0
Saturday 27 December 2014 - 16:00

Vəhabilər Qazax rayonunda da aranı qatdılar – nəqşibəndi-vəhhabi qarşıdurması

Story Code : 428529
Vəhabilər Qazax rayonunda da aranı qatdılar – nəqşibəndi-vəhhabi qarşıdurması
Son illərə kimi ən tolerant bölgələrdən olan Qazaxda dini radikalların sayı sürətlə artıb, təriqətlərin bir-birinə dözümsüz yanaşması adi hala çevrilib. Rayonun ziyalı təbəqəsi bunun gündən-günə artan sosial problemlərdən qaynaqlandığını düşünür; ən adi məişət ehtiyaclarını ödəyə bilməyən ailələr yeganə yolu “Allaha üz tutmaq”da görür. Dinlə bağlı heç bir təsəvvürü olmayan ümidsiz insanların qəlbini ələ almaq o qədər də çətin deyil. Onlarla adamı öz təsirində saxlayan təriqət üzvləri gündən-günə artan güclərinə güvənib, hegemonluq eşqinə düşürlər. Rayonun Qori Müəllimlər Seminariyasının tarixi binası ilə üzbəüzdə yerləşən məsciddə, demək olar ki, hər gün dini mübahisələr olur, bu mübahisələr bəzən əlbəyaxa davaya çevrilir. Nəqşibəndilər niyə namazı Salahlıda qılır? Rayon məscidində, demək olar ki, ən nüfuzlu qruplaşma Türkiyənin İsmayıl Ağa camaatının təsiri altında olan dindarlardır. Onlar sufizmin Nəqşibəndi qoluna aid olduqlarını iddia edirlər. Nəqşibəndiliyi sufizmin digər qollarından ayıran əsas xüsusiyyət də onların siyasi hakimiyyətə iddialı olmasıdır. Bu təriqətin üzvləri digər sufilər kimi gündəlik məsələlərdə iştirakdan boyun qaçırmır, əksinə, öz fikirlərinin cəmiyyətə yeridilməsi uğrunda mübarizə aparırlar. Onların bir nömrəli düşməni Əbu-Bəkr məscidinin imamı Hacı Qəmətə biət edən sələfilərdir. Onlar “vəhhabilik” adını verdikləri sələf əqidəsini batil inanc, sələfilərin özlərini dindən çıxmış – mürtəd hesab edirlər. Mahmud Hüdayi, Cübbəli Əhməd kimi din adamlarına biət edən Qazax nəqşibəndiləri son aylarda məscid imamı qarşısında bir neçə dəfə tələb qoyublar: “Vəhhabiləri burdan qov”. Məscidin İlham adlı imamı isə tələbi rədd edib: “Bura Allahın evidir, mən heç kimi qova bilmərəm”. Mübahisədən sonra qarşı tərəf narazılıq edərək məscidi tərk edib. Son aylarda onlar namazlarını rayonun Daş Salahlı kəndində qılırlar. İmam sələfiləri niyə qoruyur? Bir neçə il əvvəl, hələ məscidin bundan əvvəlki imamı Mikayıl Əfəndinin vaxtında Türkiyədə təhsil alıb gələn dindarlar sələfilərin görüşünü zərərli hesab etmiş, onları məsciddən uzaqlaşdırmışdı. Ən maraqlı məqam isə ondadır ki, vəhhabi kimi qovulan dindarlar daha da radikallaşmış və məşhur Sumqayıt camaatının özəyini təşkil etmişdilər. Onların fikir babası isə rayonda xəvaric kimi tanınan, sonralar Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi Hacıbala adlı şəxsdir. Burdan belə qənaətə gəlmək olar ki, dövlətin məscidlərə imam təyin etdiyi adamlar qarşısında tələb qoyulur: Sələfilərlə ehtiyatlı davranmaq, onların incik düşüb xəvariclərə qoşulmasına imkan verməmək. Məscid imamının bütün məsələlərdə Qamətə biət edən kəsimlə hesablaşmağı bununla izah edilir. İddia: “Türkiyə yardımı kəsəcək!” Qazax məscidi hələ 1990-cı illərin əvvəllərində Türkiyənin dindar çevrələrinin təsiri altında olub. Yaxınlara kimi bura Türkiyədən müxtəlif dini kitablar, dərs ləvazimatları göndərilir, Qazağın dindar gəncləri qardaş ölkədəki dini kəsimin tikdirdiyi Ağdaş və Şəki mədrəsələrində təhsil alırdı. Türkiyəyə bağlı dindarlar baş verənlərdən sonra rayon məscidinə edilən maddi yardımın kəsiləcəyini gözləyir. Üzbəüzdəki Qori Müəllimlər Seminariyasının binası isə baş verənlərə səkit-səssiz tamaşa edir…
Source : Musavat
Comment