0
Tuesday 1 September 2009 - 21:53

«MƏSCID SÖKÜLSƏ, QAN SU YERINƏ AXACAQ»

Story Code : 10935
«MƏSCID SÖKÜLSƏ, QAN SU YERINƏ AXACAQ»
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, dindarlar Suraxanı rayonu ərazisində yerləşən «Fatimeyi Zəhra» məscidinin sökülməsinə etiraz ediblər.

Aksiya iştirakçıları əllərində «Qan su yerinə axacaq- əgər məscid sökülsə!», «Zindan dustaqlarla dolacaq, əgər məscid sökülsə!» kimi şüarlar yazılmış plakatlar tutublar, həmçinin «Allahu əkbər» şüarları səsləndiriblər.

Aksiya qısa müddətdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dağıdılıb. Aksiya iştirakçıları dəyənəklə döyülərək ərazidən uzaqlaşdırılıblar. Aksiya iştirakçıları bir neçə nəfərin polis tərəfindən saxlandığını bildiriblər.

Dindarlar bildiriblər ki, bir neçə nəfər icra hakimiyyətində olub məscidin bağlanması ilə bağlı narazılıqlarını bildiriblər: «Bizə sabah məscidin sökülüb-sökülməyəcəyilə bağlı məlumat veriləcək. Cavab gözləyirik. Əgər məscid sökülsə, traktorun qarşısında dayanacağıq. Bura Allahın evidir. Biz məscidə pis niyyətlə yığışmırıq, ibadət edirik», deyə dindarlar bildiriblər.

«Milli mənəvi dəyərlər» İctimai Birliyinin üzvü Ramil Bayramov isə ANS PRESS-ə bildirib ki, aksiya bir neçə təşkilatın dəstəyi ilə keçirilib. O, dindarların məscidin sökülməsindən narahatlığını dilə gətirib: «Bu, artıq neçənci məsciddir ki, sökülür. «Cümə» məscidinin, daha sonra «Şəhidlər» məscidinin fəaliyyəti dayandırılıb, dini icmalar məsciddən uzaqlaşdırılıb. Məhəmməd Peyğəmbərin məscidi və Neft Daşlarındakı məscid isə söküldü. Buna etiraz etməsək, daha neçə məscidlərimiz söküləcək».

Qeyd edək ki, məhkəmə «Fatimeyi Zəhra» məscidinin sökülməsi ilə bağlı dünən qərar qəbul edib. Suraxanı Rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək, onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət edib.

R. Bayramov bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli sərəncamı ilə Yeni Günəşli qəsəbəsində "Fatimeyi Zəhra" məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsi ayrılıb. Tikintinin aparılması üçün müvafiq sənədlər isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanıb. Lakin Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 2002-ci ilin sonunda, həmin torpaq sahəsi uzun müddət istifadə olunmadığına görə, sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə sərəncam verib.
Source : İslammektebi.org
Comment