0
Friday 10 December 2010 - 19:14

"AZƏRBAYCANDA ZİYA BÜNYADOVA GÖRƏ QALDIM"

Story Code : 46455
"AZƏRBAYCANDA ZİYA BÜNYADOVA GÖRƏ QALDIM"
"AZƏRBAYCANDA ZİYA BÜNYADOVA GÖRƏ QALDIM"
"Generallardan susmayanlar Talıb Məmmədov, Qabil Məmmədovdur, onları tərxis ediblər, çünki mövqeli adamlardır"

Redaksiyamızın budəfəki qonağı istefada olan hərbçi və 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa keçmiş namizəd Canmirzə Mirzəyevdir.

- Canmirzə müəllim, sizin dairədə namizədlər kimlər idi?
- Namizədliyimi Zığ qəsəbəsindən, özümün yaşadığım ərazidən vermişdim. Orada əsasən, hərbçilər yaşayırlar. 6 namizəd qeydə alınmışdı. Aqil Səmədbəyli AXCP-Müsavat blokunun namizədi idi, "Qarabağ" blokunun namizədi İqbal Ağazadə, YAP-ın namizədi və 3 nəfər müstəqil namizəd.

- Bir az özünüz haqqında danışın.
- 1956-cı ildə Bakıda anadan olmuşam. Məndən soruşanda ki, haralısan, deyirəm, "metisəm". Çünki anam astaralıdır, atam İçəri Şəhərli. Bakı Ali Hərbi Dənizçilik Məktəbini bitirmişəm. Bu məktəbin 60 illik tarixi var, yeganə azərbaycanlıyam ki, o məktəbi qızıl medalla bitirmişəm. Sonra şimalda sualtı atom gəmilərində işləmişəm. Ailəliyəm, 2 oğlum var. Mən həbs olunandan sonra ailəmə təzyiqlər başlandı. Ona görə ailəm Hollandiyada yaşayır. Kiçik oğlum Samir Azərbaycan Dövlət Neft Akademiyasını bitirib, Hollandiyada onun diplomu tanınıb, şirkətdə işləyir. Böyük oğlum Ruslan isə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib, onun da diplomu orda tanınıb, ikinci ali təhsil də alıb, Amsterdam universitetini bitirib. Yoldaşım Məlahət xanım da Hollandiyadadır, tibb işçisidir. Oğlanlarım subaydır, heç bilmirəm necə edim onları evləndirim. Ruslanın 31, Samirin isə 30 yaşı var. Ailəm üçün çox darıxıram, burnumun ucu göynəyir. Ancaq burda bir məqam var, mənim başıma burada o qədər işlər gətirdilər ki! Buna baxmayaraq mən Hollandiya vətəndaşlığından imtina etdim. Mənə Strasburqda Monitorinq Qrupunda yüksək maaşla işləməyi təklif edirdilər, lakin mən Azərbaycanı seçdim. Mən bilirəm ki, burada haqsızlıqlar çoxdur, kimsə bu haqsızlıqlardan danışmalıdır.

- Ailəniz Hollandiyada, siz burada, belə yaşamaq çətin deyil?
- Mən sualtı gəmilərdə xidmət etmişəm. Özümə xidmət edə bilirəm. Bişirə də bilirəm, yuya da bilirəm. Mənim burada bacılarım var, amma ailənin yerini heç nə vermir. Kimsə bu millətinin sözünü çatdırmalıdır. Müxtəlif qəzetlərdə sözümü deyirəm. Yadınıza gəlirsə, "Realnıy Azərbaycan"da mən hərbi şərhçi kimi çıxış edirdim.

- Nə qədər təqaüd alırsınız?
- Məni axırıncı dəfə 2000-ci ildə həbs etdilər. 21 dəfə həbs ediblər məni. Axırıncı dəfə həbsdə olanda 2000-i ilin noyabr ayı idi. Lakin məni ordudan 2002-ci ildə tərxis etdilər. Beləliklə, mən həbsxanada otura-otura 2 il silahlı qüvvələrdə xidmət etmişəm. Sadəcə olaraq, pul gəlməli idi axı. Bu pulları nə mən, nə də ailə üzvlərim almamışıq. 2004-cü ildə həbsdən çıxanda mənim birinci sualım müdafiə naziri Səfər Əbiyevə oldu ki, halal pullarımı niyə mənə vermirsiniz? Niyə gözünüzü mənim maaşıma dikmisiniz? Bunu eşidən kimi Səfər Əbiyev əmr verdi ki, tez bunu təqaüdə çıxarın. Və 2004-cü ildən mən müəllim kimi 750 manat təqaüd alıram. Məni heç yerdə işləməyə qoymurlar. 40 ildən çox stajım var. Qanunla 1200-1400 manat təqaüd almalıyam.

- Buna da şükür.
- Bu mənim halal pulumdur. Mən bunu qazanmışam. 7 il sualtı atom gəmilərində xidmət edəndən sonra dissertasiya müdafiə etmişəm, ali elmi dərəcə almışam. Leninqradda mənə iş təklif etdilər. Həyat yoldaşım dedi qalaq burada. 1988-ci ildə Sumqayıt hadisələri zamanı Azərbaycana qayıtdıq. Məni Bakı Ali Hərbi Məktəbinə müəllim kimi işə götürdülər. Sonra baş müəllim, kafedra rəisinin müavini, 1990-cı ildən kafedra rəisi vəzifəsini icra edirdim. 1992-ci ildə məktəb Azərbaycanın yuridiksiyasına keçdi, məni məktəb rəisinin birinci müavini təyin etdilər.

- Rəis kim idi?
- Eduard Hüseynov. O, şuşalı idi, 1-ci dərəcəli kapitan, sonra admiral aldı. 1992-ci ildə onu qətlə yetirdilər.

- Niyə?
- Səbəbini indiyə qədər açıqlamırlar. Təəssüflər olsun ki, o, pul işlərinə, çirkli pulların yuyulmasına girişib. Bunu məndən başqa heç kim açıq şəkildə qabartmayıb, demirlər bunu. Məni onun ölümündə təhrikçi kimi ittiham edirdilər.

- Eduard Hüseynovun vəfatından sonra məktəbin rəisi siz oldunuz?
- Bəli.

- Onun qatilləri tapıldı?
- Bəli.

- Kimlər idi?
- Əlyusif Tahirov, Dəyanət Kərimov, Həsən Mustafayev.

- Onlar hərbçi idilər?
- Xeyr. Deyirlər onlar OMON-a aid idilər. Amma onlar OMON-çu deyildilər, R.Cavadovla sıx əlaqədə idilər. Onlar qətli törətmələrini etiraf etdilər. Ancaq deyirlər bu qətli Rövşən Cavadov sifariş verib.

- Rövşən Cavadovla onun arasında münaqişə olub?
- Bəli. Aralarında pul söhbəti olub. Məhkəmə bu faktı yaxın qoymurdu.

- Sizi Eduard Hüseynovu ölümə təhrik etməkdə ittiham edirdilər?
- Məni istintaq idarəsinə dəvət edib dedilər ki, Əlyusif Tahirovu tanıyırsanmı? Dedim tanımıram. Deyir o sizi tanıyır. Dedim məni çox adam tanıyır. Şəklini göstərdilər. Dedim bu Fikadır. Fika ləqəbi idi, onu Fikrət kimi tanıyıram. Sumqayıtda bir məktəbdə oxumuşuq, həyətdə futbol oynamışıq. Soruşdu ki, axırıncı dəfə nə vaxt görmüsünüz? Dedim Daxili İşlər Nazirliyinə gedəndə, Rövşən Cavadovla görüşəndə Fikanı orada gördüm. Soruşdum burda nə edirsən? Dedi fırlanıram burada. Müstəntiq dedi bu adam qatildir, çox adamı öldürüb. Bizi üzləşdirdilər, onu qandalda görəndə ürəyim pis oldu, onu qucaqladım. Müstəntiq dedi danış. Əlyusif dedi ki, Rövşən Cavadov bunlara Eduard Hüseynovu aradan götürməyi tapşırıq verib. Bunlar da bunu ediblər. Müstəntiq Seyfəddin Abdullayev məni göstərib dedi ki, əvvəlki ifadələrini oxuyum? Əlyusif başını aşağı saldı, müstəntiq onun ifadələrini oxudu. Guya Rövşən Cavadovla Edurad Hüseynov arasında mübahisə olub və Canmirzəgil Rövşən Cavadovun yanına gələndən sonra Rövşən Cavadov bizə göstəriş verib ki, Eduard Hüseynovu aradan götürək.

- Bu ittihamla bağlı sizə nə qədər iş verdilər?
- 8 il. 4 il oturdum. "525-ci qəzet"də Mətanət adında bir jurnalist vardı. Məhkəmə gedən vaxt o belə bir yazı dərc etdi ki, aldığımız məlumata görə, Əlyusif Tahirova vəd ediblər ki, Canmirzəyə qarşı nəsə desin, əvəzində onun qohumunu (bilmirəm qardaşı idi, yoxsa dayısı oğlu idi) həbsxanadan buraxsınlar. Ancaq Əlyusif nahaq yerə bunlara inanıb, nə qardaşını buraxacaqlar, nə Əlyusifin cəzasını yüngülləşdirəcəklər. Yazıq Canmirzə də gedəcək. Mətanət bu məqaləni Əlyusifə verib. Əlyusif oxuyandan sonra məhkəmə gedə-gedə qalxıb deyib ki, fasilə. Məhkəmə sədrinə deyib ki, səsini kəs, yanıma Seyfəddin Abdullayevi və Tahir Kazımovu gətir. Tahir Kazımov istintaq idarəsinin rəisi idi. Həbsxananın rəisi Dəmir Bayramov yaxşı adam idi. Fasilədə onun kabinetində oturub çay içirdik və baş verənləri görürdüm. Məhkəməmə əcnəbilər çox gəldiyi üçün rəis mənə hörmət edirdi. Bu vaxt Tahir Kazımov və Seyfəddin Allahverdiyev gəldi Əlyusifin yanına. Əlyusif bu məqaləni göstərib soruşur: "Bunu haradan bilirlər?" Müstəntiq dedi Canmirzənin adamlarının fitvasıdır. Əlyusif dedi yox, buraxın qardaşımı, yoxsa məhkəmə iclaslarına getməyəcəm. Dedilər buraxırıq. Əlyusif dedi getsin Türkiyədən mənə zəng etsin ki, mən azadlıqdayam. Məhkəmə təxirə salındı. Həqiqətən də zəng gəldi ki, bu adam Türkiyədə azadlıqdadır. Sonra eşitdim ki, üç gündən sonra bu adam öldü, ya da öldürdülər. Əlyusif məhkəmədə dedi ki, "mən bu işlə əlaqədar 20-yə yaxın boş vərəqə imzalamışam, Canmirzənin bu işlə əlaqəsi yoxdur. Məni məcbur etdilər ki, onun əleyhinə ifadə verim". Məni Əlyusifin ifadəsi ilə tutdular.

- Sizin həbsinizi kim və nə üçün istəyirdi?
- Səfər Əbiyev. Ona görə ki, mən vəzifədə ola-ola çıxırdım mətbuata nazirlikdə olan nöqsanları deyirdim. Nəinki mətbuata, 1995-ci il 14 yanvarda Heydər Əliyevin yanında Müdafiə Şurasının qapalı iclası idi. Onda mən dedim ki, müdafiə naziri dövləti cinayətkardır. O vaxt nazir Məmmədrəfi Məmmədov idi. Nəticədə Heydər Əliyev mənim çıxışımı dəstəklədi və naziri qaldırıb dedi ki, nəticə çıxarsın.

- Heydər Əliyevə inanırdınız?
- Bəli.

- Onun korrupsiyadan, oğurluqdan xəbəri yox idi?
- Mən ona görə inanırdım ki, o məni şəxsən 1974-cü ildən tanıyır. Birinci kursu əla qiymətlərlə oxuyurdum. Ana söyüşünə görə bir nəfəri döydüm, o, bayraqdar idi. Məni məktəbdən xaric etmək istəyirdilər. Anam necəsə Heydər Əliyevini qəbuluna düşmüşdü. Bir kəlmə ilə iş bitdi. Heydər Əliyev birinci katib idi, soruşub ki, bacı nə olub? Anam siz bilmirdi, savadsız qadın idi, deyib sənin ananı söysəydilər nə edərdin? Bu sözdən sonra Heydər Əliyev göstəriş verdi, məni məktəbdə saxladılar. Haradasa 20 il keçmişdi, o vaxt Valeh Bərşadlı Naxçıvanskinini rəisi, mən Ali Hərbi Məktəbin rəisi idim. Heydər Əliyevlə görüşdük. Dedi ki, Canmirzə, anana salam-dua de. Dedim Heydər Əliyev anam rəhmətə gedib. Bizdə belə bir adət var, çox adam vəzifədən çıxandan sonra başlayır döşəməyə. Mən vəzifədə ola-ola başlamışdım bu işi.

- Canmirzə müəllim, nə əsgərlər, nə də əsgər valideynləri, yeri gəlsə, sizin sözünüzə dəstək verib deməzlər ki, əsgərlərin ərzağını, paltarını, maaşını oğurlayırlar. Belə bir millət üçün həyatınızı təhlükəyə atmağa dəyərmi? Siz həbs olunanda kim sizinlə maraqlandı?
- Millət maraqlandı. Niyə axı? O vaxt mənim həbsdən çıxmağım siz jurnalistlərin fəaliyyətinizin nəticəsi idi. O vaxt bütün qəzetlər, iqtidar qəzetləri həmçinin, başladılar yazmağa ki, niyə bunu tutmusunuz? Bütün hüquq müdafiəçiləri başlamışdılar məni müdafiəyə. Rəhmətlik Elmar Hüseynov yazmışdı ki, "təəccüblüdür ki, bütün qəzetlər nadir yekdillik göstərdilər". Ona görə mənim mənəvi borcumdur ki, əlimdən gələni edim, orduya kömək edim. Mən nöqsanları göstərirəm ki, bunu aradan qaldırın. Daha demirəm ki, bunu çıxarıb təzəsini qoyun ki, nöqsanlar davam etsin. Mənim Azərbaycanda qalmağıma səbəbkar Ziya Bünyadov oldu. İndi istəməsin məni çox istəyirdi. Çıxıb getmək istəyirdim. Dedi ki, əgər sən, mən bunu etməsək, kim edəcək?

- Orduda total oğurluq və rüşvətxorluğa göz yuman ali baş komandanın torpaqları almaq uğrunda mübarizə aparmasına inanmaq olar?
- Analiz etsək həqiqətən bunu şübhə altına almaq lazımdır. Söhbət ondan gedir ki, orduda olan korrupsiyanın qarşısı bir addım da alınmayıb. Köhnə hamam, köhnə tas. Piramidanın başında Səfər Əbiyev oturur. Mən konkret faktlarla deyirəm bu şəxs nə işlərlə məşğuldur. Sualtı gəmilərdə mən düzgünlüyə öyrəşmişdim. Bura gələndə dəhşətə gəldim. Yüksək səviyyəli məmurlar çıxıb deyirlər belədir, elədir, halbuki rüşətxorluqla məşğuldurlar.

- Hərbi çağırışla bağlı irəliləyiş var?
- Rəsmən dəyişikliklər var. Əvvəl rüşvəti hərbi komissara verirdilər, indi hardasa hərbi hissəyə verirlər. Keçəl Həsən idi, indi Həsən keçəl olub.

- Hazırda mətbuatın sizinlə işləməyə həvəsi var?
- Təəssüf hissi ilə demək istəyirəm ki, yazdığım məqalələr ürəyim istədiyi kimi axırıncı dəfə "Realnıy Azərbaycan"da olub. Sonra məqalələrimi "Yeni Müsavat"a, "Azadlıq"a və digər qəzetlərə təqdim etmişəm. Məqalənin altında öz imzamı qoymuşam. Məndən başqa hamısı ləqəblə, başqa imza ilə yazır. Mənim bundan zəhləm gedir.

- Yazılarınızı niyə dərc etmirlər?
- Kəskin yazıram. Çəkinirlər. Deyirlər bu bizə yaraşmır. Soruşuram niyə yaraşmır?

- Azərbaycanda hazırda nə qədər general var?
- Zənnimcə, həddən artıq çoxdur.

- Onların içərisində patriotlar var?
- Var.

- Onlar işləyirlər?
- Yox, yox! Onların çoxunu ordudan xaric ediblər.

- Mən sizdən başqa hansısa generalın orduda olan nöqsanlardan danışmasını eşitməmişəm.
- General rütbəli adamlar məni görəndə ürəkləri açılır. Səfər Əbiyev bilmir ki, ətrafı necə "hörmətlə" ona yanaşır.

- Tacəddin Mehdiyev necə generaldır?
- Mən ona qiymət verə bilmərəm. Nazirim olub.

- O da oğru, rüşvətxor idi?
- Deyə bilmərəm.

- Niyə Tacəddin Mehdiyev son 5 ildə bir dəfə də olsun ordudakı vəziyyət haqqında bir kəlmə danışmayıb?
- Generallardan susmayanı Talıb Məmmədov, Qabil Məmmədovdur. Onlar haradadır? Tərxis ediblər, çünki mövqeli adamlardır. 2003-cü ildə olan hadisələri bilirdilər. Girdilər müdafiə nazirinin kabinetinə, onu diz üstə çökdürdülər. Onlar qorxulu adamlardır. Əvvəlcə göndərdilər birini Pakistana, birini, səhv etmirəmsə, Qazaxıstana guya səfirliyə hərbi attaşe. Səfər Əbiyev burda tək qaldı və başladı onların ayağının altını qazmağa. Bu generallar cavandırlar. Bunların döyüş təcrübəsi var.

- Dadaş Rzayev necə generaldır?
- Onu cəmi üç ay tanıdım. Məndə normal təəssürat oyatdı.

- Rövşən Əkbərov necə generaldır?
- Bu general əməlli-başlı döyüşüb.

- Yaşar Aydəmirov necədir?
- O, yaxşı döyüşçü idi. Bizim ordumuzda general Vasyak vardı. Təəssüf ki, onu tərxis etdilər. Heç olmasa, internetdə çıxış edir. İnternetdə ermənilərlə üzbəüz o çıxış edir. Mən vəzifədə olanda anamın yasına nazir gəlmişdi, baş qərargah rəisi gəlmişdi. Köpək oğlunun vəzifəsi. Vəzifədən çıxandan sonra mənim yas məclislərimə bir nəfər Vasyak gəldi. Dedi bağışla, o birilərə tapşırıq veriblər ki, gəlməsinlər.

- Tarixdə elə general olub ki, bir dəfə də döyüşü uduzmasın?
- Suvorov 69 döyüşü udub, bir dəfə də uduzmayıb.

- Vətənpərvər generallarımız niyə azdır?
- Hamısı Azərbaycanı sevə-sevə stolu bölüşdürürlər. Ancaq vəzifə.

- Nə qədər ki, Səfər Əbiyev generaldır biz Qarabağı işğaldan azad edə bilərik?
- Zənnimcə yox. Ona görə ki, bunu çoxdan etmək lazım idi. İkincisi də, Qarabağda ən ağır itkilər onun vaxtında olub. O biri nazirlər belə "nailiyyətə" nail olmayıblar. O, məğlubiyyət generalıdır. Səfər Əbiyev istedadı, mənliyi olan generalları ordudan uzaqlaşdırır. Canmirzə deyək ki, heç nədir, arxa cəbhənin nümayəndəsidir. Ancaq döyüş təcrübəsi olan zabitlər qızıl fonddur. Niyə onları uzaqlaşdırırsan? Ona görə ki, onlar sənə yaltaqlanmır? Mən indi NATO sistemində təhsil alan gənc zabitlərə ümid bəsləyirəm. Onlar bəlkə nəsə etdilər. Səfər Əbiyev sistemə uyğunlaşıb. Bunda bu var, həqiqətən istedadlı adamdır. Bir məqsədi var: necə qopartmaq ki, zahirdə ədalətli görünsün.

Cəfər Talıb
Source : faktxeber
Comment