0
Sunday 15 April 2012 - 14:38

Cəmiyyətdəki fəallaşma zülmün ərşə dirənməsiylə bağlıdır

Story Code : 153471
Cəmiyyətdəki fəallaşma zülmün ərşə dirənməsiylə bağlıdır
Cəmiyyətdəki fəallaşma zülmün ərşə dirənməsiylə bağlıdır
“Azadlıq”ın bu dəfəki müsahibi Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevdir. Onunla müsahibəmizə Ictimai Palatanın aprelin 8-də keçirdiyi aksiyaya münasibətini öyrənməklə başladıq.

- Insanlar hazırkı siyasi qurluşdan, hakimiyyətdən narazıdırlar, təngə gəliblər. Bu onunla bağlıdır hələ heç kimə müyyəsər olmayıb ki, yazın gəlişini saxlaya bilsin. Indiki hakimiyyət çiçəkləyən ağacları kəsə bilər, amma gələn yazın qarşısını ala bilməz. Aprelin 8-dəki aksiya o baxımdan əhəmiyyətlidir ki, mitinqdə əsasən gənclər iştirak edirdi. Gənclər artıq təngə gəliblər. Dünyada siyasi elitaya etiraz olan ölkələrin əksəriyyətinin nüvəsində gənclər dayanır.
Bu gün artıq hamıya məlumdur ki, bu hakimiyyət özünü doğrultmadı. Bu hakimiyyət çətinliklə qazanılan müstəqilliyi qorumaq əvəzinə tamam başqa addımlar ataraq, siyasi kurs seçdi. Bu hakimiyyət heç bir- nə ordu quruculuğu, nə səhiyyə, nə maarifçilik sahəsində özünü doğrultmadı. Ən əsası isə Azərbaycanda demokratik islahatlar getmədi. Islahatlar adı altında onun deklorativ görüntüsü yarandı. Başa düşmədilər ki, siyasətin, elmin ən ali məqsədi insanların maddi rifahını yüksəltməkdir. Hakimiyyətin yüksək iqtisadi inkişaf templərindən danışmasına baxmayaraq, insanların maddi rifahının vəziyyəti acınacaqlıdır. Milli-mənəvi dəyərlər sisteminin sözün əsl-mənasında faciə astanasında olduğunu da görmək mümkündür.

Biz də çiynimizi verməliyik bu ağır yükün altına

- Yaranmış situasiyada sizin ziyalılara çağrışınız nədən ibarətdir? Ictimai Palatanın son aksiyasında Ziyalılar Forumundan tanınmış ziyalılar Rüstəm Ibrahimbəyov, Eldar Namazov iştirak edirdi. Növbəti aksiyalara Azərbaycan Ziyalılar Hərəkatı olaraq siz və təşkilatınızda təmsil olunan şəxslər qatılacaqmı?

- Çox təəssüf ki, bir neçə on ildir ki, Azərbaycan insanını o vəziyyətə salıblar ki, o haqqını-hüququnu tələb etmir. Artıq bu günki canlanma prosesi göstərir ki, adi həyatda ayağı tapdananda, hüququ tapdanandan daha bərk qışqıran vətəndaş dərk edir ki, yox artıq hüquqlarının müdafiəsinə qalxmaq vaxtıdır. Ziyalı həmişə öz sözün deyib və yenə də deyəcək. Düşünürəm ki, ziyalı cəmiyyətdəki bu canlanmanın qarşısında olmalıdır. Bu gün həqiqətən də cəmiyyətdə bir canlanma var. Bu, hiss olunur. Əgər ziyalı xalqın vicdan, ləyaqət simvolu saylırsa, millətin talehyüklü məsələlərinin önündə olmalıdır. Ziyalı bu proseslərin izləyicisi yox, onu analiz edərək, düz yola yönəldən olmalıdır. Bu gün artıq hamıya məlumdur ki, ziyalı təkcə işıq, nur demək deyil. Ziyalı həm də həmin işığın fəaliyyəti ilə məşğul olmalıdır. Mənim aləmimdə ağır durumlarda ziyalı fəaliyyət göstərməldidir. Bu baxımdan Ziyalılar Forumu yarandı. On beş il bundan əvvəl siyasi aktivlik nümayiş etdirməyən tanınmış ziyalımız Rafiq Əliyev vicdanının səsi ilə qabağa düşərək millətinə yol göstərir. Məhz bu cür ziyalılardan gedir söhbət. Bizim təşkilat hakimiyyətə qarşı etirazın bilindiyi aksiyalarda iştirak etmişik və bundan sonra da iştirak edəcəyik. Ictimai Palatanın keçirdiyi ümumxalq aksiyaları yalnız AXCP-nin, Müsavatın yükü deyil ki, yalnız öz çiyinlərində çəksinlər. Bu təşkilat Azərbaycan xalqının problemini çözməyə çalışır. Ona görə də biz də öz çiynimizi verməliyik bu ağır yükün altına.

Bu siyasətin sonu yoxdur

- Hakimiyyət bu gün zyialı sözünün qarşısının alınması üçün bu təbəqəni sıxışdırmağa çalışır. Rüstəm Ibrahimbəyovun əmlakı dağıdılır, Rafiq Əliyev işdən çıxarılır, bir başqası qorxudulur, şantaj edilir. Ziyalılara bu cür yanaşmanı necə qiymətləndirmək olar?

- Bu siyasətin əvvəli olmadığı kimi sonu da yoxdur. Çirkin siyasi texnalogiyalarla işləmək, haqqı deyən şəxsləri həbsə atmaq bu iqtidarın xüsusiyyətidir. Son həbs olunan islamçıların günahı nə idi? Və ya Ictimai Palatanın aksiyasına çıxan gənclərin və digər siyasi fəalların suçu nə idi? Heç zaman boks meydançasına eynəklə çıxaraq döyüşmürlər. Bu hakimiyyət o iddiadadır. Bu siyasətin sonu yoxdur. Yer üzündə özünü hirsindən öldürən bircə varlıq var. O da əqrəbdir. Bu canlı o qədər qəzəblənir ki, sonda quyruğu ilə başını sancır və özünü öldürür. Bu hakimiyyət onunla məşğuldur. Qazanılan müstəqillik yalnız bu iqtidara mənsub deyil. Müstəqillik ilk növbədə xalqın mənəvi mülkiyyətidir. Heç bir ailəyə, klana icazə verilməyib ki, bu mülkiyyəti mənimsəsin. Buna həmişə qarşı çıxılıb və çıxılacaq da. Düşünürəm ki, sonda haqq öz yolunu tutaraq qalib gələcək. Hələ dünya yaranandan elə olmayıb ki, əbədi qaranlıq olsun. Yolun sonunda qələbə həmişə var. Ziyalıların da bu qələbədə hökman payı olacaq. Çünki ziyalılar hakimiyyətə gəlmək barədə heç bir iddiası olmadan, yalnız bu xalqın ləyaqət simvolu olmaq üçün fəaliyyət göstərir.
Söhbət əsl ziyalıdan gedir. Bu sözlər qanı bu xalqdan olan, millətin dərdini bölüşən ziyalılara aiddir.

Hakimiyyət özünəvurğunluq xəstəliyinə tutulub

- Siz ölkədəki siyasi məhbus probleminin mövcudluğuna toxundunuz. Hakimiyyətin əlində “Eurovision” yarışması ərəfəsində belə bir fürsət olsa da, bundan istifadə etmədi. Hakimiyyətə həm yerli, həm də beynəlxalq təzyiqlərin artmasına baxmayaraq iqtidar siyasi məhbusları azadlığa buraxmaq niyyətində deyil. Bu nəyin görsənişidir?

- Bu siyasi özbaşnalıqdır. Digər tərəfdən “Eurovision” yarışmasına yanaşma da yanlışdır. Deməli, mayda keçiriləcək bu yarışma Şuşa və Laçının işğalı ayında baş verəcək. Mənim atam Şuşadan anam Laçındandır. Ümumiyyətlə, mən bu yarışmanı qəbul etmirəm. Düşünürəm ki, bu yarışma Azərbaycana baş ucalığı gətirməyəcək. Ictimai Palatanın fəallarının, islamçıların həbsi onu göstərir ki, Azərbaycanda özbaşnalıqdır və siyasi hakimiyyət repressiv üsullarla işləməyə üstünlük verir. Bir çox hallarda beynəlxalq təşkilatların tələblərinə də hakimiyyət etinasız yanaşır.
Xalqı, beynəlxalq təşkilatları saymamaq, mənəviyyatı aşınmaya uğratmaq sadəcə qudurğanlıqdır.
- “Eurovision”a böyük vəsait xərclənir. Amma hakimiyyət sadə vətəndaşın sovet dövründən qalma əmanətlərini qaytarmağa xəsislik edir. Sulutəpədə və paytaxtın başqa yerlərində insanların mülkiyyəti əlindən alınaraq, heç bir kompensasiya verilmir, əvəzində Azərbaycanın neft pulları hesabına Gürcüstanda 40 milyonluq stadion inşa edilir.

- Dünyanın heç bir ölkəsində “Eurovision” yarışamsına xərclənən məbləğ 70 milyonu keçməyib. Amma Azərbaycanda bu göstərici artıq milyard dolları keçib. Bu o deməkdir ki, siyasi elita özünəvurğunluq xəstəliyinə tutulub. Təki desinlər Bakının gözəl küçələri var və sair. Insanın əsas başlıca hüququ mülkiyyət toxunulmazlığıdır. Çingiz Qənizadə mətbuata açıqlamasında bildirir ki, vətəndaşların mülkiyyət hüquqları pozulmur, yalan sözdür. Yalançı sən özünsən. Minlərlə insanın evi başına uçurdulur və əvəzində qəpik-quruş verilir. Bütün bunları sözlərini ölçüb-biçən şəxsləri də hövsələdən çıxardır. Onlar da radikalaşır. Necə olur ki, ölkədə radikal müxalifət olur. Amma ölkəsinə qənim kəsilmiş radikal iqtidardan heç nə deyilmir. Hətta bu baxımdan hesab edirəm ki, ziyalılar da radikallaşmalıdırlar.

Əli Əhmədov çoxdan köhnəlib

- Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, müxalifət liderləri artıq bir postda 20 ildən çox oturduqlarına görə köhnəliblər. Amma nədənsə 20 ildən artıq bir postu tutan yüksək çinli məmurlar barədə eyni sözlər deyilmir?


- Əli Əhmədovun fikrinə mən heç zaman ciddi yanaşmamışam. Baxmayaraq ki, o, çox ciddi sifətlə danışır. Amma mənim yadıma Əli Əhmədov danışdıqca Baron Minhauzenin sözü düşür. “Gülümsüyün cənablar, bilmirsiniz ki, dünyanın bütün səfeh işləri ciddi üz ifadəsi ilə həyata keçirilir”. Tutalım Əli Əhmdəov haqlıdır və müxalifət liderləri köhnəlib. O zaman Əli Əhmədov çoxan köhnəlib və xarab olub.
Bizim gözlərimizin önündə əvvəllər bəzi nazirlər əgər zəli funksiyasını daşıyırdılarsa, indi gənəyə çevriliblər.
Qoy bu iqtidardakılar nəsə söz deməmişdən əvvəl özlərinə baxsınlar, sonra öz adlarını başqasına qoysunlar.

- Hakimiyyətin ittihamları bununla bitmir. Ictimai Palatanın 8 aprel aksiyasından sonra hakimiyyətin nəzarətində olan telekanalların birində aksiyada iştirak edənlərə sayla yox, çəki ilə qiymət verildi. Adını belə çəkmək istəmədiymiz kanalın vətəndaşlarımıza qarşı bu cür bəyanatlar səsləndirməsi nəyin görsənişidir?

- Bu cür yanaşma həmin kanalın əsl simasını, fəlsəfəsini göstərir. Bu kanal yalnız şampun iyi verməklə məşğuldur. Onlar düşünürlər ki, şampun yalnız təmizlikdən xəbər verir. Amma bu kanal şampunun başqa funksiyalarından da istifadə edir. Bu kanallar hakimiyyətin dubinkasıdır. Bu dubinka həm təmiz olmayan əldədir, həm də heç nəyi nəzərə almır.

Azərbaycana da “ərəb bahar”ı gəlir

- Azərbaycanın müxtəlif bölgələrində vəziyyət gərginləşməkdədir. Quba hadisələrindən sonra vətəndaşların öz haqları uğrunda mübarizəsi daha da kəskinləşib. Azərbaycanın qaynayan qazanı xatırlatması nəyin siqanalıdır. Bu fəallaşma zülümün ərşə dirənməsidir, yoxsa baş verənlər dünyadakı demokratikləşmə dalğası ilə bağlıdır?

- Baş verənlər ilk növbədə ərşə dirənən zülmlə, haqsızlıqlarla bağlıdır. Quranda da var. Zülmə qarşı mübarizə aparmayanın yeri cəhənəmdir. Insanlar öz haqlarına görə mübarizə aparırlar. Azərbaycandakı proseslər qaynayan qazandan daha çox, baharın gəlməsindən xəbər verir. Bu oyanışın qarşısında Tanrıdan başqa heç kim dayana bilməz. Indiki oyanış Tanrının öz izni ilə baş verir. Hakimiyyət bunu görmürsə, eşitmirsə, deməli, kar və kordur.

- Insanların yerlərdə narazı olduğu icra başçıları işdən birdəfəlik azad olunmaq əvəzinə, digər rayonun keçmiş rəhbəri ilə dəyişdirilir. Belə bir yerdəyişmə bir neçə gün əvvəl də baş verdi. Bu tip idarəçiliyə nə ad vermək olar?

- Bununla narazılığı yox etmək yox, bir qədər də artırmaq olar. Ictimai rəy bu hakimiyyət üçün mövcud deyil. Xalqın mənafeyi bu iqtidar üçün əhəmiyyət daşımır. Icra başçılarının əksəriyyəti demək olar ki, intilektdən məhrum olan və hakimiyyətin “siyasi kursunu” davam etdirir. Bu xalqı əz və incit- budur bu insanların prinsipi. Əsas odur ki, rayonda bir park tikilsin və orda gedib heykələ baş əysinlər. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Başçılar əsasən xalqını, vətənini sevməyən insanlardan seçilir. Bu, xalqın qazandığı dövlətçiliyə zərbədir.
Source : Azadliq info
Comment