0
Monday 7 September 2009 - 22:10

TÜRKİYƏNİN ABŞ-DAKI KEÇMIŞ SƏFİRİNDƏN SENSASİON AÇIQLAMA

“Naxçıvanın statusu dəyişdirilə bilər”
Story Code : 11270
TÜRKİYƏNİN ABŞ-DAKI KEÇMIŞ SƏFİRİNDƏN SENSASİON AÇIQLAMA
“Cümhuriyyət Xalq Partiyası (CXP) AKP-nin Ermənistanla razılaşdırdığı protokolun zərərli olduğunu bəyan edib və onun ratifikasiya olunmasının qarşısını almaq üçün əlindən gələn hər şeyi edəcək. Biz bir millət, iki dövlətik və hamımızın buna sadiq qalmağımızı vacib sayırıq. Azərbaycanla Türkiyə arasında hər hansı problem yaranmamalıdır və heç bir hökumət buna cürət etməməlidir”. Bunu “Yeni Müsavat”a açıqlamasında Türkiyənin ABŞ-daki sabiq səfiri, bu ölkənin ən tanınmış diplomatlarından biri, CHP-dən olan millət vəkili Şükrü Ələkdağ deyib.

Qeyd edək ki, bəzi iddialara görə, Türkiyə iqtidarı Ermənistanla sərhədlərin Dağlıq Qarabağ münaqişəsi həll edilmədən açılmayacağına dair cəmi iki-üç ay əvvəl baş nazir səviyyəsində verdiyi vədin üstündən keçərək, diplomatik münasibətlərin qurulmasına dair İrəvanla tarixi anlaşma barədə razılığa gəlib. Türkiyə və Ermənistan diplomatik münasibətlərinin bərpasına yönəlmiş 6 həftəlik müzakirələrə başlamaq barədə anlaşıblar. Məlumata görə, danışıqların sonunda iki protokol imzalanacaq. Bundan sonrakı iki ay ərzində isə sərhədlər açılacaq.

Millət vəkili bildirib ki, bir müddət əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbərlər yayılan zaman Bakıda olarkən həm təmsil etdiyi partiyanın, həm də özünün mövqeyini ən sərt şəkildə ortaya qoyub: “Mən o zaman Bakıda da bəyan etdim ki, Türkiyə hökuməti Azərbaycanın maraqlarının üstündən keçərək Ermənistanla hər hansı münasibət qura bilməz. Bizim Azərbaycana səfərimizdən az sonra baş nazir Rəcəb Tayyib Ərdoğan da Bakıya getdi və orda dedi ki, Türkiyə sərhədi Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə görə bağlayıb, bu işğalın nəticəsi aradan qaldırılmayınca İrəvanla heç bir münasibət qurmayacaq. Bu sözdən geri çəkilmək olmaz, baş nazir verdiyi sözə əməl etməlidir”.
Ş.Ələkdağ bildirib ki, Ermənistanla razılaşdırılan protokolda həm Azərbaycanın, həm də Türkiyənin ziyanına çox ciddi məqamlar var. Bunlardan ən ciddisi 1921-ci ildə imzalanan Qars müqaviləsinin təhlükə altında olmasıdır. Qars müqaviləsi Türkiyəyə bir çox önəmli hüquqlar və üstünlüklər verir. Eyni zamanda Türkiyənin Naxçıvanın mövcudluğunun qarantı olduğu təsbit edir. Qeyd edilir ki, Türkiyənin iştirakı olmadan Naxçıvanın statusu məsələsinə baxıla və dəyişdirilə bilməz. Amma Ermənistanla razılaşdırılan protokolda bu məsələ açıq qalır. Həmin protokol ratifikasiya olunsa Qars müqaviləsi qüvvədən düşmüş sayıla bilər. Bu Naxçıvan üçün böyük təhlükədir və mən həyəcan təbili çalaraq hər kəsi bu anlaşmaya qarşı çıxmağa çağırıram. Amma bu protokol təkcə Naxçıvanı təhlükə altına almır, həm də Türkiyə-Ermənistan sərhədləri məsələsini də gündəmə gətirir. Çünki Qars müqaviləsində Türkiyə-Ermənistan sərhədləri təsbit olunub. Belə bir razılaşmaya getmək böyük bir xətadır, türk xalqı buna imkan verməməlidir. Eyni zamanda o da açıqlanmalıdır ki, protokolda Qars müqaviləsi barədə hər hansı məqam var, ya yox”.

Millət vəkili həmçinin deyib ki, paraflanan protokolda Türkiyə ilə Ermənistan arasında tarixi problemlərin araşdırılması üçün bir komissiyanın qurulacağı bildirilir: “Bu komissiyada kimlərin təmsil olunacağı, onun nələri araşdıracağı və əldə etdiyi sonucların hansı hüquqi nəticələr doğuracağı bəlli deyil. Sənəddən açıq-aşkar görünür ki, biz işğalçı Ermənistana ödül verməyə boyun oluruq. İşğalçını ödülləndirmək yox, cəzalandırmaq lazımdır”.
Ş.Ələkdağ bildirib ki, onda olan məlumata görə, AKP rəhbərliyində təmsil olunan bəzi şəxslər və bu partiyanın bir sıra deputatları da Ermənistanla paraflanan protokolun əleyhinə çıxacaqlar: “AKP-də olan vətənpərvər insanlar da bilirlər ki, bu protokolun ratifikasiya olunması Qars müqaviləsini təhlükə altına alır. Buna görə də AKP-nin özündə də buna etiraz edənlər var və Ermənistanla razılaşma hakim partiya daxilində narazılıqlara səbəb olub. Azərbaycandakı qardaşlarımıza bildirirəm ki, hamımız bir olsaq, bu protokol ratifikasiya edilməyəcək. Biz Azərbaycanın yanındayıq və ürəyimiz sizinlə döyünür”.
Hörmətli millət vəkili olduqca ciddi bir məsələni gündəmə gətirib. Türkiyənin ermənilərlə yeni anlaşması baş tutarsa, belə çıxır ki, nəinki işğal altındakı torpaqlarımızın statusu və taleyi, hətta əzəli yurdumuz olan Naxçıvanın taleyi təhlükə altına düşəcək. Biz Azərbaycan tarixçilərini və cəmiyyətimizi bu iddiaya münasibət bildirməyə çağırırıq.
Source : Yeni Musavat
Comment