0
Friday 10 December 2010 - 19:10

VİCDAN AZADLIĞINA SON!

Story Code : 46453
VİCDAN AZADLIĞINA SON!
VİCDAN AZADLIĞINA SON!
Azərbaycan Konstitusiyası və qanunvericiliyində, həmçinin “Təhsil haqqında” Qanunda hicabın qadağası ilə bağlı müddəa əksini tapmasa da, mütəmadi olaraq başıörtulu şagird və tələbə qızlara, müəllimlərə məhdudiyyət tətbiq olunur. Onların vicdan azadlıqlarana uyğun şəkildə dərslərdə iştiraklarına qadağa qoyulur.
Məlum olduğu kimi, bir neçə gün əvvəl təhsil naziri Misir Mərdanov açıqlamasında bildirib ki, heç bir məktəbdə, heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər hicabla dərsdə iştirak edə bilməzlər. Onun sözlərinə görə, artıq Azərbaycanda vahid məktəbli formasına keçilib. Nazirin “Ona görə də kimliyindən asılı olmayaraq, bütün məktəblilər dərsə məktəbli formasında gəlməlidir” deməsi başörtüyünə rəsmən qadağa qoyulması kimi xarakterizə olunur. İslam Partiyası Qadınlar Şurasının sədri Növrəstə İbrahimova ölkədə hicaba qarşı təzyiqi təəssüflə qarşıladığını söylədi: “Bu gün başörtüyü problemi müsəlman Azərbaycan xalqının ən həssas məsələsinə çevrilib. İnanclı şagird və müəllimlərin geyiminə müdaxilə insan haqlarının, vicdan azadlıqlarının kobud şəkildə pozulması, təhsillərinə, fəaliyyətlərinə maneə yaratmaq deməkdir. M.Mərdanovun açıqlaması təhsil ocaqlarında hicabın rəsmən qadağan olunmasına, başörtüyünə qarşı təzyiq dalğasının genişləndirilməsinə hesablanıb. Əgər söhbət vahid formanın tətbiqindən gedirsə, həmin geyim məktəbə, şagirdə yaraşmayan, əxlaqa zidd şəkildə formalaşdırılıb”.
Növrəstə xanımın qənaətincə, İslam dininə qarşı məkrli niyyətlər daim işlək vəziyyətdədir: “Ölkəmizdə dini dəyərlərimizə qadağalar İslamın ən böyük düşməni olan mason-sionist, Qərb və Avropa dairələrinin beyin mərkəzləri tərəfindən gəlir. Həmin dairələr hər hansı xalqın sərvətini mənimsəmək, mənəviyyatını pozmaq üçün ilk əvvəl onun milli, dini dəyərlərinə zərbə vurmağa çalışırlar. Artıq son bir neçə ildir İslam düşmənləri Azərbaycanda bu istiqamətdə ciddi iş aparırlar. Təəssüf ki, ölkəmizdə bəzi qüvvələr öz maraqları naminə xalqımızın gələcəyini uçuruma aparan həmin məkrli siyasətə münbit şərait yaradıblar. Aydın məsələdir ki, hicabın təhsilə, biliyin əldə olunmasına heç bir mənfi təsiri yoxdur. Dediyim kimi, əgər doğrudan da təhsil ocaqlarına hamının məktəbli formasında gəlməsini, qayda-qanun yaratmaq istəyirlərsə, hicab bütün bunların uca zirvəsində dayanır. Hicab ən gözəl geyim və əxlaq tərzi, abır-həya, hörmət mənbəyidir. Dininə, milli, mənəvi dəyərlərinə və ən başlıcası abırlı geyimi ilə özünə hörmət edən insan yalnız əxlaq, təlim-tərbiyə əxz edir. Bu cür mənəviyyat isə adını çəkdiyim dairələrin maraqlarına heç cür uyğun gəlmir”.
“Bir tərəfdən bayrağımızda İslamın rəmzi kimi yaşıl rəng əks olunub, prezident andiçmə mərasimində həmin bayrağı öpərək, müqəddəs Qurani-Kərimə əl basır, digər tərəfdən də ölkə məmurları Allah-Təalanın buyurqlarına hörmətsizlik edirlər” – deyən, N.İbrahimovaya görə, bu cür yanaşma Azərbaycanın imicinə xələl gətirir. Ona görə də Hacı Növrəstə hesab etdiyini bildirdi ki, dövlət başçısı hicabla bağlı yaranan problemə aydınlıq gətirməli, məsələni birdəfəlik həll etməlidir: “Digər tərəfdən, bu gün hicaba məhdudiyyət qoyanlar təhsil sahəsində tüğyan edən rüşvətxorluğa və digər neqativ hallara göz yumurlar. Hansı ki, məhz rüşvətxorluğa, korrupsiyaya görə ölkəmizin adı dünyada ön sıralarda hallanır”.
Bununla belə, Növrəstə xanım dedi ki, hicab probleminin birdəfəlik həlli daha çox xalqın bu məsələdə birliyindən və etirazından asılıdır: “Bir xalq kimi dinimizə, mənəviyyatımıza, əxlaqımıza, mədəniyyətimizə, iqtisadiyyatımıza vurulan zərbənin müəyyən səbəbləri var. Biz, bunların hamısını bilir və qəbul edirik. Amma onu da yaxşı bilirik ki, çox vaxt bu zərbə elə özümüzdən gəlir. Adətən hicabın, ümumiyyətlə dini dəyərlərin məhdudlaşdırılması daha çox inanclı kəsimə vurulan zərbə kimi qəbul olunur. Bunu həyata keçirənlər düşünürlər ki, həmin insanlar bir qrupdan ibarət olduğu üçün onları susdurmaq çox asandır. Ona görə də məsələyə bütöv xalq etiraz bildirməlidir. Çünki istər hicablı, ya hicabsız, istərsə də namaz qılan və qılmayanlarımız mənəvi dəyərlərini, insani keyfiyyətlərini, irz-namusunu qoruyan bir xalq olub. Ona görə də ən müqəddəs dəyərimizə qadağanı aradan qaldırmaq üçün hamı öz münasibətini sərgiləməlidir. Əgər xalq bu məsələyə etirazını bildirməsə, “məndən ötüb, qardaşıma dəydi” prinsipi ilə yanaşsa, sabah bütün mənliyi əlindən alınaraq, zəlil günə salınacaq”.
Source : faktxeber
Comment