0
Sunday 16 January 2011 - 09:14

Hicab söz verilib? Bəs həbsdəkilər?

Story Code : 50673
Hicab söz verilib? Bəs həbsdəkilər?
Hicab söz verilib? Bəs həbsdəkilər?
Tanınmış ilahiyyatçı Mircəfər Əyyubzadə ölkədəki hicab qadağasını, dindarların kütləvi həbslərini və digər problemlərə münasibət bildirib:

-Bildiyimizə görə, Hacı Zülfüqar Mikayılzadə sizin yaxın dostlarınızdandır və hamıya da məlumdur ki, Hacı Zülfüqar xırda xuliqanlıq maddəsi ilə həbs olunub. Siz, Hacı Zülfüqardan qeyri-etik davranış görmüsünüz?

-Heç onlar özləri də Hacıdan qeyri-etik hərəkətlər görməyiblər. Hacı Zülfüqarın həyat tərzi İslamın buyurduğu həyat tərzidir. Kim Qurani-Kərimdən xırda xuliqanlıq görübsə, Zülfüqardan da xırda xuliqanlıq görə bilər. Bəli, Zülfüqarın xuliqanlığı “Hicaba azadlıq” şüarı səsləndirməsidir. Peygəmbərə də dəli deyirdilər. Bu təbiidir. Bir də nə deməlidilər? Axı, deyə bilməzlər ki, “biz bu kişini hicabı müdafiə etdiyi üçün tutmuşuq”.

-Hacı Zülfüqar Mikayılzadə həbs olunmamışdan əvvəl bildirmişdir ki, “Bizi həbslərlə qorxuda bilməzlər”. Sizcə, Hacının həbs olunması bununla bağlıdır?

-Yox, Hacını birinci dəfə deyil ki, aparırlar. Hətta Hacını bir dəfə qandallamışdılar da. Həmişəki kimi bu dəfə də bunlar məcbur qaldılar. Çünki bunlara İslam dininin həqiqi davamçısı olan adamın nəfəs alması belə sərf etmir. Çarəsizlikdən tutdular. Yəni Hacı Zülfüqar danışsaydı da, danışmasaydı da tutacaqdılar. “Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov ki, danışmamışdı. Onu niyə tutdular?

Məni ən çox narahat edən Azərbaycan ruhanilərinin, mollalarının məsələyə laqeydlik göstərmələridir. Dindarlara təzyiq göstərənlər bilirlər ki, Azərbaycan ruhanilərinin birliyi yoxdur, ona görə bu işləri görürlər. Ona görə arxayındılar. Əgər bilsələr ki, bir rurhanini haqq söz dediyinə görə tutsaq, bütün ruhanilər qalxacaq, onda heç vaxt belə addım atmazlar.
Allah bizə deyəcək ki, “nə layiqli əməlin yox idi, nə təqvan, nə də imanın. Bir dəfə hicab imtahanını qarşına çıxardım, onda da ya susdun, ya da qorxdun”.
-Əldə etdiyimiz məlumata görə, ilahiyyatçıları digərlərinə ibrət olsun deyə həbs ediblər. Buna münasibətiniz necədir?

-Ruhanilər başa düşməlidirlər ki, hətta qorxsalar belə başa düşməlidirlər ki, İslam dinini başqa dinlərdən fərqləndirən cəhəd budur - “İslam dininin davamçıları ölsələr də qalibdirlər, qalsalar da”. Bir də nədən qorxmalıyıq? Əgər haqqı desəm, həbs olunacamsa və bundan da qorxuramsa, mənim heç minbərə qalxmağa haqqım yoxdur. Çünki İslamda bitərəf yoxdur. Ya haqqı deyəcəksən, ya da batilsən. Ya zillətsiz həyat, ya da əbədi cəhənnəm. Bu məsələdə bəlli olur ki, kimlərsə Allah üçün mübarizə aparır, kimlərsə də öz fərdi maraqları üçün. Hamı bunu dərk etməlidir ki, bir xanım təzyiqə görə hicabsız məktəbə gedirsə, onda Azərbaycan kişisinin qeyrəti sual altındadır. Çünki bir nazir və onu dəstəkləyən bir neçə qurum çıxaraq deyir ki, “Biz belə istəyirik”. Azərbaycanda qanunverici orqan, Milli Məclisdir, yoxsa Təhsil Nazirliyi? Azərbaycanda milli mentalitetin ən böyük göstəricisi odur ki, heç bir kişinin haqqı olamamalıdır, başqasının qadınınan bir söz desin. Amma bir nəfər çıxıb deyir ki, “Azərbaycan xanımının geyiminin necəliyini mən təyin edirəm”.

Məncə bu qadağa məqsədyönlüdür və belə bir nəticəyə gəlmək olar ki, xalqı bir-birinə düşmən etmək istəyirlər. Niyə məhz Türkiyədə də, Azərbaycanda da hicab problemi movcuddur. Deməli, kimlərinsə bu işdə marağı var.
Bu gün xristianlar biz müsəlmanlara rahat şəkildə gülə bilərlər. Deyə bilərlər ki, “Azərbaycandakı müsəlmanlara ölüm olsun”. Çünki bu müsəlmanların namuslarına da söz deyilir, amma susublar ki, birdən bizi də tutarlar.
Bu gün ruhani və dindarların susğunluğunun da cavabı var. Bu susğunluğumuz bizim iki ruhani qardaşımızın bizə verdiyi vədəyə görədir. Hacı İlqar və Hacı Şahin qardaşlarımız bizə söz veriblər ki, tezliklə hicab problemi müsbət həllini tapacaq. Əlbəttə ki, bu o demək deyil ki, hicab məsələsini bu 2 şəxsə buraxmışıq. Buna qədər də, indi də, bundan sonra da müxtəlif inanclı insanlar fəaliyyətdədirlər. Hələlik, səbir edirik.

AZADxeber.az

Comment