraq agentliyin əsasını qoydum.
Təbii ki, bütün işləri təkbaşına həyata keçiməmişəm. Düzdür, işin maddi və mənəvi tərəflərinin bütün ağırlığı mənim üzərimdəydi və üzərimdədir. Amma texniki məsələlərdə sağ olsun dostlarım İlkin, Seymur, Ülfət, Röyal və Emin.

- Bakıda bir media orqanını işlətməyin kifayət qədər çətin olduğu bir zamanda əyalətdə sayt işlətməyin nə kimi çətinlikləri var?

- Təbii ki, media bolluğu şəraitində fəaliyyət göstrmək çətindir. Rəqabət məsələsi bir çox hallarda dinamik və operativ olmağı tələb edir. Bu mənada təbii ki, hər bir media qurumunun çətinlikləri olduğu kimi, bizim də bir sıra çətinliklərimiz və məsuliyyətimiz var. Texniki personalın tam komplektləşdirilməməsi, əməkdaş sayımızın istədiyimiz səviyyədə olmaması, habelə maliyyə məsələsində aparıcı saytlarla rəqabət aparacaq gücdə olmamağımız işlərimizi çətinləşdirir. Ancaq bu heç də o demək deyil ki, bizi geri çəkilməliyik. Əksinə, mümkün imkanlarımızdan yararlanaraq, daha böyük auditoriya yaratmalıyıq və geniş oxucu kütləsinə sahib olmalıyıq.
Bundan kənarda hər hansı bir problemimiz yoxdur. Doğrusu, Şirvan şəhərində jurnalistika ilə məşğul olmağın heç bir çətinliyi yoxdur. Ən azından mən belə bir çətinliklə üzləşməmişəm. Çünki öz işini və hüquqlarını bilən və onları tələb edən birinə məncə, çətinlik yaradılmaz. Yaradılsa belə onu aradan qaldırmaq asandır.

- Əyalətdə çalışan jurnalistlər üçün təzyiq metodları və subyektləri nələr və kimlər olur daha çox?

- Etiraf edim ki, mən indiyə qədər Şirvan şəhərində hansısa jurnalistin informasiya toplaması və ya əldə etməsi zamanı təzyiqlə üzləşdiyini görməmişəm. Hətta buna maneçilik törədildiyinə də şahid olmamışam. Əksinə, bizim şəhərdə istənilən məlumatı əldə etmək elə də çətin məsələ deyil. Düşünürəm ki, hətta belə bir vəziyyət yaranmış olarsa, o zaman problem həmin media nümayəndəsinin qanunları yaxşı bilməməsində və hüquqlarını qorumaq üçün bazasının olmamasıdır. Nəzərdən qaçırmayaq ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
Əyalət jurnalistlərinin üzləşdiyi əsas problemlərə gəldikdə isə bu daha çox peşəkar jurnalistlərin azlığı ilə bağlıdır. Bəzən regionlarda fəaliyyət göstərən sayt və mətbuat orqanlarında jurnalistikaya aidiyyatı olmayan, hətta xəbər yaza bilməyən insanlar işə götürülür. Təbii ki, bu yanlış haldır. Amma nə etmək olar ki, əyalətlərdə peşəkar jurnalist çatışmazlığı var.

- Ancaq Şirvan bölgəsinin problemlərini işıqlandıracaqsınız, yoxsa digər bölgələr və paytaxtla bağlı informasiyalara da yer ayıracaqsınız?

- Yox. Adından məlum olduğu kimi, ölkənin bütün regionlarında baş verən hadisələri və xalqın üzləşdiyi problemləri işıqlandırmağı düşünürük. Əyalətlərimizdə yaşanan problemləri işıqlandırmaq, onula bağlı məlumat verməklə aradan qaldırılmasına nail olmağa çalışırıq. Onu da deyim ki, “xalqxeber.com-un” yeni yaranmasına baxmayaraq, ölkənin əyalət mediaları və xaricdə yaşayan həmvətənlərimizlə sıx əlaqə saxlayır və əməkdaşlıq edirik.

- Maddi imkanlarınız peşəkar bir media orqanını idarə etməyə imkan verirmi? Bu sahədə problemləriniz var?


- Tam olaraq, yaralı yerimə toxundunuz. Maddi imkanlarımız demək olar ki, aldığım əmək haqqıya bağlıdır. İşlədiyim yerdən aldığım əmək haqqının məbləğini isə demək istəmirəm. Çünki ali təhsilli bir gəncin aldığı maaşın həcmi gülüc doğuracaq bir həddədir. Kənardan da heç bir maddi dəstəyimiz yoxdur. Düşünürük ki, “xalqxeber.com” olaraq güclənib, böyük bir auditoriyaya sahib olaq və bunun ardından da aldığımız reklamlarla saytımızın fəaliyyətini gücləndirək. Maddi çətinliklər üzündən “XalqXəbər” informasiya agentliyinə ofis də götürə bilməmişik. Amma buna baxmayaraq, KİV-ə maksimum səviyyədə xeyr verəcək layihələrimiz var. Ümid edirik ki, əlimizə maddi imkanlar düşdükcə onları həyata keçirməyə başlayacağıq.

- Əmək haqqınızın nə qədər olmasını sirr olaraq saxlayırsız. Maraqlıdır. Burada sirr olan nə var ki?

- Əmək haqqım barədə danışmaq belə istəmirəm. Çalışırıq ki, bizimlə çalışan həmkarlarımız da ali təhsilli, işsizlikdən şikayət edən savadlı gənclər olsun. Əks halda bu aldığımız diploma və vətənə haqsızlıq olardı! Çünki cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq.

- Media ilə bağlı dövlət orqanlarına və QHT-lərə dəstək üçün müraciət etməyi düşünürsünüz?


- Hələlik rəsmi şəkildə heç bir dövlət orqanına və ya QHT-lərə informasiya dəstəyi ilə bağlı müraciət etməmişik. Amma dostluq etdiyimiz və tanıdığımız bəzi saytlara dəstək vermələri üçün müraciət etmişik. Sağ olsunlar ki, xahişimizi yerə salmayıblar.

- Peyman müəllim, siyasi mənsubiyyətiniz varmı?

- Heç bir siyasi mənsubiyyətim yoxdur. Mən və saytımızın əməkdaşları müstəqil fikir və düşüncəyə sahibik. Düzü düz, əyrini isə əyri deyirik. Bu bizim əsas prinsipimizdir. Çünki jurnalistlər haqq-ədalət carçılarıdır.

- XalqXəbər informasiya agentliyini yaradarkən özbaşına məmurlar tərəfindən təzyiqlərə məruz qalacağınızı düşündünüzmü? Həmçinin belə hallarla necə mübarizə aparacaqsınız?


- Təbii ki, düşündük. Hər nə qədər olsa da, əyalətlərdə yaşanan bəzi sıxıntıları yaxşı bilirik. Sizcə qəhramanlar, şəhidlər ölərkən sonunu düşündümü? Xeyr! Çünki, onlar bilirdilər ki Vətən, Xalq və Millət uğrunda ölürlər! Mən və həmkarlarım doğru olan, qanunu işlər görürük. Həmçinin biz Xalq və Dövlətçiliyimiz üçün çalışırıq.
Hər zamanda Dövlətə və Dövlətçiliyə xidmət edəcəyik !
Source : bia.az
Comment