0
Thursday 26 July 2012 - 19:49

Qadağalarla Stalin dövrünə qayıtmışıq…

Story Code : 182448
“Qadağalarla Stalin dövrünə qayıtmışıq…
“Qadağalarla Stalin dövrünə qayıtmışıq…
“Ölkənin din siyasəti əski kommunistlərə – ateist məmurlara həvalə edildi”

Ölkədəki dini durum həmişə ən həssas və mürəkkəb mövzu olub. Bu duruma tənqidi yanaşanlar az deyil; onlar müxtəlif dəlillər gətirirlər, faktlar söyləyirlər. Hakimiyyət tərəf isə tənqidlərlə razılaşmır. Bir tərəfdən dinin dövlətdən ayrı olduğunu əsas gətirən rəsmilər sərt suallardan yayınmağa çalışır, o biri tərəfdən isə dinə, inanclı insanlara dövlətin diqqətindən, ölkədəki dini azadlıqlardan danışırlar, hakimiyyətin din siysətini təqdir edirlər. Bu siyasəti həyata keçirən qurumun – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri dəyişəndən sonra dini dairələrdə dəyişmələrə ümidlər yaranmışdı. Ümumiyyətlə, durum necədir və proseslər hara gedir, haraya qədər gedəcək?


Tanınmış ilahiyyatçı alim, fəlsəfə doktoru Hacı Elşən Mustafaoğlu bu məsələlərlə bağlı “Bizim Yol”a müsahibə verib.

- Hacı, Siz din azadlığını insan haqları güzgüsündə araşdırırsınız. Azərbaycanda dini azadlıqlarla bağlı durum necədir?


-Durum ağırdır. Bu sahədə son 20 ildə ən böhranlı vəziyyət yaranıb.
- Amma Azərbaycan müstəqil olan kimi qəbul etdiyi ilk qanunlardan biri “Dini etiqad azadlığı haqqında” qanun olub…
- Bəli, SSRİ dağılan kimi dinin ictimai-siyasi həyatdakı rolu yeni mərhələyə keçdi. Biu səbəbdən, ilk qanunlardan biri dinə aid oldu. Amma 1992-ci ildə tələm-tələsik bir qanun qəbul edilsə də, əsas məsələ – köklü islahatlar reallaşmadı. Üstəlik də sonralar bu qanun subyektiv mülahizələrə, maraqlara görə dəfələrlə dəyişikliklərə məruz qaldı. Sovet dönəminin sonunda və müstəqilliyin ilk illərində məscidlər açılırdı, yüzlərlə yeni məscid tikildi, mədrəsələr, dini kurslar yaradıldı. Sonrakı illərdə isə bunlar qapadıldı və biz hətta Stalin dövründən bu yana baş verməyən məscid sökülməsi kimi acınacaqlı halların şahidi olduq. Dinin, vicdan azadlığının hüdudları genişlənmədi, əksinə daraldı.

- Səbəb nə idi? Kim etdi bunu?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandı ki, dövlətin din siyasətini həyata keçirsin. Bura, eləcə də, başqa müvafiq qurumlara rəhbərlik əski kommunistlərə – ateist məmurlara tapşırıldı. Din onu onillərlə təqib etmiş zümrəyə etibar edildi. Bütün başqa sahələrdəki kimi burda da məmur qanuna qalib gəldi. “Dini etiqad azadlığı” inanclı insanlar üçün “Dini etiqad məhdudiyyətinə” çevrildi. Azərbaycan Konstitusiyası din və vicdan azadlığını tanıyır və bütün digər qanunlarımız da Konstitusiyanın tələblərinə cavab verməlidir. Lakin son illər qanunlara edilən düzəlişlər nəticəsində din və vicdan azadlıqları ciddi şəkildə məhdudiyyətlərə çevrilib. Milli-mənəvi dəyərlərimizin ayrılmaz atributlarından olan baş örtüyünə qarşı ögey münasibət sərgilənməkdədir. ABŞ, Avropa dövlətləri, hətta Rusiyadan fərqli olaraq, Azərbaycanda 20 ilə yaxındır hicablı xanımlar başörtüyü ilə şəxsiyyət vəsiqəsi və ümummilli pasport ala bilmirlər. Onlardan başıaçıq şəkil təqdim etmələri tələb olunur.Dövlət müəssisələrinin bir çoxunda hicablıların işləməsi üçün qeyri-formal qadağa hökm sürür. Artıq iki ilə yaxındır, hicablı şagirdlər məktəbə buraxılmır. “Vahid forma” bəhanəsi ilə inanclı məktəbli qızların təhsil hüququ pozulub. Amerikada, Avropa ölkələrində, hətta Rusiyada hicablı şagirdlər sərbəst məktəbə gedirlər, amma bizdə yox.
- Amma Fransa kimi klassik demokratiyada da bu yasaq var axı…
- Fransada yalnız dövlət məktəblərində belə bir qadağa, həqiqətən də son illər qəbul edilib. Fransanın da insan haqları qurumları bu qadağanı kəskin şəkildə pisləyirlər və Qərbin insan haqları baxışlarına zidd sayırlar. Amma Fransada məsələ tam fərqlidir. Orada bizdən fərqli olaraq, özəl təhsil geniş yayılıb, hər kəs rahat şəkildə özəl məktəb aça bilər, o cümlədən də müsəlmanlar, inanclılar. Fransada çoxlu sayda özəl məktəblər fəaliyyət göstərir ki, hicablılar sərbəst gedib orda təhsil ala bilirlər. Bu, bir alternativdir ki, hicablılar təhsildən kənar qalmır, gedib özəl məktəblərdə sərbəst təhsil alır. Amma bizdə axı buna da imkan verilmir! Bizdə alternativ variant qalmır! Üstəlik, Fransanın mədəniyyəti üçün bu, bəlkə də normaldır, amma axı başörtüsü bizim mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Məktəbdə başörtülü Natəvanın böyük şəklini asıb, o Nətavanın nəvələrini baş örtüsü ilə o siniflərə buraxmamaq necə də xoşagəlməz haldır. Amma yenə də qeyd edək ki, Fransa istisna haldır! Amerikada, Britaniyada, Almaniyada, Hollandiyada, Skandinaviya ölkələrində, bir sözlə, Qərbdə hicablı şagirdlər hamı kimi dövlət məktəblərində sərbəst təhsil alır! Bizdə bu yoxdur. Tək bu da deyil, yasaqlar ard-arda gəldi. 2009-cu ilin mayında Azərbaycandan kənarda dini təhsil alanlara dini mərasimləri idarə etmək yasaqlanıb. Beləliklə, hətta QMİ sədri şeyxülislam Hacı Allahşükür Paşazadə və onun müavinləri də, İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də Azərbaycandan kənarda islam təhsili aldıqlarından daha ölkəmizdə dini mərasimləri idarə edə bilməzlər! Dünyanın ikinci ölkəsini göstərmək olarmı ki, belə bir qadağa mövcud olsun? Elə bir dövlət varmı ki, orada rəsmən din sahəsinə rəhbərlik edən şəxsin dini mərasim aparması qanunla qadağan hesab edilsin? 12 dekabr 2011-ci ildə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dini fəaliyyətlə bağlı düzəlişlər qüvvəyə mindi və dini fəaliyyətə görə sərt cəza tədbirləri nəzərdə tutur. Bu düzəlişlərə görə, bundan sonra dini ədəbiyyat və ya dini məzmunlu əşyalar, materiallar xüsusi icazə olmadan satılarsa, cinayət hesab ediləcək. Dünyanın harasında təsbeh və ya “Quran”, “İncil” satan cinayətkar elan edilir? Qanunda dinə qarşı belə aqressiv münasibət hətta SSRİ zamanı da müşahidə olunmayıb.

- Yasaqlardan danışırıqsa, Qafqaz Müsəlmanları İdarəsinin vahid xütbə ilə bağlı fitvasına necə baxırsınız?

- Qanunvericilikdə nəzərdə tutulmayan bu kimi hallar inanclı vətəndaşların din və vicdan azadlığını məhdudlaşdırır. Üstəlik, din aliminin insanlara etdiyi vəz, oxuduğu xütbə və moizələr mənəvi bir hadisədir. Məqsəd insanların dini biliklərinin, məlumatların artırılması vasitəsilə onların mənəvi tərbiyəsinə, mənəvi zənginliyinə nail olmaqdır. Bu işlər deklarativ, yaxud inzibati vasitələrlə deyil, insanın elmi və mənəviyyatı ilə, düşüncə və qəlbi ilə həyata keçirilir. Din aliminin bu sərbəstliyini pozub, ona “bunu danış, bunu de” tapşırığı verməklə, sözügedən ülvi məqsədləri kənara atmış olarıq. Belə çıxır ki, bu məsələdə də qayıdırıq Stalin dövrünə. Sovetlərin bir dönəmində Mərkəzi Komitənin xüsusi tapşırıqları ilə “din xadimlərinə” vəzlər, xütbələr oxutdururdular. Lakin hələ o zamanlar belə bu, davamlı ola bilmədi. İndiki bu qərarın da praktikada gerçəkləşəcəyini düşünmürəm. Vaiz, xətib, alim diktor deyil ki, yazı yazıb əlinə verəsən, o da üzündən oxuya. Onda elə bir radioqovşaq yaradıb, məscidlərə radiolar qoyaq, QMİ-də bir nəfər diktor otuzduraq, mətni üzündən oxusun, məscid əhli də dinləsin. Din-mənəviyyat məsələsinə belə münasibət bəsləmək olmaz axı! Hesab edirəm ki, din aliminin fəaliyyətini məhdudlaşdırmaqdansa, din sahəsində güvənilən, təqvalı, gözəl biliyə malik, parlaq natiqliyi olan, insanların qəlbini öz mənəvi gözəlliyi ilə, moizələri ilə fəth etməyi bacaran kadrlar yetişdirmək haqda düşünmək lazımdır.
- Kadrlar demişkən. Bax, indi Dini Qurumlar Üzrə Dövlət Komitəsinə yeni adam – Elşad İsgəndərov sədr təyin edilib. O, gəncdir, əski kommunist deyil…
- Elşad İsgəndərovun DQİDK-ya sədr təyin edilməsi təqdirəlayiq haldır və ümidverici görünür. Ümid edək ki, Sovet nomenklaturasının qalıqları olan bu şəxslər də tezliklə tutduqları vəzifədən gedəcəklər və müstəqil Azərbaycanımızda dövlət-din münasibətləri ilə azad, demokratik, sağlam düşüncəyə malik insanlar məşğul olacaqlar. Elşad İsgəndərovun təyinatını bir başlanğıc kimi də dəyərləndirmək olar.
- Amma DQİDK da bu fitvanı dəstəkləyib. Hətta Elşad İsgəndərov deyib ki, müxtəlif məscidlərdə fərqli fikirlər olmamalıdır…
- Bilirsinizmi, ümumilikdə hər bir məsələyə münasibətdə fikirlər, münasibətlər fərqli ola bilər. Biz ümumilikdə hesab edirik ki, Elşad müəllimin bu quruma rəhbərliyi bir çox neqativ halların aradan qalxmasına, problemlərin həllinə xidmət edəcək. Amma əlbəttə, bu o demək deyil ki bütün məsələlərdə yanaşmalar, fikirlər üst-üstə düşəcək. Hər halda, DQİDK bir dövlət qurumudur və hakimiyyətin din siyasətini həyata keçirir. Sözügedən halda bu ideyanın müəllifi də Elşad müəllim deyil, bu, başqa dairələrdən gələn bir qərardır ki, hesab edirəm, Elşad müəllimin özü də qəlbən onu qəbul edə bilməz. Axı bir dindar kimi ona da maraqlı olmazdı ki, məscidə moizə dinləməyə gedəndə orda oturub əvvəlcədən hazırlanmış şablon bir mətnə qulaq assın. Ondansa o mətni adam özü götrüb oxuyar.

- Hətta Elşad İsgəndərovun da qəlbən razılaşmadığı qərar hansı dairələrdən gələn qərardır? Ad çəkə bilərsinizmi?

- Hansı instansiyadan gəlməsinin fərqinə varmadan belə deyək – bu, təəssüflər olsun ki, hakimiyyətin dinə, dini mühitə, dindarlara, din alimlərinə olan etimadsızlığından, güvəncsizliyindən, yad münasibətindən irəli gəlir. Əfsuslar olsun ki, hələ də həmin dairələrdə dinə kommunist əqidəsilə, bolşevik ruhu ilə yanaşan şəxslər var. Bu, bir stereotipdir ki, hələ də cəmiyyətimiz bir yandan, həmin dairələr bir yandan, dini mühit də bir yandan ondan qurtula bilməyib. 70 illik kommunist – ateist təfəkkürünün acı fəsadlarıdır.

Tural/bizimyol
Source : Bizimyol
Comment