0
Tuesday 16 August 2022 - 09:05

Müharibənin sonu görünmür: “Rusiya çökmür, Ukrayna isə dağılır”

Story Code : 1009419
Müharibənin sonu görünmür: “Rusiya çökmür, Ukrayna isə dağılır”
Politoloq İlqar Vəlizadə Teleqraf.com-a müsahibə verib. Onunla müsahibəni təqdim edirik.

- Krım ətrafında maraqlı gəlişmələr yaşanır. Rusiyanın Krımdakı aviabazasındakı partlayışdan sonra Ukraynadan bu bölgənin azad ediləcəyi yönündə çağırışlar artıb. Üstəgəl, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Qara dəniz və Krım ətrafındakı donanmasını məhv edəcəyi ilə hədələyib. Baş verənlər haqda fikriniz necədir?

- Konkret gedişata və faktlara baxmaq lazımdır. Hədələr bir kənara, indiyədək Ukrayna ordusu hansısa bir əks-hücum əməliyyatı keçiribmi, bununla hansısa iri bir şəhəri geri alıbmı? Mən bunu görməmişəm. Bəli, Xerson vilayətində və ya digər istiqamətlərdə müəyyən kəndləri geri alıblar. Ukrayna ordusunun irimiqyaslı əməliyyat keçirdiyini isə görən olmayıb. Təbii ki, ərazilərini azad etmək istəyirlər, bunu bəyan edirlər. Amma bunun üçün uğurlu irimiqyaslı əməliyyat keçirmək lazımdır. Raketlə hansısa bazanı vurmaqla iş bitmir.

Düzdür, Ukrayna ordusu İlan adasında müəyyən nailiyyət qazanıb. Amma bunu necə ediblər? Raket zərbələri ilə kiçik bir adanı Rusiya qoşunlarından təmizləyiblər.

Dediyim kimi, Krımı, Xersonu və digər əraziləri azad etmək üçün irimiqyaslı əməliyyat keçirmək lazımdır. Hələlik bunu görmürük. Cəbhədəki real duruma baxdıqda, yaxın gələcəkdə əks-hücum əməliyyatının aparılacağı qeyri-real görünür. Əlbəttə ola bilsin ki, müəyyən müddətdən, məsələn, bir-iki ay sonra real vəziyyət dəyişəcək və biz bunu görəcəyik. Hazırda isə bunu görmək çox çətindir.

- Ukrayna ordusu ABŞ-dan yeni uzaqmənzilli raketlər alıb. Amerika ilə yanaşı, bir sıra Avropa ölkələrindən də müasir silahların göndəriləcəyi deyilir. Bu fonda isə Rusiya Ukrayna ordusunu Kursk vilayətini atəşə tutmaqda ittiham edir. Yeni hücum silahlarının gəlməsi ilə müharibənin Rusiya daxilinə sıçrayacağı mümkündürmü?

- Çətin. Çox güman bu silahları Ukraynaya verən Qərb onun qarşısında şərt qoyub ki, müharibə Rusiya ərazisinə keçməməlidir. Moskva da Qərbi hədələyir ki, müharibə federasiya ərazisinə keçsə, Rusiya NATO-ya savaş elan edəcək və açıq qarşıdurmanın coğrafiyası daha da genişlənəcək. Çünki bu halda Rusiya üçün itiriləsi heç nə qalmır və bu durumda hər bir addımı ata bilər.

- Qərb mediasında Rusiya lideri Vladimir Putinin müharibəni dayandırmaq üçün bəhanə axtarması haqda iddia dolaşır. Müharibənin Kreml daxilində və Rusiya cəmiyyətində gərginlik yaratdığı, Putinə qarşı etirazları artırdığı bildirilir. Həqiqətənmi Putin məqsədinə çatmadan müharibəni dayandırmaq istəyir?

- Qərb mətbuatında bunu yazırlarsa, demək, Qərb bunu istəyir. O da ola bilər ki, həqiqətən də Rusiyanın hakim dairələri bu haqda düşünürlər, yəni müharibəni dayandırmaq barədə fikri götür-qoy edirlər. Çünki müharibənin davam etdirilməsi böyük risklər də yarada bilər. Çox güman ki, Qərb dövlətləri də müharibənin dayanmasını istəyirlər. Buna görə də media vasitəsilə belə təəssürat yaradırlar ki, Rusiya müharibənin dayanmasını istəyir və bu yöndə addım atmağa çalışır.

İnformasiya müharibəsinin məntiqinə də baxmaq lazımdır. Hər bir tərəf isyəyir ki, informasiya müharibəsində qalib kimi görünsün. Əlbəttə, Avropa İttifaqı və NATO-nun aparıcı ölkələri istəməzlər ki, məğlub tərəf kimi nəzərə çarpsınlar. Buna görə də belə bir rəy formalaşdırmağa çalışırlar ki, Rusiya müharibəni dayandırmaq haqda düşünür. Dediyim kimi, bu o demək deyil ki, Rusiya bunu istəmir. Bunun üçün tərəflərin mövqeləri üst-üstə düşməlidir ki, hansısa bir nəticə olsun.

Digər yandan, Ukrayna hərbi-siyasi cəhətdən daha çox Avropa İttifaqına yox, ABŞ-a bağlıdır. Amerika da müharibənin bu şərtlər daxilində dayandırılmasını istəmir. Buna görə də Ukraynaya bütün lazımi dəstəyi verir. Öz müttəfiqlərini də dəstək verməyə məcbur edir ki, müharibə davam etsin.

- Müharibə uzandıqca Putinə qarşı çevrilişə cəhd ediləcəyi də müzakirə mövzusudur. Bu ehtimalı nə qədər real hesab edirsiniz?

- Hesab edirəm ki, müharibənin fəsadları daha acınacaqlı olsa, belə cəhdləri istisna etmək olmaz. Rusiyanın siyasi elitasında müxtəlif qüvvələr və qruplar var, onlar gələcəyi fikirləşirlər. Düşünürlər ki, Putin gec-tez hakimiyyətdən gedəcək, yerinə onlar, yaxud başqaları gələcək. Putinin yerinə keçəcək qüvvənin özləri olması üçün cəhdlər göstərirlər. Bunun indi baş verəcəyi ehtimalı bir qədər mürəkkəb görünür. Çünki müharibənin gedişində ölkə hərbi, siyasi, iqtisadi və sosial baxımdan o qədər zəifləməlidir ki, bu ssenari baş versin.

Digər yandan, siyasi qruplar əmin olmalıdırlar ki, onlar hakimiyyətə gələcəklər və bunu əldə saxlaya biləcəklər. Hazırda Rusiyada belə bir siyasi qüvvənin olduğunu görmürəm.

Hakimiyyətə gələcəyinə əmin olan qüvvə güclü təsirə malik olmalıdır ki, doğrudan da Putinə əvəz edə biləcək. Məncə, Rusiya iqtidarında belə qüvvə qalmayıb. Buna görə də bu ssenari qeyri-real görünür.

- Sizcə, Rusiya müharibənin sonunda və ya gedişində istəklərinə nail ola biləcəkmi?

- Qənaətimə görə, Rusiya taktiki cəhətdən müəyyən məsələlərdə istədiyinə nail olub, strateji baxımdan isə bunu demək çox çətindir. İndi deyən çoxdur ki, Rusiyanın cəbhədə hərbi gücü azalır, zəifləyir. Amma biz cəbhədəki duruma baxanda bunu görmürük. Ola bilsin ki, belədir, amma real müşahidə başqa mənzərəni göstərir. Digər tərəfə də baxın: Avropa iqtisadiyyatı nə gündədir? Avropa enerji böhranı ilə üz-üzədir, üstəgl, digər problemlər qitə ölkələrinə çox mənfi təsir göstərir.

Qərb və Rusiyanın informasiya vasitələri bir-birini ifşa etmək üçün yarışır. Hər iki tərəf bir-birini çökməkdə ittiham edir. Daha çox Qərb mediası Rusiyanın çökməyə başladığını deyir. Amma reallıq bunu göstərir ki, Rusiya indiyədək çökməyib, rubl bu və digər şəkildə sabit qalır, neft gəlirləri gəlməkdə davam edir. Düzdür, sanksiyalar var, amma bu məhdudiyyətlər Rusiya cəmiyyəti üçün o qədər də təsirli deyil.

Avropaya gəldikdə, avropalılar uzun illərdir stabil vəziyyətdə yaşayırdılar, böhranlarla üzləşmirdilər, indi durum fərqlidir. Rusiya isə böhranlara, inflyasiyalara öyrəşib. Kəskin inflyasiya, enerji böhranı, avronun ucuzlaşması, bir çox investisiya layihələrinin dayandırılması və sair müasir Avropa üçün yeni şeylərdir. Bunlar artıq Avropanın reallıqlarıdır. Əgər Rusiya bunu istəyirdisə, buna da müəyyən qədər nail olub.

Əlbəttə Ukraynada baş verənlərə ürək ağrısı ilə baxırıq. Ukraynanın yarısı dağılıb. Rusiya Ukrayna ərazilərinin 20 faizdən çoxunu işğal edib. Müharibə davam edir və tempi zəif olsa da, Rusiya qoşunları irəliləyir. Ola bilsin ki, Rusiya taktiki baxımdan nəsə əldə edib. Qələbənin strateji tərəfini isə zaman göstərəcək ki, kim uduzub, kim udub. Hələ ki nə Rusiya, nə də Ukrayna qələbə qazanıb.