0
Monday 15 November 2010 - 00:02

DEMOKRATİK SAXTAKARLIQ

Story Code : 44140
DEMOKRATİK SAXTAKARLIQ
DEMOKRATİK SAXTAKARLIQ
“Milli Məclisdə qanunsuz, saxta yollarla təmsil olunan şəxslər heç vaxt xalqın maraqlarını ifadə edib, ona xidmət göstərməyəcəklər”
7 noyabr parlament seçkiləri bu gün ölkədə əsas müzakirə obyektinə çevrilib. Əvvəlki seçkilərin nəticələrilə razılaşmayan narazı kütlə bu dəfə də mövcud iqtidarın 17 illik hakimiyyəti dövründə topladığı səriştə və təcrübəsinin bir daha şahidi oldu. İqtidarın yenilməz "gücü", "qüdrət"i yenə də parlamentin qeyri-sivil yolla hakim partiyanın nümayəndələri tərəfindən zəbt olunmasına gətirib çıxartdı. Buna qarşı, yəni həm paytaxtda, həm də yerlərdə hakimiyyətin namizədləri istisna olmaqla qanun pozuntuları, hədə-qorxu, saxtakarlıqla üzləşən deputatlığa iddialı olan digər şəxslər etirazlarını bildirirlər. Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovla söhbətimizdə də bu və digər məsələlərə toxunduq.




- Bir siyasətçi kimi parlamentə keçirilən seçkilərə necə qiymət verirsiz?

- Əvvəla qeyd edim ki, 1995-ci ildə İslam Partiyasının qeydiyyatı qanunsuz ləğv olunduğuna görə partiya şəklində parlament seçkilərinə qatıla bilmədik. Amma buna baxmayaraq, üzvlərimizə fərdi şəkildə seçkilərdə iştirakı tövsiyə etdik. Beləliklə, bir neçə üzvümüz 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 62 saylı Saatlı və 53 saylı Quba-Qusar seçki dairələrindən namizədliklərini irəli sürdülər. Partiya mənsublarından başqa, namizədliyini verən təssübkeşlərimizi və tərəfdarlarımızı da dəstəklədik. Təəssüf ki, lazımi imzaları toplayıb təqdim etmələrinə baxmayaraq, 62 və 69 saylı Dairə Seçki komissiyaları İslamçıların namizədliyini müxtəlif bəhanələrlə qeydiyyata almadılar. Ümumiyyətlə, bir çox müxalifətçiləri qeydiyyatdan keçirmədilər. Namizədlərin qeydiyyatı prosesində bürokratik əngəllər, bununla yanaşı təbliğat kampaniyasına, teleçıxışlara qoyulan məhdudiyyət əvvəlcədən seçkilərin qeyri-demokratik və ədalətsiz keçiriləcəyini deməyə əsas verirdi. Və nəticə etibarı ilə 4-cü çağırış parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının və iqtidaryönlü siyasi təşkilatların namizədlərindən başqa hansısa müxalifətçi Milli Məclisə mandat qazana bilmədi. Odur ki, müxalif siyasi və ictimai təşkilatlar, Azərbaycan xalqı seçkilərin qeyri-demokratik keçirildiyini aşkar bəyan edir.

- Diqqət etsək, seçkilərlə əlaqədar ziddiyyətli məqamlar ortaya çıxır. Beynəlxalq seçki missiyaları, eləcə də bəzi yerli müşahidəçilər Azərbaycanda demokratiyaya doğru daha bir addımın atıldığını bildirirlər. Bəzi mətbuat orqanlarında isə bunun əksi, yəni seçkilərin saxtakarlığa uğradığı vurğulanır.

- İqtidaryönlü təşkilat və kütləvi informasiya vasitələrinin parlament seçkiləri ilə bağlı səsləndirdikləri xoş sözlər başadüşüləndir. Onlar təmsil etdikləri düşərgənin mövqeyini ifadə edirlər. Amma əlbəttə ki, istər yerli, istərsə də AŞ PA, ATƏT, MDB və TÜRK PA-nın müşahidə missiyalarının şəffaf, ədalətli, konstruktiv seçki keçirildiyini bəyanlaması təəssüf və narahatlıq doğurur. Demokratik dəyərlər məhz özünü «demokratiyanın beşiyi» adlandıran Qərb və Avropa tərəfindən pozulur. Qərb və Avropa dairələri Azərbaycanın mədəniyyətini və mənəviyyatını korlamaqla yanaşı «demokratiya» adı altında siyasi-ictimai sahədə də ədalətsizliyin, saxtakarlığın kök atmasına şərait yaradırlar. Onların müşahidəçiləri də həmin siyasətə xidmət edirlər.

Ancaq bildiyiniz kimi, seçki əslində xalqın iradəsini nümayiş etdirən prosesdir. Və kimlərin hansı fikir səsləndirməsindən asılı olmayaraq, xalq 7 noyabr parlament seçkilərinin nəticələrini hamıdan yaxşı bilir.

- Amma Azərbaycan xalqı, müxalif qüvvələr bu dəfə də özündə güc tapıb mövqe ortaya qoya bilmədi. Razılaşırsızmı?

- Çox mühüm bir məsələyə toxundunuz. Doğrudan da xalqımız, müxalif təşkilatlar, xüsusilə də özünü ana müxalifət hesab edən partiyalar seçkilərin gedişatına təsir göstərmək iqtidarında deyil. Ölkəmizdə açıq-aşkar seçki pozuntuları baş verdiyi, vətəndaşların haqqı tapdalandığı halda buna heç kim müdaxilə edə, qarşısını ala bilmir. Hərçənd ki, bəzi partiyalar xalqın iradəsinin ifadəsi üçün üzərlərinə öhdəlik götürdüklərini bildirirlər. Lakin təəssüf ki, xalqı daim dəstəyə çağıran həmin müxalif təşkilatların siyasi strategiyasının Qərb tərəfindən müəyyənləşdirildiyini gördük. Və şahidi olduq ki, bu qüvvələrin siyasi xəttini çızan Qərb, yenə də onlara xəyanət edib hakimiyyəti dəstəklədi. Cəmiyyət isə müxaliflərin fəallığını görmədiyinə görə bu düşərgəyə inam nümayiş etdirmədi. Və nəticə etibarilə nə müxalifət, nə də xalq seçkilərin azad və demokratikliyini təmin edə bilmədi.

- MSK təsdiqlənmək üçün nəticələri Konstitusiya Məhkəməsinə göndərəcək. Məhkəmədən nə gözləyirsiz?

- Nəticələrə görə, seçkilərdə hakimiyyətin 72, özünü müxalifət adlandıranların 11 namizədi «qalib» gəldi. Deputat mandatı əldə edən 41 bitərəf namizədin şüarlarına diqqət yetirsək, onların da birbaşa iqtiadryönlü olduğunu, hakimiyyətə dəstək verdiyini görərik. Qeyd etməliyəm ki, bu gün millət vəkili təyin olunan həmin müxalifətçilər və eyni zamanda bitərəflər birmənalı şəkildə mövcud rejimin totalitar maraqlarına xidmət edirlər.

Ümumiyyətlə, budəfəki proses daha orijinal saxtakarlıqlarla yaddaşlara köçdü. Əvvəlki çeçkilərdə “ana müxalifət”ə parlamentdə beş yer ayrılsa da, indi bir nəfər belə bu baryeri keçə bilmədi. Bu baxımdan Konstitusiya Məhkəməsi əksər məntəqələrdə baş verən qanunsuzluqlara ədalətli münasibət bildirsə, seçkilərin nəticələri sual altına düşəcək.

Yeri gəlmişkən, onu da diqqətinizə çatdırım ki, Qubada 53 saylı seçki dairəsindən namizədliyini verən milliyyətcə yəhudi Yevda Abramov növbəti dəfə millət vəkili təyin olundu. Bu şəxs parlamentdə daim İsrailin işğalçı siyasətini təbliğ edir, həmin rejimin Azərbaycanda mənfəəti üçün çalışır. Sionist rejimin Fələstində törətdiyi cinayətlərə, israilli hərbçilərin Türkiyənin «Mavi Mərmərə» gəmisinə basqına, 9 türk vətəndaşını vəhşicəsinə qətlə yetirdiyinə görə Quba camaatı Abramovun Milli Məclisdə təmsil olunmasını istəmirdi. Seçicilər onunla görüşə belə getmədilər, etirazlarını bildirdilər. Amma buna baxmayaraq, seçki qutusundan işğalçı İsrailə pərəstiş edən Y.Abramovun adı çıxdı. Bütün bunlar seçki saxtakarlığını sübuta yetirən faktlardır. Ona görə də Konstitusiya Məhkəməsi ədalətli qərar çıxarmaq qüdrət və qabiliyyətindədirsə, bu məsələlərə mütləq öz münasibətini bildirməlidir.

Milli Məclis Azərbaycanın siyasi, ictimai, iqtisadi, sosail gedişatını tənzimləyən, xalqın bütün həyat sahələrinə bilavasitə təsirini göstərən ali orqandır. Lakin belə bir məclisdə qeyri-demokratik, qanunsuz, saxta yollarla təmsil olunan şəxslər heç vaxt xalqın maraqlarını ifadə edib, ona xidmət göstərməyəcəklər. Bu isə, Azərbaycan xalqının və dövlətinin ən böyük faciəsidir.



Samir Əliyev
Source : faktxeber
Comment