0
Monday 28 November 2011 - 22:44

Abbasquluağa Bakıxanovun İmam Hüseyn sevgisi

Story Code : 118208
Abbasquluağa Bakıxanovun İmam Hüseyn sevgisi
Abbasquluağa Bakıxanovun İmam Hüseyn sevgisi
Sovetlər ittifaqı dövründə Bakıxanovun şəxsiyyəti və yaradıcılığının bir çox cəhətləri, o cümlədən əxlaqi-ürfani görüşləri dolğun əks etdirilməmiş və ya müəyyən səbəblər üzündən diqqətdən kənarda qalmışdır. Sovetlər dönəmindəki hakim siyasi, ədəbi mühitə uyğun olaraq dərin dini görüşlərə malik və sadiq olan şair və ədiblərin yaradıcılığında geniş yer almış əxlaqi-ürfani fikirləri, adətən, yazarın dünyagörüşündəki ziddiyyətlər kimi izah edir, onun səbəbini yazıçının yaşadığı mühitin, patriarxal dini baxışların ona göstərdiyi təsiri kimi qiymətləndirirdilər.

Bakıxanov dini etiqadlara hörmət və riayət edən edən müsəlman ailəsində doğulmuş, mükəmməl İslam tərbiyəsi almış bir ziyalıdır. O şüurlu şəkildə, heç bir siyasi mühitin basqısı olmadan müstəqil yaşamış və yaratmışdır. Çünkı onun qarşısında istənilən düşüncə məkanı və seçimi açıq idi. Bakıxanovun dini-fəlsəfi, əxlaqi-ürfani mövzulara müraciət etməyi bəzi yazarlarda müşahidə edilən səthi bir yanaşma, qələm sınağı olmamışdır. Adətən, klassik yazarların əksəriyyəti ömürlərinin xəzan fəslində əxlaqi-ürfani mövzulara müraciət edir, qələmlərini bu yöndə də sınağa çəkirlər. Bakıxanov isə tam əksinə, bu mövzulara gəncliyinin erkən vaxtlarından maraq göstərmişdir. Bunun ən böyük nümunəsi şairin gənc yaşlarında “Riyazül-Qüds” kimi dərin dini məzmunlu əsər yazmasıdır. Mərsiyə xarakterli bu əsərində Bakıxanov tam əqidəli bir müsəlman kimi dinə sədaqətini, Əhli-Beytə vurğunluğunu, onların dərdi ilə qovrulduğunu nümayiş etdirir:


Canə gəlmişdim Rəsul evladının dərdilə mən,
Söyləməklə dərdimi yüngül və assan eylədim.
Son vəsi evladının meydandakı cövlanını

Vəsf edib mən də qələm atilə cövlan eylədim.
Ümumiyyətlə, Bakıxanovun əsərlərində şərq poeziyasının, xüsusilə panteist ruhlu arif və şairlərinin təsir izləri müşahidə olunur.

Əhli-Beyt imamlarına, xüsusilə də Kərbəla şəhidi İmam Hüseynə diqqət və rəğbətini coşqunluqla ifadə edən Bakıxanovu Əhli-Beyt şairi də hesab etmək olar. Bir şerində Bakıxanov Əhli-Beyt şairi Möhtəşəm Kaşaninin Məhərrəm ayını vəsf edən şerinə nəzirə olaraq deyir:
Bu nə şuriş, nə qovğadır, tutubdur aləmi nalə,

Qana qərq olmuş hər bir göz qızarmış, sanki bir lalə

Uzanmaz hər qəmü-matəm, aman bəs bu nə matəmdir,

Ki, hey artar günü-gündən yenə o çatmaz ikmalə?!
Bu gün xalq arasında “on dörd məsumun tilavəti” kimi məşhurlaşan, Şeyx Bəhaəddin Amuliə mənsub olan duanın Bakıxanov tərəfindən nəzmə çəkildiyini yəqin ki, çox az adam bilir.

Sadə insanların ərəb dilində asan əzbərləməsi üçün nəzmə çəkilən bu dua “ilahi bi-nəbiyyin, ərəbiyyin və rəsulin mədəniyyin” misrası iıə başlayır.

Bakıxanovun içəridən gələn bir sevgi ilə öz ana dilində nəzmə çəkdiyi və indiyə qədər çap edilməmiş bir əsəri də “təvəssül” dua – münacatıdır.

Kiçik həcmdə olan bu əsər Əlyazmaları institutunun “fp-1525” şifrəsi altında qeydə alınıb. Əlyazma əsərinin təhqiq və düzəlişlərə ehtiyacı var. Amma onun ilkin, redaktə olunmamış variantının bir hissəsini sizə təqdim edirik:
Xudaya, gəilb dərgahıva bir əbdi miskin,

Zəlili-natəvan bir zari-ğəmgin.
Bihəqqi-Mustafa şahənşahi-din

Əğisna ya Ğiyasəl mustəğisin.
İmamım çün Əliyyi-Murtəzadır,

Muəynim Fatimə, Xəyrin-Nisadır.
Qabağında dəlilim Müctəbadır

Əğisna ya Ğiyasəl mustəğisin.
Qalan nəşi yer üstə xar üryan,

Olan öz qanına meydanda qəltan.
Bihəqqi-şahi- məzlum, ləbi-ətşan

Əğisna ya Ğiyasəl mustəğisin.
Yoxudur bir nəfər ənsari, ya Rəbb,

Olubdur gözlərim xunbar, ya Rəbb.
Bihəqqi- abidi-bimar, ya Rəbb

Əğisna ya Ğiyasəl mustəğisin.
Ki, taği ərşi elm bəhri moci,

Muhəmməd Baqirdir din pənahı
Bihəqqi-Cəfəri- Sadiq ilahi,

Əğisna ya Ğiyasəl mustəğisin.
İmam Museyi-Kazimdir rəhbər,

Xorasanın ğəribi xəlqə sərvər.
Bihəqqi- nuri- paki- Ali- Heydər,

Əğisna ya Ğiyasəl mustəğisin.
Şəfa olmaz ona hər kim şəqidir,

İmamım adilu kamil Təqidir.
Min bir yarəyə Hadi Nəqidir,

Əğisna ya Ğiyasəl mustəğisin.
Ki, gəldi bəndə bu zar fəğanə,

Bağışla Əskəri şahi-cəhanə.
Muhəmməd Məhdi Sahibzəmanə,

Əğisna ya Ğiyasəl mustəğisin.
A.Bakıxanov 1846-cı ilin martında Məkkə ziyarətinə getmişdir. O, Tehran, Təbriz, İstanbul, Misir marşurutu ilə arzusunda olduğu müqəddəs məkana yetişir. 1847-ci ilin əvvəlində Məkkə ziyarətindən qayıdarkən 52 yaşında Vadiyi-Fatimə deyilən yerdə vəba xəstəliyindən vəfat etmişdir.

Füzuli Şəfiyev (tədqiqatçı-yazar)/birlik
Source : birlik
Comment