QR CodeQR Code

AİP-in sədr əvəzi: İcazə verilsə, bu mitinq izdihamlı olacaq...

Islaminsesi , 17 Nov 2014 16:01

İslamtimes - Meriyaya müraciət edən islamçılar mitinq keçirilməsinə "yox" cavabı aldı


Azərbaycan İslam Partiyası (AİP) mitinq keçirməsi üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət etmişdi. Amma islamçıların mitinqdə iştirak etməsinə "yox" cavabı verildi.

Belə ki, AİP həmişə olduğu kimi bu dəfə də mitinqlərdə etiraz etmək istəyinə nail ola bilmədi. Təbii ki, islamçılara mitinqlərdə iştirak etmək qadağası ölkə sferasında birmənalı qarşılanmadı.

Məsələ ilə bağlı Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov islamazeri.az-a bu barədə münasibət bildirib. AİP sədr əvəzi E.Manafov qeyd edib ki, artıq bununla neçənci dəfədir ki, ədalətsizlik edirlər:

“Bundan əvvələr də biz mitinq üçün dəfələrlə icazə istəmişik, verməyiblər. Sonda məhkəməyə müraciət etmişik ki, bizimlə niyə bu cür rəftar edilər? Niyə icazə vermirlər? Amma buna da əhəmiyyət vermədilər, yenə də xeyri olmadı. Digərlərinə icazə verirlər, bizə isə hər dəfə bir bəhanə gətirib icazə vermirlər”.

Hakimiyyətin bu münasibətindən çox narazıyıq

E.Manafov bildirib ki, mitinqə icazə verməmələrinin səbəbini bilmir. Cünki konkret bir səbəb kimi açıqlama vermirlər:

“Təbii ki, biz müxtəlif səbəbləri ehtimal olaraq özümüzdən deyə bilərik. Amma konkret səbəbi özləri bilirlər, bizə də demirlər. Zahirən, belə görünür ki, bunlar bizim mitinqə çıxmağımızı arzulamırlar. Yəqin, qorxurlar deyə, çox narahatdırlar. Amma heç bir məntiqə, heç bir qanuna sığmır ki, ölkənin vətəndaşları olaraq bizi etiraz etməyimizə imkan verməyələr. Biz bu günə kimi heç vaxt qanunsuzluq etməmişik. Ona görə də, hakimiyyətin bu münasibətindən çox narazıyıq və bununla bağlı bir sıra tədbirlər həyata keçirməyi planlaşdırırıq”.

E.Manafov bildirib ki, mitinqə getməmək üçün gətirilən səbəblər bəhanədan başqa bir deyil. Onun sözlərinə görə, bu bəhanələr eyni zamanda məntiqsiz və əsassızdır:

“Bizə həmişə yox cavabı verib bunun da üstünü bəhanələrlə ört-bastır etmək istəyirlər. Amma bizim etirazlarımız, tələblərimiz hələ də qüvvədədir. Ta o günə ki, etirazlarımız və tələblərimiz həyata keçəcəcək. Biz həmişə də məhkəmənin ədalətsiz qanununa etirazımızı bildirəcəyik. Torpaqlarımızın işğaldan azad olunması üçün etirazımızı bildiririk. Məhbusların azad olunmasını tələb edirik. Bütün bu tələblərimiz həyata keçmədiyindən biz həmişə etirazımızı bildirəcəyik. Təbii ki, mitinq çıxış yolu deyil, amma etirazın bir formasıdır. Biz də vətəndaş olaraq haqqımızı tələb edirik. Biz mitinq həvəskarı deyilik, yalnız etirazımızı bildirmək üçün bir araya toplaşırıq. Çünki etirazımızı bildirməyə başqa yol qoymayıblar. Bundan başqa necə bildirmək olar axı etirazı? Bu tərəfdən də bu qapını üzümüzə bağlayırlar ki, etiraz da etməyək. Haqsızlıq etməkləri ilə yanaşı heç olmasa bu haqsızlıqlarına qarşı etiraz bildirməyimizə də imkan vermirlər ”.

E.Manafov bildirib ki, bununla bağlı tədbirlər həyata keçirilir. Aidiyyəti orqanlara şikayətlər ediləcək:

“Biz də bu səbəbdən ölkə başçısına və daha yuxarı instansiyalara müraciət etmək istəyirik ki, bizə çıxış yolu göstərsinlər. Ölkə daxilindəki bütün islami təşlikatlara da əlaqələrimiz var. Yığışıb, məsləhət-məşvərət keçirmək lazımdır. Biz də sivil yol ilə istəyirik ki, etirazımızı bildirək. Bu etirazı etməyə çoxlu sayda islamçı insanlar da var. Yəni, əgər bizə mitinqdə iştirak etməyə icazə versələr, bu mitinq izdihamlı bir kütlənin dəstəyi ilə həyata keçəcək. Bəlkə də elə, onları qorxudan budur. Çünki, bizə gətirdikləri bəhanələrdən biri də bu idi ki, guya biz o qədər kütləni idarə edə bilmərik. Biz 10 min nəfərlik mitinq üçün icazə istəyəndə o vaxt bizə dedilər ki, siz bu qədər insanları idarə edə bilməzsiniz. Biz də onlara deyirdik ki, bəs biz də elə ona görə, sizdən icazə istəyirik ki, bizim təhlükəsizliyimizi təmin edəsiniz”.

AİP sədrinin əvəzi məhbəs həyatı yaşayan islamçılarla da bağlı ciddi addımlar atdıqlarını qeyd edib. Bildirib ki, onların da azadlıqları üçün əllərindən gələni əsirgəmirlər: “Həbsdə olan dindarlarla da bağlı nə lazımdırsa edirik. Bu gün Mövsüm Səmədovun məhkəməsində də biz haqqımız tələb etdik. Bizim məqsədimiz də təkcə islamçıların azadlığı deyil, həmçinin günahsız yerə tutulan siyasi məhbusların da azadlığını tələb etməkdir”.


Story Code: 420389

News Link :
https://www.islamtimes.org/az/interview/420389/aip-in-sədr-əvəzi-icazə-verilsə-bu-mitinq-izdihamlı-olacaq

Islam Times
  https://www.islamtimes.org