0
Tuesday 24 February 2009 - 00:05
Alimlər və xadimlər

MOLLA İSMAIL QARABAĞI

Natiq Rəhimov
Story Code : 1032
MOLLA İSMAIL QARABAĞI

İlk öncə bunu qeyd etməliyik ki, İslam alimləri tərəfindən qələmə alınmış kitabların siyahısında bir neçə nəfər qarabağlı müəllifin adı vardır. Məsələn, məşhur biblioqraf alim Ağa Büzürg Tehrani cəfəri müəllifləri tərəfindən yazılmış on minlərlə kitabın siyahısını əhatə edən nəhəng "Əz-Zəriə ila təsanifi'ş-şiə" əsərində aşağıdakı Qarabağ ilahiyyatçı alimlərinin qısa həyatı və yazdıqları kitablar barəsində məlumat vermişdir:

Molla Yusif ibn Məhəmmədcan Qarabaği Məhəmmədşahi (hicri X-XI əsrlər).

Molla Nəcəf Əli ibn Fəzl Əli Qarabaği (hicri XIII əsr). Əsərləri: "Behcətu'l-əqaid" və "Misbahu'l-munir".

Molla Həsən ibn Məhəmməd Baqir Qarabaği (Şeyx Ənsarinin tələbəsidir, hicri XIII əsr). Əsərləri: "Təcvidu'l-Quran", "Təsamihu fi ədilləti's-sunən", "Risalətun fi's-sicillati'l-Quran", "Şərhu duai's-Səmat", "Məcmuətu'l-usuliyyə".

Qarabağın yetirməsi olan alimlər sırasında Molla İsmail Qarabaği xüsusi yer tutur. Molla İsmail Qarabaği qədim Azərbaycan torpağı olan Qarabağda doğulmuşdur. Müsəlman alimlərin həyatından bəhs edən kitablarda onun məhz indiki Azərbaycan ərazisinə daxil olan Qarabağ torpağında doğulduğu bildirilir. (Həmin kitab müəllifləri bu alimin Rusiya vilayətlərindən olan Qarabağda doğulduğunu yazmışlar. Məlumdur ki, o zaman Gülüstan və Türkmənçay müqavilələrinin nəticələrinə əsasən, Qarabağ torpağı Rusiyanın idarəsi altına keçmişdi və artıq Rusiya ərazisi sayılırdı).

Molla İsmail ibtidai təhsilini öz vətənində aldıqdan sonra daha yüksək səviyyəli dini bilik əldə etmək üçün Təbriz şəhərinə gedib, Hacı Səfərəli mədrəsəsində məskunlaşır. Bir neçə il Təbrizdə oxuduqdan sonra Qarabaği elmini təkmilləşdirmək məqsədilə Məşhəd şəhərinə köçür, oradan İsfahana, oradan isə Tehrana gedir. Tehranda oxuduğu müddətdə Qarabaği öz dövrünün iki ən məşhur aliminin dərslərində iştirak edir. Həmin alimlər bunlar idi:

1) Hacı Mirzə Məhəmməd Həsən Aştiyani Tehrani - Şeyx Mürtəza Ənsari kimi elm nəhəngindən dərs almış bu alimi müasirləri elm, əxlaq, iman və etibar sahibi kimi xarakterizə etmişlər. Aştiyani Nəcəf dini elmlər mərkəzində təhsilini başa vurduqdan sonra vətəni Tehrana qayıtmış və İslam dininin təbliği ilə məşğul olmuşdur. Həmin məntəqənin elm sahiblərinin əksəriyyəti dini məsələlərdə ona müraciət edirdi. Aştiyani öz müəllimi Şeyx Ənsarinin "Rəsail" kitabına şərh ("Bəhru'l-fəvaid") yazmış, icarə, şübhəli geyimdə namaz qılmaq kimi şəriət məsələləri barəsində əsərlər qələmə almışdır. Bu böyük alim hicri 1319-cu (miladi 1901) ildə Tehran şəhərində vəfat etmiş, cənazəsi Nəcəfə aparılaraq Şeyx Cəfər Şüştəri məqbərəsində torpağa tapşırılmışdır.

2) Molla Əli Kənni Tehrani - hicri 1220-ci (miladi 1805-ci) ildə Tehran yaxınlığında doğulmuş, Nəcəf şəhərində Şeyx Məhəmməd Həsən Nəcəfi ("Sahibi-Cəvahir" ləqəbi ilə məşhurdur) və Seyyid İbrahim Musəvi Qəzvini ("Sahibi-Zəvabit" ləqəbi ilə tanınmışdır) kimi böyük alimlərin yanında dini təhsil almışdır. Lüğət, fiqh, usuli-fiqh, hədis, rical, təfsir və s. dini elmlərdə misilsiz bacarığa malik olmuşdur. Molla Əli Kənninin "Əl-İstishab", "Əl-Əvamir", "Əs-Səlat", "Əl-Qəza və'ş-şəhadət", "Ət-Təharə", "Tövzihu'l-məqal fi elmi'd-dirayəti və'r-rical" və başqa əsərləri ona böyük şöhrət qazandırmışdır. Bu görkəmli ruhani alim öz dövründə böyük nüfuza malik idi; hətta İran şahı belə onun nüfuzu ilə hesablaşmaq məcburiyyəti qarşısında qalmışdı. Daima haqq-ədalət keşiyində duran və dinin yüksəlməsi naminə səylərini əsirgəməyən Ayətullah Kənni hicri 1306-cı ildə (miladi 1888-1889-cu illər) Tehranda vəfat etmiş, Şah Əbdüləzim adlı məşhur ziyarətgahda dəfn olunmuşdur.

Lakin o dövrdə cəfəri fiqhinin əsas mərkəzi İraqdakı Nəcəf və Samirə şəhərləri sayıldığı üçün,

Qarabağini də bu şəhərlər özünə cəlb edirdi. Hicri 1300-cü (miladi 1883-cü) ildə Molla İsmail Qarabaği Tehranı tərk edib İraqa köçmək qərarına gəlir. Tehran əhalisi nə qədər israr edib, onu saxlamaq istəsə də, alim razı olmur. Hətta tehranlılar onun üçün hər cür maddi və mənəvi şərait yaradacaqlarına söz verirlər. Lakin Qarabaği elə həmin il Samirəyə yola düşür.

Samirədə Molla İsmail Qarabaği təqribən 2 il ərzində məşhur müctəhid Mirzayi-Şirazinin dərslərində iştirak edir. Ayətullahu'l-uzma Mirzə Məhəmməd Həsən Şirazi (vəf. 1895-ci il) həm şəriət elmləri sahəsində, həm də siyasətdə böyük qüdrət sahibi olmuşdur. O, Nəcəfdə təhsil alıb yetişsə də, sonralar Samirə şəhərinə köçmüş və orada dini elmlər mərkəzi təsis etmişdi. Mirzayi-Şirazinin səyləri nəticəsində Samirə şəhəri qısa müddət ərzində cəfəri fiqhinin əsas mərkəzləri cərgəsində Nəcəflə yanaşı yer tutdu. XIX əsrin sonlarında İngiltərə imperializmi İran şahının hərisliyindən istifadə edərək, İranı iqtisadi cəhətdən asılılığa salmışdı. İngilislər İranın tütün sənayesini öz əllərinə keçirməklə, bu ölkənin iqtisadiyyatını demək olar ki, iflic etmişdilər. Belə bir şəraitdə Mirzayi-Şirazi «tənbəki fətvası» adlı məşhur fətva ilə çıxış edərək, tütün və tənbəkidən istifadənin haram olduğunu bildirdi. Nəticədə İngiltərə İrandakı öz tütün fabriklərini bağlamağa məcbur oldu. Belə bir qüdrətli və uzaqgörən alimin tələbəsi olmaq Molla İsmail Qarabağinin dünya görüşünün genişlənməsinə müsbət təsir göstərdi.

Qarabaği həmin illərdə Samirədə bir tələbə kimi dərs oxumaqla yanaşı, mənimsədiyi elmlərdən dərs deməklə də məşğul olurdu. O, bir müddət Mirzayi-Şirazinin elmindən bəhrələndikdən sonra Nəcəfə köçüb Fazil İrəvaninin tələbələri cərgəsinə qoşuldu.

Zaman keçdikcə Qarabaği Nəcəf şəhərində fəaliyyət göstərən alimlər arasında məşhurlaşır. Hədsiz dərəcədə təvazökarlığına, sadə həyat tərzi sürdüyünə, təmtəraq və dəbdəbədən uzaq qaçdığına görə ona xüsusi etimad göstərilirdi. Hətta Nəcəf şəhərində İmam Əlinin (ə) müqəddəs məzarının kənarında qılınan camaat namazlarında Nəcəfin bütün elm xadimləri ona iqtida edib, onu imami-camaat kimi qəbul edirdilər. Mənbələrdə Qarabağini kəramətlər sahibi kimi xarakterizə etmişlər.

Biblioqrafiya kitablarında zöhd və təqva nümunəsi kimi xatırlanan Qarabaği hər dəfə Kərbəlaya İmam Hüseynin (ə) məzarını ziyarət etməyə gedəndə Nəcəfdən Kərbəlayadək miniksiz, piyada yol gedərdi. O, hər həftənin cümə axşamı günü Kufə şəhərindəki əsas məscidə və Səhlə məscidinə gedib, həmin yerlərin ziyarət əməllərini icra edərdi.

Təqribən 1889-cu ildə Qarabağinin sevimli müəllimi Fazil İrəvani vəfat etdi. Bundan sonra Qarabaği bütünlüklə özünü müəllimliyə həsr edib, İslam şəriətinin incəliklərini tələbələrə öyrətməyə başladı. Ətrafındakılar onun təqlid olunmağa layiq bir səviyyəyə çatdığını (yəni mərceyi-təqlid olduğunu) görərək, ondan öz fətvalarını elan etməsini xahiş etdilər. Lakin bu böyük alim özünü mərcəiyyətə layiq bilməyərək, şəriət məsələləri barədə fətva verməkdən qətiyyətlə imtina etdi.

Həyatını İslam maarifinin təbliğ və tədrisinə həsr etmiş Molla İsmail Qarabaği hicri 1323-cü ildə (təqribən miladi 1905-ci il) Nəcəf şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Onun əsərlərindən yalnız birinin dəqiq adı məlumdur: «Fusulu'l-usula haşiyə». Şeyx Məhəmməd Hüseyn Tehrani İsfəhani Hairinin (vəf. 1254 hicri – 1838 miladi) "Əl-Fusul fi ilmi'l-usul" kitabı usuli-fiqh elminin incəliklərinə həsr olunmuşdur. Müəllifdən sonra yaşamış alimlərin bir neçəsi bu əsərə şərh və haşiyələr yazmışdır. Bu haşiyələrdən biri də Axund Molla İsmail Qarabağiyə məxsusdur. Həmin kitabın müəllif xətti ilə yazılmış əlyazma
nüsxəsi Qarabağinin şagirdi Mirzə Baqir Qazi Təbatəbai Təbrizinin kitabxanasında mövcud imiş.

Şübhəsiz, Qarabaği kimi yüksək səviyyəli alimin çoxlu sayda tələbələri olmuşdur. Lakin bu sətirlərin müəllifi mənbələrdə həmin tələbələrdən yalnız birinin adı ilə qarşılaşmışdır. Bu, yuxarıda adı çəkilən Mirzə Baqir Qazi Təbatəbai Təbrizidir. O, hicri 1285-ci (miladi 1868-69) ildə Təbriz şəhərində anadan olmuş, orada ilkin təhsilini aldıqdan sonra Nəcəfə köçərək, Molla Hüseynqulu Həmədani, Mirzə Həbibullah Rəşti, Molla İsmail Qarabaği, Fazil Şərabiyani və başqalarından dərs almışdır. Bir müddətdən sonra müəyyən səbəblər üzündən Təbrizə qayıdaraq iki il orada yaşamış, sonra yenidən Nəcəfə dönmüşdür. Bu dəfə Axund Xorasani, Ayətullah Maməqani, Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdi, Ayətullah Şəriət İsfəhani və sair alimlərin elmindən bəhrələnərək, onlardan ictihad icazəsi almışdır. Nəhayət, hicri 1324-cü (miladi 1906-cı) ildə həmişəlik Təbrizə qayıdaraq, dini maarifləndirmə ilə məşğul olmuş, ömrünü sadəlik, təqva və təvazökarlıq ilə başa vurmuşdur. Mirzə Baqir Qazi Təbatəbai hicri 1366-cı (miladi 1947-ci) ildə Təbrizdə vəfat etmiş, cənazəsi Qum şəhərinə gətirilərək orada torpağa tapşırılmışdır.

Bunu qeyd etmək yerinə düşər ki, XIX əsrin sonlarında Nəcəfdə İsmail Qarabaği adlı iki alim yaşayıb fəaliyyət göstərmişdir. Bəzi müəlliflər bu iki nəfərin həyatı haqqında məlumatları qarışdıraraq, onları eyni adam hesab etmişlər. Halbuki, yuxarıda haqqında danışılan Axund Molla İsmail Qarabaği hicri 1323-cü (miladi 1905-ci) ildə vəfat etmiş, o biri alim – Molla İsmail ibn Məhəmməd Cavad Qarabaği isə hicri 1327-ci (miladi 1909-cu) ildə dünyasını dəyişmişdir. İkinci alimin qələmindən çıxan "Mişkatu'l-muslimin" kitabı hicri 1295-ci (miladi 1878-ci) ildə Nəcəf şəhərində qələmə alınıb, hicri 1318-ci (miladi 1900-cü) ildə onun digər kitabı "İrşadu'l-kafirin"lə birlikdə Nəcəfdə çap olunmuşdur. Kitaba o dövrün nəhəng alimlərindən Fazil İrəvani, Fazil Şərabiyani, Axund Xorasani, Ayətullah Maməqani, Ayətullah Mazəndarani və başqaları müsbət rəy vermişlər ("Əz-Zəriə", cild 21, səh.61). Bu fakt onu göstərir ki, İsmail Qarabaği adlı iki alim ayrı-ayrı şəxslərdir. Çünki «Fusulu'l-usula haşiyə»nin müəllifi Axund Molla İsmail Qarabaği hicri 1300-cü (miladi 1883-cü) ildə Nəcəf şəhərinə köçmüşdü. Lakin “Mişkatu'l-muslimin” əsəri bundan beş il əvvəl – hicri 1295-ci ildə Nəcəfdə qələmə alınmışdır. Deməli, onun müəllifi Molla İsmail ibn Məhəmməd Cavad Qarabaği tamam başqa şəxsdir. Məşhur müsəlman biblioqrafı Ağa Büzürg Tehrani dəyərli "Əz-Zəriə ila təsanifi'ş-şiə" əsərində iki yerdə (cild 11, səh. 58 və cild 21, səh. 61) bu incə məqamı qeyd etmişdir.

Həmin «Zəriə» kitabında Molla İsmail Qarabağinin daha bir tələbəsi barədə məlumat verilir. Lakin ehtimala görə, həmin tələbə «Fusulu'l-usula haşiyə»nin müəllifi, hicri 1323-cü (miladi 1905-ci) ildə vəfat etmiş Axund Molla İsmail Qarabağinin tələbəsi olmuşdur. Çünki məhz o, İraqdakı təhsilinin ilk mərhələsini Samirədə – Mirzayi-Şirazinin hüzurunda keçmişdi. Haqqında söhbət gedən tələbə Şeyx Əbdu'n-Nəbi Əstərabadi Şəriətmədar da Samirədə Molla İsmail Qarabağinin (yəni ehtimala görə, tərcümeyi-halı birinci verilmiş şəxsin) hüzurunda oxuduğu ilk illərdə "Riyazu'l-məsail" kitabından dərs keçmiş, həmin dərslər əsasında "Rumuzu'r-Riyaz" kitabını qələmə almışdır. Şeyx Əbdu'n-Nəbi sonralar Nəcəfə köçmüş, Kufə məscidi ilə üzbəüz ev alaraq, orada yaşamağa başlamışdır. Qısa müddətdən sonra - hicri 1332-ci (miladi 1914-cü) ildə həmin evi satıb vətəni Tehrana qayıtmış, daha sonra isə Məşhədə köçüb ömrünün qalan hissəsini orada başa vurmuşdur. Hicri 1340-cı (miladi 1921-22) ildə Məşhəddə vəfat etmişdir.

Source : www.islam.az
Comment