0
Thursday 15 July 2010 - 14:19

DÜNƏN ŞEŞ, BU GÜN BEŞ

Story Code : 31142
DÜNƏN ŞEŞ, BU GÜN BEŞ
“Azadlıq” blokunun fəaliyyətinə iki yolla xitam vermək mümkündür. Bloka daxil olan partiyaların sədrlər şurasının qərarı və digəri də bloka üzv olan partiyaların ayrılıqda qəbul etdikləri qərarlarla. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) bəyanat verərək blokdakı fəaliyyətlərini dayandırdıqlarını bildiriblər – bu sözləri AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı “Azadlıq” blokunun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar açıqlamasında FaktXeber.com-a bildirdi: “Bu qərar nəticəsində “Azadlıq” bokunun fəaliyyətinə xitam verilib. Onlar mətbuata açıqlama veriblər ki, AXCP sədrinin müavini Nurəddin Məmmədlinin, AXCP Rəyasət Heyətinin seçki öncəsi AXCP-Müsavat seçki blokunu yaradılması istiqamətində danışıqların başlanmasına verdiyi qərarın, açıqlaması olub. Nəzərinizə çatdırım ki, bu məlumat qeyri-dəqiqdir. Nurəddin Məmmədli özü də mətbuatda qərarın qeyri-dəqiq olduğunu açıqlayıb. Lakin adı çəkilən partiyalar bu məlumatı əsas tutaraq, blokun fəaliyyətinə xitam vermək haqqında qərar veriblər”.

AXCP-Müsavat arasında yaradılmaqda olan seçki bloku istiqamətində hansı addımlar atılıb – sualına F.Qəhrəmanlı belə cavab verdi: “Artıq Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslərlə görüşlərimiz olub. Eyni zamanda partiya sədrləri görüşüblər. Müzakirələr gedir, məsləhətləşmələr var, müxtəlif fikir mübadiləsi aparılır. Yəqin ki, yaxın günlərdə bu istiqamətdə işçi qrupu yaradılacaq və konkret işə başlanılacaq. Əsas odur ki, hər iki tərəfdə belə istək və niyyət var. İndi isə bu istəyi siyasi qərara çevirmək qalır. Ümid edirik ki, qısa zaman kəsiyində bu, gerçəkləşəcək”.

İndi seçki mərhələsində olduğumuz üçün ilk olaraq seçki bloku yaratmaq istəyirik. Ancaq Müsavat Partiyası Məclis başqanı Sülhəddin Əkbər tərəfindən belə bir təklif irəli sürülüb ki, Strateji Əməkdaşlıq İttifaqı yaradılsın – deyə bildirən F.Qəhrəmanlı əlavə etdi: “Bu, təkcə seçki dövrü deyil, seçkidən sonrakı vaxtlarda da partiyaların konfederativ birliyini nəzərdə tutan mexanizmdir. Hesab edirik ki, indiki vaxtda, partiyaların konfederativ birliyinə zərurət yaranıb və biz bu fikri dəstəkləyirik. Ümid edirik ki, bu fikir tezliklə gerçəkləşəcək və ilk olaraq AXCP ilə Müsavatın yaratdığı yeni seçki bloku bu işin başlanğıcı olacaq”.

ALP və VİP “Azadlıq” blokunun dağılmasında biləvasitə Müsavat Partiyasını günahlandırır. Siz bu ittihamla nə qədər razısız – sualını cavablandıran F.Qəhrəmanlı dedi: “Biz “Azadlıq” bloku ilə yaxın siyasi tariximizdə çox şərəfli səhifələr yazmışıq. “Azadlıq” siyasi fəaliyyətini uğurla yerinə yetirən bir blokdur və bu, artıq siyasi fəaliyyətimizin bir parçasıdır. İndi isə blokun dağılmasında günahkar axtarmaqdansa, irəliyə baxmaq lazımdır. Qeyd edim ki, AXCP “Azadlıq” blokundan çıxıb belə bir addım atmayıb. Bu bloka daxil olan digər müttəfiqlərimiz blokdan çıxdıqları haqqında qərar verdikləri üçün blokun fəaliyyətinə xitam verilib. Blokun fəaliyyəti bitibsə, biz yeni şəraitə uyğun olaraq, atacağımız addımları müəyyənləşdirməliyik. Onu da diqqətinizə çatdırım ki, Lalə xanım özü hətta AXCP-Müsavat birliyinə xeyir-dua da verib”.

Əli Mövlud
Source : faktxeber
Comment