QR CodeQR Code

"İslamTimes"-ın Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Dr. Yusuf Al-Hazeri ilə müsahibəsi:

500 min yəmənli uşaq qeyri-kafi qidalanma səbəbindən kritik vəziyyətdədir

IslamTimes , 29 Oct 2020 14:51

İslamTimes: "Birləşmiş Millətlər Təşkilatı Yəməndəki acınacaqlı vəziyyəti yüngülləşdirmək üçün nəzərdə tutulan bütün addımlara qarşı çıxır!"


İslamTimes xəbər verir ki, Yəmən xalqı bu günlərdə beynəlxalq qurumların tam sükutu ilə müşayiət olunan Qərb və Ərəb ölkələri rəhbərliyinin zərbələri səbəbindən ən pis durumdadır. Bu gün Qərb və ərəb başçıları tərəfindən himayə edilən media vasitələri məzlum yəmənli körpələrin başına gələn müsibətlərlə bağlı xəbərləri boykot edir!

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi təcavüzkar koalisiya qüvvələri hər gün Yəmənin müxtəlif bölgələrini bombalayaraq yüz mindən çox insanın birbaşa və dolayı yolla qətlinə, on minlərlə yəmənlinin yaralanmasına və üç milyondan çox insanın didərgin düşməsinə səbəb olub. Həmçinin Yəməndə infrastrukturların 80-faizdən çoxu viran edilib. Xüsusilə xəstəxanalar və tibb mərkəzləri yararsız vəziyyətə salınıb.

Hazırda böyrək çatışmazlığından əziyyət çəkən 4 mindən çox xəstə diyaliz mərkəzlərinin azlığı, bu sahədə fəaliyyət göstərən bəzi mərkəzlərin işini dayandırmaq məcburiyyətində qalmasından ciddi problemlərlə üzləşib. Bu sayaq mərkəzlərin əksəri yanacaq böhranı səbəbindən problemlərlə üzləşib. Amma bu gün hələ də yanacaq daşıyan gəmilərin Yəmənə daxil olmasının qarşısı alınır.
Hazırda Yəmənin neft tankerlərinin saxlanılmasından altı ay ötür. Bu altı ay ərzində Əl-Hudeydə limanına yalnız 5 tankerin daxil olmasına icazə verilib. Yəmən Neft Şirkətinin ehtiyatları təxminən 45 gün öncə tükənib. Son həftələrdə Ədən və Əl-Mukalla kimi keçidlərdən vacib sektorların ehtiyaclarının cəmi 10 faizi təmin edilib. Son günlərdə müstəqil əyalətlərə yanacaq göndərilməsi də tamami ilə dayandırılıb.
Bununla əlaqədar olaraq "İslamTimes"-ın müxbiri Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Dr. Yusuf Al-Hazeridən müsahibə alıb. Cənab doktora uyğun böhranın bu ölkənin səhiyyə sisteminə təsiri barədə sual ünvanlanıb.

Yəmən Səhiyyə Nazirliyinin sözçüsü cavab olaraq deyib:
“Təbii ki, yanacaq səhiyyə sektorunda iş və hərəkət arteriyasıdır! Yanacaq elektrik, daşınma, soyutma, təcili yardım üçün həyati önəm daşıyır. Nəticədə ondan məhrum edilməmiz demək olar ki, səhiyyə xidmətlərinin iflic olması deməkdir. Elektrik olmadan xəstəxanalar yalnız ilkin tibbi yardım göstərən sağlamlıq mərkəzlərinə çevriləcək. Elektrikin kəsilməsinin ilk saatlarında təqribən min nəfər həlak olacaq. Misal üçün, əməliyyat otağında olanlar, diabet xəstələri və ya sezaryen keçirən qadınlar qurban olacaq! Şübhəsiz ki, zaman keçdikcə ölənlərin sayı daha da artacaq!”
İşğalçıların Cinayətlərinin Sənədləşdirilməsi üzrə Milli Komitənin keçmiş üzvü Dr. Yusuf Al-Hazeri "BMT humanitar bir addım ataraq, səhiyyə mərkəzləri və xəstəxanaların zərər görməməsi üçün, darman və yanacaq böhranını həll etməyə kömək edə bilərmi" sualına cavab olaraq deyib:

“Bu humanitar böhranın yaranmasında və neft məmulatlarının Yəmənə daxil olmasının qarşısının alınmasında elə Birləşmiş Millətlər Təşkilatının özünün böyük rolu var. Bu beynəlxalq təşkilat yəmənlilərin acınacaqlı vəziyyətini azaldacaq hər hansı bir fəaliyyətə qarşı çıxmağı qarşısını məqsəd qoyub. Yəməndə Ali Siyasi Şura işçilərin maaşlarının yarısını ödədikdən sonra BMT təcavüzkar ölkələrə göstəriş verdi ki, Yəmənə neft tankerlərinin daxil olmasının qarşısını alsınlar. Çünki Yəmən əhalisinin durumunun stabilləşməsi BMT-ni narahat etmişdi. Onlar Yəmən xalqının daim çətinlik içində olmasını istəyirlər...”

Yəmən Səhiyyə Nazirliyinin sözçüsü əlavə edib:

“Bu gün BMT sadəcə kağız üzərində olan öhdəçiliklərindən üz döndərib. Yəmən faciəsində BMT-nin rüsvayçı rolu hər kəsə aydındır. Onlar bu gün dünyanın istikbarçı, hegemon dövlətlərinə digər zəif ölkələri talan etmək üçün şərait yaradır!
BMT iki dəfə Səudiyyə Ərəbistanının adını Yəmən körpələrinin qətliamı ilə bağlı qara siyahıdan çıxarmağa çalışıb. Bunlardan biri 2016-cı ildə digəri 2020-ci ildə gerçəkləşib. BMT elə bir şəraitdə Səudiyyə Ərəbistanının adını təmizə çıxarmağa çalışır ki, bu rejim 3000-dən çox yəmənli körpəni hava hücumları nəticəsində qətliam edib. Bundan əlavə bu gün minlərlə digər yəmənli körpə aclıq böhranı səbəbindən acınacaqlı bir durumdadır...”

"İslamTimes"-ın müxbiri müsahibənin davamında təcavüzkarların kimyəvi və qadağan edilmiş silahlardan istifadə etməsi və bu silahların məzlum və günahsız Yəmən xalqına dağıdıcı təsirləri barədə sual ünvanlayıb. Yusuf Al-Hazeri deyib:
“Kimyəvi silahların bir çox fəsadları olub. Cinayətkar koalisiya qüvvələrinin bu qadağan olunmuş silahlardan istifadəsi nəticəsində abortlar artıb və anadangəlmə qüsurla doğulan uşaqların sayı çoxalıb.

Təcavüz və mühasirədən dolayı çətinləşən maddi vəziyyətə görə, ölümlə nəticələnən çox sayda abort baş verir. Bu hallar çətin şəraitdən dolayı evdə, tam bir sükut içində gerçəkləşdiyindən uyğun ölüm halları tam sənədləşdirilmir. Amma ümumi olaraq, abortların 15 faiz, anadangəlmə qüsurla doğuşların 2 faizə qədər artdığını deyə bilərik...”

Yəmən Səhiyyə Nazirliyinin rəsmisi daha sonra qeyd deyib:
“Təcavüzkar koalisiya Yəmənin dağlıq ərazilərini də intensiv atəşə tutur. Bu dağlar (partlamamış) mərmilərlə doludur. Uşaqlar bu ərazilərdən keçdiyi zaman mərmilərə toxunduqda bəzən ani partlama baş verir. Çox sayda azyaşlı eynilə dediyim formada baş verən partlamalardan sonra ağır yaralanıb. Belə halların ksəriyyətində azyaşlıların əlləri, ayaqları amputasiya olunur."

Dr. Yusuf Al-Hazeri hazırda böhranlı şəraitə görə aclıq çəkən və ağır durumda olan yəmənli uşaqlar haqda deyib:

"5 yaşdan kiçik uşaqların 48 faizi, başqa sözlə desək 5.5 milyon körpədən 2.5 milyonu aclıq şəraitində yaşayır. Onların 500 mininin durumu kritikdir!”

Yəmən Səhiyyə Nazirliyinin rəsmisi əlavə etdi:
“80 mindən çox Yəmənli uşaq təcavüzkar koalisiyanın raketlərinin partlayış səslərindən dolayı müxtəlif ruhi xəstəliklərə düçar olub. Səna hava limanının 2016-cı ilin avqust ayından bu günə qədər bağlı olması səbəbindən digər xroniki xəstəliklərdən əziyyət çəkən on minlərlə uşaq müalicə üçün xaricə göndərilə bilmir.
Bir sözlə, uşaqların vəziyyəti yəmənlilərin ümumi vəziyyətindən fərqli deyil. Daha dəqiq desək uşaqlara qarşı daha qəddar davranılır.”

"Yəmən Səhiyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi olaraq İslam ölkələrindən və dünyanın azadlıq carçılarından nə gözləntiniz var" sualına cavab olaraq Yusuf Al-Hazeri deyib:

“2030 gündən sonra nə ediblər ki, bundan sonra da onlardan nə isə gözləyək? Bu gün güclü, imanlı, həqiqi İslami təşkilatlar varmı? Ancaq İran və bəzi müqavimət hərəkatlarını istisna edirik. Onlar daim yardımçı olublar. Ərəb və İslam ölkələri ABŞ və sionist rejimin tapşırığını yerinə yetirərək onların əlaltıları olublar. Onlar ABŞ ordusunu və Sionist rejimi qorumaq üçün öz uşaqlarının qanından keçirlər. Onlardan hər cür pislik gözləyirik. Başqa gözləntimiz yoxdur! Bu qüvvələrə rəhbərlik edən ölkə Səudiyyə Ərəbistanı şeytanın buynuzudur!”

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Amerika Birləşmiş Ştatları 26 aprel 2015-ci il tarixində Ərəb-Amerika koalisiyası yaratmaqla Yəmənə qarşı təcavüzə başlayıblar. Amma son 5 ildə BƏƏ və ABŞ xaricində digər müttəfiqlər koalisiyanı tərk ediblər. BƏƏ özü isə hazırda köhnə müttəfiqi olan Səudiyyə rejiminin Yəməndə əsas rəqibinə çevrilib.

 


Story Code: 894758

News Link :
https://www.islamtimes.org/az/interview/894758/500-min-yəmənli-uşaq-qeyri-kafi-qidalanma-səbəbindən-kritik-vəziyyətdədir

Islam Times
  https://www.islamtimes.org