0
Wednesday 15 January 2014 - 00:46

Bəşər övladının ilk və son nümunəsi

Story Code : 341172
Bəşər övladının ilk və son nümunəsi
Bəşər övladının ilk və son nümunəsi
Peyğəmbərlik Allah-Təalanın aləmlərə rəhmətinin nəticəsidir. Və ilk insanın, bəşər övladının ilk nümunəsinin yer üzərinə Adəm Peyğəmbər simasında (ə) göndərilməsi Böyük Yaradan tərəfindən gələcək bəşəriyyətin nicatı üçün müjdələnmişdir. Bununla da biz bəşər tarixində hər bir peyğəmbərin doğum günlərinin adi hadisə olmadığı yəqininə çatırıq.
Sonuncu Peyğəmbərimiz Həzrət Muhəmməd (s) bəşəriyyətin sonuncu nicatı, Allahın sonuncu əhdi və Rəsuludur. Tarixi günlər şəksiz ki, tarixi hadisələrlə qiymətli, yadda qalandır. Əziz İslam Peyğəmbərinin doğum günü isə bəşəri mahiyyət və əhəmiyyət daşıdığından yadda saxlanması və ümumdünya miqyasında qeyd olunması insanlar üçün, xüsusən də müsəlman ümməti üçün olduqca önəmlidir. Cəmiyyət üçün hər bir şəxsin qiyməti və dəyəri onun hansı nəsildən, ailədən olması ilə, şəcərəsindən asılı olaraq ölçülürsə, deməli, dini mənsubiyyət və peyğəmbərimizin kim olması da dünyada tanınmağımız üçün həlledici faktorlardan, mənəvi göstəricilərdən biridir.
Şükürlər olsun ki, 1400 illik tarixi araşdırmalar təkrar-təkrar sübut etmişdir ki, Həzrət Peyğəmbərimiz (s) bütün bəşəriyyətə əxlaq, ədəb, nəzakət, rəhmət, ülfət, nəcib ünsiyyət, kəramət, elm və hikmət sahibliyi və saya bilmədiyimiz insani, ümumbəşəri keyfiyyətləri ilə nümunə olmağa qadir olmuş və olmaqdadır.
Sivilzasiyadan uzaq, savadsız, bədəvi bir xilqətin içərisindən çıxması Peyğəmbərin adi olmamasını sübüt edir və Allahın nizamından xəbər verir. Az bir dövr ərzində İslamı yaymaq, sivilzasiyanın yeni, tarixin şanlı dövrünü yaratmaq yalnız Böyük Yaradanın gücü ilə mümkün olmuşdur.
Mövcud həyatımızda hakim zümrənin İlahi nizamını əhəmiyyətsiz sayması cəmiyyətin siyasi, sosial, hüquqi, ideoloji, mədəni-mənəvi kodekslərə tabesizliyində təhrikedici sindromların, məcburi dözümsüzlük hallarının yaranmasına səbəb olur. Məhz belə fasadlı dövrlərdə İslam dəyərlərinə istinad, Peyğəmbərin dünyaya gəlişi tarixi gününə münasibət əhəmiyyət kəsb edən məsələdir.
Təbii ki, həmin tarixin tədqiqatlar nəticəsində iki müxtəlif günlərə təsadüf etməsi İslam alimi Ayətullah Xomeyninin təklifi ilə 1981-ci ildə vəhdət həftəsi kimi Peyğəmbərin(s) mövlud gününün 12-19 yanvar (rəbiul-əvvəl ayının 10-17-si) tarixində qeyd edilməsi bütün dünyada qəbul edilmişdir. 1989-cu ildə Türkiyə Diyanət Vəqfi bu təklifin məqsədəuyğun olması barədə qərar qəbul etmişdir. Hazırda bütün İslam dünyası bu əziz günləri bayram günü kimi qeyd edir.
Əziz Peyğəmbərimizin insanları həmişə təqvaya, imana çağırışı və həmin günlərdə müsəlmanların da öz növbəsində Allah Rəsulunu yad etməsi, Quranla ünsiyyəti, ibadət və itaətlə daha çox məşğul olmaları onların və bütün bəşəriyyətin nicata yetişməsinə, günahların bağışlanmasına, yer üzünün bəlalardan hifz olunmasına səbəb olar. Biz də Peyğəmbər ümməti olmağımızla şəksiz ki, mənəvi fəxarət keçirməli, bizim üçün bu əziz günləri yaddaqalan anlarla zənginləşdirməyə çalışmalıyıq.
Azərbaycan İslam Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli
Source : Islaminsesi
Related Stories
Comment