0
Sunday 12 December 2010 - 15:43

MÜHARİBƏ BAŞLAYA BİLƏRMİ?

Story Code : 46675
MÜHARİBƏ BAŞLAYA BİLƏRMİ?
MÜHARİBƏ BAŞLAYA BİLƏRMİ?
Astana Sammitindən sonra yenidən qızışmağa başlayan müharibə söhbətlərinə dünən vitse-spiker Ziyafət Əsgərovun fikirləri öz damğasını vurub. O jurnalistlərin müharibə ilə bağlı suallarına cavab olaraq, "Müharibənin olub-olmayacağını yaxın günlərdə özünüz görəcəksiniz", - deyə bildirib. Sözügedən məslə ilə bağlı politoloqlar FaktXeber.com-a maraqlı şərhlər veriblər.

Eldar Namazov:

“Müharibəyə başlamaq üçün ölkə daxilində çox ciddi tədbir görmək lazımdır. O tədbirləri isə biz hələlik görmürük. Ona görə də deyərdim ki, belə bəyanatlar əsasında “Azərbaycan artıq müharibəyə başlayır” qənaətinə gəlmək olmaz. Çünki müharibə çox ciddi məsələdir. Bunun üçün ölkənin bütün hərbi, iqtisadi, insani resurslarını mobilizə edilməlidir. Bu sahədə isə dövlətin hər hansı bir tədbir gördüyü müşahidə edilmir.”

E.Namazov həmçinin xarici ekspertlərin Azərbaycanın Qarabağda “blits-krik” (sürətli-müharibə) əməliyyatları keçirmək ehtimalı ilə bağlı fikirlərinə də toxunaraq bildirdi ki, belə bir müharibənin olması ehtimalı çox azdır: “Çünki ermənilərin də atəşkəs dövründə xeyli vaxtı oldu ki, müdafiə sistemlərini yaratsınlar. Amma uzunmüddətli müharibə Ermənistana daha ağır zərbə vura bilər. Mən ona görə bu fikirdəyəm ki, ermənilərin iqtisadi, insani və hərbi resursları uzunmüddətli müharibəyə tap gətirə bilməz.”

Vəfa Quluzadə:

“Bu günə qədər Qarabağla bağlı dediklərim fikirlərin üstündə yenə də dururam. Mənim yekdil fikirim bundan ibarətdir ki, Rusiya çökəcək, yerinə yeni xozeyin Amerika gələndən sonra bu problem onun istədiyi kimi həll olunacaq. O vaxta kimi isə heç bir irəliləyiş olmayacaq.”

Amerikalı politoloq Pol Qoblun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının pulla qaytarılması fikrinə də toxunan Vəfa Quluzadə qeyd etdi ki, Pol Qoblun fikri ilə münaqişə həll oluna bilməz: “Bu günə kimi o bir neçə dəfə səhv analizlər edib. Əvvəl dedi ki, ərazi mübadiləsi ilə Qarabağ problemini həll etmək olar. Sonra isə dedi ki, “mən səhv etmişəm, yanlış fikir yürütmüşəm. Belə bir hal mümkün deyil”. O artıq sübut edib ki, strateji məsələlərdə hərdənbir həqiqətə uyğun olmayan şərhlər verir.”


Mayis Güləliyev:

“Mənim nəzərimcə onun sözünü adi qəbul etmək olar. Yəni “görəcəksiniz ki başlamır” demək istəyib. Ümumilikdə isə müharibə ola da bilməz. Yaxın 15 ildə müharibə ilə bağlı hansısa addım atmağın mənası da yoxdur. Çünki neft müqavilələri başa çatana kimi Azərbaycan və Ermənistan arasında heç bir aktiv müharibə ola bilməz. Bu təkcə Mayis Güləliyevin qənaəti deyil, neft müqavilələrinin tələbidir. Çünki Azərbycan-Gürcüstan-Türkiyə arasında regional təhlükəsizliyə ən yüksək səviyyədə əməl olunması ilə bağlı müqavilə var. Və hər hansı bir formada, istər siyasi dəyişikliklərə görə, istər hökumətin hüquqi, iqtisadi, sosial, ekoloji reformalarına görə, neft müqavilələrindən gözlənilən gəlirə ziyan dəyərsə, bu ziyanı Azərbaycan hökuməti ödəməlidir. Məhz bu nöqteyi-nəzərdən Azərbaycan nəinki insan itkisi, hətta böyük maliyyə itikisinə də düçar ola bilər.”

Torpaqların müharibəsiz azad olunması müqabilində Ermənistanın müəyyən miqdarda pul qarşılığında torpaqlardan çəkilmə ehtimalının da boş söhbətlər olduğunu söyləyən M.Güləliyev, “Nə Ermənistanda, nə də münaqişə ilə bağlı iş görən beynəlxalq təşkilatlarda Qarabağa təkcə torpaq kimi baxılmır. Azərbaycan siyasilərinin də ən böyük səhvi ondan ibarətdir ki, Qarabağa yalnız torpaq kimi baxırlar, yalnız İsa bulağı kimi, meşə kimi, daş-qaya kimi baxırlar. Amma işğal olunmuş ərazilər təkcə torpaqdan ibarət deyil. Onun üzərində indi yaşayan erməni icması və oradan qovulmuş çoxminlik azərbaycanlılar da var. Qarabağ deyiləndə bu insanlar da nəzərə alınmalıdır. Ona görə də inanmaq mümkün deyil ki, cəmiyyətdə hər hansı bir dəyişiklik aparılmadan pulla insanları almaq mümkün olsun. Dünya praktikasında belə bir hala indiyə kimi rast gəlinməyib.”

Aqil Mehdi
Source : faktxeber
Comment