0
Tuesday 2 November 2010 - 18:36

ERMƏNİPƏRƏST SARKOZİ AZƏRBAYCANDAN NƏ İSTƏYƏCƏK?

Story Code : 42660
ERMƏNİPƏRƏST SARKOZİ AZƏRBAYCANDAN NƏ İSTƏYƏCƏK?
ERMƏNİPƏRƏST SARKOZİ AZƏRBAYCANDAN NƏ İSTƏYƏCƏK?
Xəbər verildiyi kimi yaxın günlərdə Fransa prezidenti Nikola Sarkozi Azərbaycana rəsmi səfər edəcək. Məlumatda bildirilir ki, səfər zamanı həmsədr ölkə kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu, Fransanı bu prosesdə təmsil edən Bernar Fasyenin fəaliyyəti danışıqlar zamanı müzakirə ediləcək məsələlərdən biri olacaq.
Xatırladaq ki, Sarkozi Azərbaycana ilk dəfə səfər edir və Azərbaycan-Fransa münasibətləri o qədər də yüksək səviyyəli deyil. Bunun əsas səbəblərindən biri kimi Parisdə olan böyük erməni diasporu hesab olunur. Mövzu ilə əlaqədar suallarımızı cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu FaktXeber.com-a bildirdi ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın maraqlarını əks etdirməyən mövqedən çıxış edir: “Fransa Azərbaycanın maraqlarına uyğun gəlməyən mövqe tutub. Sarkozi özü də açıq-aşkar Ermənistanın maraqlarını müdafiə edir. Bu səfərə gəldikdə, onun müsbət nəticələnməsinə inanmıram. Xatırladım ki, Fransa prezidenti o qədər də demokratik adam deyil. O, Türkiyənin Avropa Şurasına daxil olmasına etiraz edir və bir çox məsələlərdə yanlış mövqe tutub. Əgər səfər zamanı Azərbaycan hökuməti onun fikrini dəyişdirə bilsə, Minsk qrupunun həmsədr ölkələrindən biri olduğu üçün Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticə əldə etmək mümkündür. Amma hər şeyi gələcək göstərəcək”.
S.Cəlaloğlu Fransa-Ermənistan münasibətlərini belə şərh etdi: “Fransanın Ermənistanla möhkəm əlaqələri var. Bir səfərlə bu əlaqələr dağılacaqsa, əlaqə deyil. Minsk qrupunun həmsədri kimi Fransa həmişə ermənipərəst mövqe tutur. Dünyada yeganə ölkədir ki, orada qondarma Dağlıq Qarabağın Mədəniyyət Mərkəzi açılıb və həmişə erməniləri dəstəkləyiblər. Bu mənada səfərdən müsbət nəticə gözləmək reallıq deyil. Amma Azərbaycan hökumətinin bundan nə qədər istifadə edə biləcəyini deyə bilmərəm. Həm də indiki halda Fransanı güclə öz tərəfimizə çəkmək iqtidarında deyilik”.
Sarkozi Bakıya səfər edirsə, bu, bir tərəfdən Azərbaycan üçün müəyyən imkanlar deməkdir. Amma unutmaq lazım deyil ki, Fransa öz maraqları çərçivəsində Azərbaycanla münasibətlər qurur. Ona görə də Sarkozinin ölkəmizə səfəri Azərbaycan üçün yaxşı heç nə vəd etmir – S.Cəlaloğlu vurğuladı.
Əli Mövlud
Source : faktxeber
Comment