0
Monday 8 August 2011 - 12:12

“Xalqı bir balaca razı salsınlar…”

Story Code : 90251
“Xalqı bir balaca razı salsınlar…”
“Xalqı bir balaca razı salsınlar…”
«Korrupsioner sistemi yaradan adam onunla necə mübarizə apara bilər?»
«Bütün sərvətlərin məhdud bir dairədə toplanması prosesi gedir»
«Polis, məhkəmə, prokurorluq, hətta Prezident Administrasiyası bu sistemə işləyir»


Bugünlərdə nəşr olunan “Toplum” jurnalında yazıçı Rüstəm İbrahimbəyovun müsahibəsi dərc olunub. Müsahibədə Azərbaycandakı mövcud durum, dövlətin idarə edilməsi, millətin gələcəyinə dair olduqca maraqlı, eyni zamanda kəskin, tənqidi fikirlər yer alıb.
Yazıçı bildirib ki, hazırda ölkədə 30-cu illərin ab-havası var: “30-cu illərdə varlı adamları tuturdular, deyirdilər ki, var-yoxunu verməsən, səni dama basacağıq. İndi də oxşar proses gedir. Yüz minlərlə adamın evini əlindən alırlar. İnsan biznes qurur, heç haqqını da ödəmədən var-yoxunu qapıb alırlar. Bir sözlə, indi bütün sərvətlərin məhdud bir dairədə toplanması prosesi gedir. Bütün sistem - polis, məhkəmə, prokurorluq, hətta Prezident Administrasiyası buna işləyir. İndiyə kimi heç vaxt belə olmamışdı. Blogerləri tutdular. Doğrudan da Azərbaycanda ”dünyada analoqu olmayan” şeylər baş verir - Harvardın məzununu da tutub həbsə atırlar”.
Yazıçı hesab edir ki, Azərbaycanda möhkəm ictimai rəy yaranmasa qanunsuzluğun qarşısı alınmayacaq: “Bizdəki sistem çox ağılla qurulmuş bir sistemdir. Müxalif qəzetlər var, nə istəsələr yazırlar, amma təsiri yoxdur. Heç ziyalılar da qəzetdə yazılanlara fikir vermirlər. Bu da əsl faciədir. Ziyalıların əksəriyyəti ictimai-siyasi proseslərə qarışmaq istəmir. Başa düşmürlər ki, əslində dövlətçilik maraqlarını tapdalayırlar. Çünki bu adamlar məhz dövlət maraqlarını əldə bayraq eləyib bizim evimizi, mülkümüzü, azadlığımızı əlimizdən alırlar. Sonra da özəlləşdirib öz adlarına keçirirlər”.
R. İbrahimbəyov bildirib ki, kommunist nomenklaturasından qalma aşağı səviyyəli adamlar indi külli-ixtiyar sahibi olublar. Onlar özləri kimilərini müxtəlif qaranlıq üsullarla, korrupsiya, yerlibazlıq yoluyla yuxarı dartırlar. Bu yolla yaranan elita isə keyfiyyətli ola bilməz: “İndi xaricdə çoxları təhsil alır. Amma kim gedir oxumağa? Əsasən varlı adamların uşaqları. Onların çoxu elə orada da qalacaq.
Varlı olmaq heç də pis keyfiyyət deyil. Baxır hansı yolla varlanmısan. Çar vaxtının dövlətliləri halal yolla varlanırdılar. Amma indi tək-tək adam tapılar ki, öz zəhməti, öz beyni hesabına varlanıb. Baxın, indi bizi idarə edənlər kimlərdir - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri, həmin dövrün orta və yüksək çinli məmurları, onların övladları, keçmiş komsomolçular. On minlərlə, bəlkə də yüz minlərlə ağıllı, savadlı azərbaycanlı küncə sıxışdırılıb, proseslərdən uzaqlaşdırılıb.
Deyirlər ki, guya mən başqa millətlərin ölkəmizdən çıxıb getməsinə təəssüflənirəm. Axı buradan təkcə özgə millətlər yox, azərbaycanlılar da gedib. Özü də çox sayda, hər cəhətdən güclü, keyfiyyətli insanlar gedib”.
Yazıçının sözlərinə görə, minlərlə adamı günün günorta çağı evindən küçəyə atırlar, torpaqlarını alırlar. Adını da qoyurlar dövlət maraqları: “Məhkəmə, polis, icra hakimiyyəti də bu prosesə dəstək verir. Leninin yaratdığı sistemin öz ideologiyası vardı, dövlətin maraqları da o ideologiyaya bağlıydı. Bu gün vicdanla namusu yenə kimsə özəlləşdirib. O vaxt bilirdik ki, bunu eləyən Lenindir. İndi isə bilmirik ki, vicdanı, namusu kim əlimizdən alıb, kim özəlləşdirib.
Mən özüm 10 il alim kimi böyük sistemlərlə məşğul olmuşam, bu məsələlərdən başım çıxır. Deyə bilərəm ki, bu yeni yaranan sistemin iki mərhələsi var. Birinci mərhələdə dövlətin əlində olan sərvətlərin boyük hissəsini özəlləşdiriblər. Özəlləşdirmə çekləri payladılar, amma axırda məlum oldu ki, sərvət az saylı dairənin əlində cəmləşib. Buna baxmayaraq, bu mərhələnin mahiyəti ondadır ki, nə qədər olmasa, xalqın da əlində nələrsə qaldı. İndi ikinci mərhələ gedir - bu da xalqda olub-qalan sərvətləri ələ keçirməkdən ibarətdir. Çox adam deyir ki, kaş bizdə də inqilab olaydı. Məncə, bu, böyük fəlakət olardı. Heç olmasa, bir balaca xalqı razı salsınlar ki, vəziyyət o həddə çatmasın. Mənim ayrı-ayrı müxalifətçilərə hörmətim olsa da, heç vaxt müxalifətlə əlaqəm olmayıb, siyasətdən uzağam. Amma bir vətəndaş kimi baş verənləri görəndə susa bilmirəm. Çünki görürəm ki, biz fəlakətə doğru gedirik. Korrupsiya ilə mübarizə komissiyasının rəhbəri bu sistemi yaradan insanlardan biridir. Bu, korrupsiyanı necə aradan qaldıracaq - özü-özüylə mübarizə aparacaq?”.
Comment