0
Sunday 20 November 2011 - 12:26

HaqqYolu Ziaylılar Forumunu dəstəkləyir

Story Code : 115528
HaqqYolu Ziaylılar Forumunu dəstəkləyir
HaqqYolu Ziaylılar Forumunu dəstəkləyir
Azərbaycan Respublikasında hakimiyyətin qeyri-demokratik yol tutması, beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri yerinə yetirməməsi bu ölkə ilə maraqlanan xarici vətəndaşlara da aiddir – kor-kor, gör-gör!
On illər boyu Azərbaycan xalqının, o cümlədən müxalifətin və islamçıların təlaşları iqtidarı istibdad, korrupsiya yolundan döndərə bilmədi. Səsini çıxaranı şərəfsizcəsinə şərləyib həbs etmək, hətta fiziki məhvinə əl atmaq adi hal aldı. Uğursuzluqların əsas səbəblərindən biri ziyalıların meydanda olmaması idi. Azərbaycan xalqı ziyalı sözünü övliya sözü sayır, bu sözü həyatına şüar edir.
Ziyalı zümrəsində uzun durğunluqdan sonra ümid qığılcımı göründü. 2009-cu ilin sonlarında Ziyalılar Forumu adlandırılan təşkilat ilk konfransı keçirdi. Konfransda ziyalıların cəmiyyətdə rolu müzakirə predmeti idi. Orada Azərbaycanın çox tanınmış ziyalıları iştirak edirdi. Bu forum daha çox bir meydan, ziyalıların tribunası kimi özünü göstərdi. Əlbəttə ki, hörmətli Maqsud İbrahimbəyovun tribunanın kənarında dayanması hamıya ürək verirdi.
Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Ramiz Rövşən, Cəmil Həsənli kimi tanınmış ziyalıların da təmsil olunduğu Ziyalılar Forumu son dövrdə ard-arda tədbirlər keçirdi. Toplantılarda adıçəkilən ziyalılarla yanaşı ölkədə tanınan digər ziyalılar, ictimai xadimlər iştirak ediblər. Foruma YAP-ın qurucularından olan sabiq deputat Şahlar Əsgərov, keçmiş deputat Gültəkin Hacıbəyli də qatıldı.
Professor Rafiq Əliyevin Ziyalılar Forumundakı çıxışından sonra Neft Akademiyasında kafedra müdiri vəzifəsindən azad edilməsi böyük əks-səda doğurdu. Çünki R.Əliyev sıradan bir şəxs deyil, onun dünya elminə böyük töhfələri olub.
R.Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1992-ci ildən Təbriz Universitetinin, 1999-cu ildən ABŞ-ın Corciya Dövlət Universitetinin, 2000-ci ildən Almaniyanın Siegen Universitetinin, 2003-cü ildən Yaxın Doğu Universitetinin professorudur, “Lütfi Zadə irsi və Süni intellekt” Assosiasiyasının prezidentidir.
1942-ci ildə Ağdam rayonunda anadan olan R.Əliyev 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci ildə texnika elmləri doktoru, 1976-cı ildə professor, 1989-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü statusuna yiyələnib.
O, 1971-ci ildə elm sahəsində Azərbaycan Lenin komsomolu mükafatı laureatı olub, 1983-də isə Elm və Texnika üzrə SSRİ Dövlət mükafatını, 1997-ci il ABŞ-ın Fulbright mükafatını alıb.
R.Əliyev “İnperfekt (tam olmayan) informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi” işinə görə Nobel mükafatı ala bilər.
Bu məsələnin məğzi ondan ibarətdir ki, hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilsin. Bu iş üzrə təklif Rafiq Əliyevə bir il öncə təklif olub və iş üzrə proses davam edir.
Qeyd edək ki, bu iş dünya iqtisadiyyatı üçün yeni ixtira hesab olunur, həm istehsalçı, həm də istehlakçılarla bağlı xüsusi önəm kəsb edir. Bu işin üzərində R.Əliyev Amerikada yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi-Zadə ilə birlikdə çalışır.
Akademikin Ziyalılar Forumunda təmsil olunması ADNA rəhbərliyini narazı salıb. Noyabrın 4-də Ziyalılar Forumunun təşkil etdiyi və ölkədəki ictimai-siyasi durumun ciddi tənqidi ruhunda keçən tədbirə onun aparıcılıq etməsi isə narazılığı pik həddə çatdırıb. Bununla da akademikin işdən çıxarılması haqda qərar verilib.
Rafiq Əliyev istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı Ramiz Allahverdiyevin təqdimatı ilə işdən azad olunub. Dekanın təqdimatında göstərilir ki, Rafiq müəllim son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir, ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb. Hətta bu yaxınlarda kafedranın bir dosentinə əmək intizamının pozulmasına görə töhmət də verilib.
Dekanın təqdimatında qeyd olunub ki, Rafiq Əliyev kafedrada qeyri-işgüzar şərait yaradıb. Bunun nəticəsində son vaxtlar iki dosent, bir assistent, iki laborant dözməyərək kafedradan çıxıblar, iş yerlərini dəyişməyə məcbur olublar. Bununla yanaşı elmi-tədqiqat və elmi-metodiki fəaliyyət göstərməyən professor Məmmədov uzun müddət kafedrada və pedaqoji heyətdə saxlanıb. Yalnız Dövlət Neft Akademiyası rəhbərliyinin müdaxiləsindən sonra, Elmi Şuranın qərarı ilə həmin professoru işdən kənarlaşdırmaq mümkün oldu.
Əslində isə Rafiq Əliyev son zamanlar aktiv ictimai fəaliyyətlə məşğul olur. İşdən çıxarıldığı gün də yaradıcılarından olduğu Azərbaycan Ziyalılar Forumu “Milli birlik: şərtləri və yolları” mövzusunda müzakirə keçirib. Rafiq Əliyev müzakirələrin aparıcısı olub. Onun kafedra müdiri vəzifəsindən azad olunmasına münasibət bildirənlərin əksəriyyəti hesab edir ki, bu, siyasi sifariş əsasında verilən qərardır.
Haqq Yolu Elm və Mədəniyyət İnstitutu Ziyalılar Forumuna təzyiqlərə, professor Rafiq Əliyevin işdən çıxarılmasına etiraz edir və bu fəlakətli hadisəni xalqımız üçün böyük faciə sayır. İnstitutun bir məqsədi var: Allah-Taala, Azərbaycan xalqı, ziyalı zümrə qarşısında vəzifəsini yerinə yetirmək. Biz gözəl anlayırıq ki, Ziyalılar Forumunda toplanmış insanların kimsənin dəstəyinə ehtiyacı yoxdur. Amma ziyalıya dəstək hər bir vətəndaşın öz ehtiyacıdır. Bu rəzalətə etiraz etməyən soydaş tarix qarşısında məsuliyyət daşıyır. Azərbaycanın ən yeni tarixində ilk dəfədir ki, həqiqi islahatlara ümid yaranıb. Çünki artıq hakimiyyətdən etirazlar bütün zümrələri əhatə edib. Əlbəttə ki, istər müxalifət, istər dindar, istər ziyalılar arasında mövcud rejimə bolşevik sədaqəti nümayiş etdirənlər var. Müxalifəti saxta müxalifətin, İslamçıları saxta islamçıların, ziyalıları saxta ziyalıların əli ilə vururlar.
Haqq Yolu EMİ inanır ki, müxalifət, ziyalılar, dindar kəsim əl-ələ versə ölkənin bütün problemləri həll olunar, ən əsası Qarabağ yarasına məlhəm qoyular.
Biz, hakimiyyətdən tələb edirik ki, bütün siyasi məhbuslar azad edilsin və Ziyalılar Forumunun simasında xalqın istəklərinə hörmətlə yanaşılsın. Əks-təqdirdə hakimiyyətin səhnədən zorla çıxarılması labüd olacaq. Hakimiyyət Ziyalılar forumunu kiçik bir qrup şəklində göstərmək istəyir. Amma bu kiçik qrup böyük Azərbaycan xalqına sonu görünməyən məmurlar sürüsündən min qat artılq fayda verə bilər – biz buna inanırıq!
Comment