0
Saturday 19 November 2011 - 14:04

İslam Partiyası BƏYANAT verdi

Story Code : 115227
İslam Partiyası BƏYANAT verdi
İslam Partiyası BƏYANAT verdi
BŞİH-in bu cür addımları cəmiyyətdə ciddi qarşıdurmaya, xalq-hakimiyyət inamsızlığı və etimadsızlığının yaranmasına xidmət edir

AİP mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi 10 noyabr 2011-ci il tarixli, təşəbbüs qrupunun müəyyənləşdirdiyi mitinqin təşkilatçıları adından Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 20 noyabr 2011-ci il tarixdə, saat 15:00-da mitinq keçirmək barədə müraciət ünvanlamışdır. Razılaşdırılmış aksiya keçirmək barədə yazılı müraciətə BŞiH ənənəvi olaraq, insanların konstitusion hüquqlarını kobud şəkildə pozan cavab vermişdir.

Biz mitinqdə “Qarabağa azadlıq”, “rüşvət və korrupsiyaya son”, “günahsız məhbuslara azadlıq”, “Konstitusiyaya hörmət” tələb və şüarlarını səsləndirəcəyimizi, qanunun bütün tələblərini diqqətlə nəzərə almaqla, dinc aksiya keçirməyimizi bildirsək də, şəhər meriyası yalançı bəhanələrlə insanların dinc toplaşmaq azadlığına maneə olmaqla, sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin - yəni hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığını, hər kəsin başqalrı ilə birlikdə uyğun dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququnu, “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın (Avropa Konvensiyası) 11-ci maddəsini (Azərbaycan Respublikası bu Konvensiyanı 2001-ci il dekabrın 25-də ratifikasiya edib) pozmaqda davam edir.

AİP baş verənləri ölkə vətəndaşlarının səsini boğmaq, azadlıqlarını məhdudlaşdırmaq kimi qiymətləndirir. Bu da öz növbəsində Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində Azərbaycan hakimiyyətinə beynəlxalq təşkilatların, super güclərin təzyiqinə münbit şərait yaradır. Azərbaycanda vəhdətə nail olmağın, ümumi düşmənlə birgə mübarizənin yolu məhz demokratik təsisatların, xalqın vətənpərvərlik duyğuların inkişafından keçdiyi halda BŞİH-in bu cür addımları əksinə olaraq, cəmiyyətdə ciddi qarşıdurmaya, xalq-hakimiyyət inamsızlığı və etimadsızlığının yaranmasına xidmət edir.

AİP belə addımları rədd edir, bütün diqqəti xalqın iradəsinin ifadəsinə, inam və etimadının yüksəldilməsinə, vətəndaşlarla haqqısızlığa son qoyulmasına yönəltməyi ən vacib addım sayır.
Source : HaqqYolu - FaktXeber
Comment