0
Saturday 30 July 2022 - 01:31

Bu gün hüznlü Məhərrəm ayının biridir

Story Code : 1006739
Bu gün hüznlü Məhərrəm ayının biridir
SalamNews xəbər verir ki, hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatıb. Yeni 1444-cü ilin başlanğıcı – yəni Məhərrəm ayının biri - iyulun 30-na, Aşura günü isə avqustun 8-nə təsadüf edir. Beləliklə, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatıb və 1444-ci il daxil olub.

Məhərrəm ayının hüznü Aşura günündəki misli görünməmiş faciə ilə bağlıdır. Hicrətin 61-ci ilində məhərrəm ayının 10-da İmam Hüseyn(ə) və onun 72 səhabəsi İraqın Kərbəla səhrasında zalım Bəni-Üməyyə xəlifəsi Yezid ibni Müaviyə tərəfindən şəhid edilib. İmam Hüseynlə (ə) birgə 72 nəfər qılıncdan keçirilir. Başsız bədənlər üstündə atlar çapılıb. Başlar isə nizələrə vurularaq, digərlərinə ibrət olsun deyə İraq və Şam şəhərlərində gəzdirilib. İmam Hüseynin (ə) ailəsi əsir götürülür və Dəməşqə Yezidin hüzuruna aparılıb.

Hadisənin 14 əsr bundan əvvəl baş verməsinə baxmayaraq, hər il bu qanlı hadisəni yüz milyonlarla insan xatırlayır və onu digər nəsillərə təlim edir. Zülm qarşısında qorxmazlıq hissi bu müqəddəs ayın ən bariz əlamətidir.

İmam Hüseyn ibni Əli (ə) Həzrəti Məhəmməd (s) peyğəmbərin nəvəsi olmaqla yanaşı, həm də, birinci İmam Həzrət Əlinin (ə) oğlu, eyni zamanda müsəlman ümmətinin üçüncü imamıdır. İslam peyğəmbərinin ən sevimlisi olan İmam Hüseyn (ə) hicri tarixinin 4-cü ilinin şaban ayında dünyaya göz açıb. Peyğəmbər buyurub ki, o, cənnət gənclərinin ağasıdır. Qurani-kərimdə "Əhzab" surəsinin 33-cü ayəsinə əsasən, beş müqəddəs insandan təşkil edilmiş Əhli-beyt ailəsinin biridir. Səhabələrdən nəql edilən hədislərə əsasən, o, peyğəmbərin ən sevimli nəvələrindən olub və Həzrət Məhəmməd (s) Hüseyn (ə) düşmənlərini hələ öz sağlığında peyğəmbər düşmənləri adlandırıb.

Belə bir zamanda baş verən faciə hərb baxımından adi görünsə də, az keçməmiş, bu faciə İslam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradıb. Tövbəkarlar qiyamı, Muxtar Səqəfinin qiyamı, Zeyd ibni Əlinin qiyamı, daha sonra Yəhya ibni Zeydin, Nəfsi Zəkiyyə, Məhəmməd ibni Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı və zülmkar hökumətlərə qarşı digər qiyamlar Aşura faciəsinin nəticəsində baş verib. Nəhayət, Əbu Muslim Xorasaninin İmam Hüseynin (ə) intiqamını almaq niyyəti ilə başlatdığı Abbasilər qiyamı sonda Hicrətin 139-cu ilində Bəni-Üməyyə hakimiyyətinə son qoyub.

İmam Hüseyn (ə) qiyamının şüarları ilə həyata keçirilən qiyamlar bunlarla bitmir və tarix boyu dəfələrlə təkrarlanıb.

Aşura faciəsi bir daha sübut edir ki, zülm və işğalçılıq fədakarlığın, qorxmazlıq və mərdliyin qarşısında acizdir, həmişə də aciz qalacaq. Bunu İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi şücaət, və mərdanəlik sübuta yetirib.

Məhərrəmin hüznünü yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil ondan ibarətdir ki, o heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi ədalətsevərlərin öz içindən qaynaqlanır.

Dünyanın müxtəlif bölgələrində olduğu kimi Azərbaycan da Məhərrəmin əvvəlindən 10 gün ərzində əzadarlıq məclislərinin və mərasimlərinin şahididir.