0
Monday 5 December 2011 - 18:25

Xəstəxanaya aparılan hicab məhbusu haqda məlumat verilmir

Story Code : 119945
Hicab məhbusu
Hicab məhbusu
Məlumatı “Faktxeber.com” saytına Vaqif Abdullayevin ailə üzvləri verib.
Məhkumun yaxınlarının sözlərinə görə, dekabrın 3-də Bakı İstintaq Təcridxanasına yemək apararkən Vaqif Abdullayevin vəziyyətinin pisləşdiyini biliblər: “Bizə dedilər ki, təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Dekabrın 4-də Penitensiar Xidmətin Müalicə Mərkəzinə görüşə getməyimizə baxmayaraq görüş üçün icazənin ancaq məhkəmədən verilə biləcəyini söylədilər”.


Ailəsinin bildirdiyinə görə, Vaqif Abdullayevin səhhətində həbs olunandan ciddi problemlər olub və o, daim müalicə alıb: “Onun bronxlarında iltihab var və əgər daim müalicə olunmazsa, astma xəstəliyinə çevrilə bilər”.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına açıqlamasında bildirib ki, məhkumun səhhəti haqqında hər hansı məlumatın verilməsi həmin şəxsin öz razılığı ilə olmalıdır: “Heç bir məlumat verə bilmərəm”.


“Bəs səhhəti ilə bağlı məlumatın ictimaiyyətə verilməsi üçün Vaqif Abdullayevdən icazə istənilibmi” sualına Mehman Sadıqov cavab verməyib.


Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevi 11 il həbs cəzasına məhkum edib. Hazırda bu hökmdən verilən apellyasiya şikayətinə baxılır.


Vaqif Abdullayev Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunub.


2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 36 ictimai-siyasi fəalın 16-sı islamçı kəsimi təmsil edir. İslamçı kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və Azərbaycan xalqını “ayağa qalxmağa, zalım rejimə son qoymağa” çağırıb.
Source : AzadXeber
Comment