0
Saturday 10 December 2011 - 13:12

Rusiya NATO-nu müharibəylə hədələdi

Story Code : 121023
Rusiya NATO-nu müharibəylə hədələdi
Rusiya NATO-nu müharibəylə hədələdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov maraqlı bəyanatla çıxış edib. Nazir 2008-ci ildə yaşanan Rusiya-Gürcüstan müharibəsinin təkrarlana biləcəyini istisna etməyib. Lavrov 2008-ci ildə yaşanan müharibənin təkrarlanma səbəbi kimi isə Gürcüstanın NATO üzvlüyünə can atması olduğunu bildirib.
Brüsseldə Rusiya-NATO sammitində iştirak edən Sergey Lavrov keçirdiyi mətbuat konfransında Şimali Atlantika blokunu Gürcüstanı 2008-ci il müharibəsini təkrarlamağa yönəltməməyə çağırıb. Nazir “Gürcüstan rejimini eyni səhvi təkrarlamağa məcbur etməyin” sözlərini işlədib. NATO xarici işlər nazirlərinin toplantısında Gürcüstanın “namizəd tərəfdaş” olaraq tanınmasını sərt tənqid edən Rusiya xarici siyasət idarəsinin rəhbəri bildirib ki, alyans ölkələri Tbilisini müharibəyə sürükləyir. Çünki Gürcüstanın NATO-ya üzvlüyü bölgədə, xüsusən də Rusiya ilə yeni münaqişənin başlanmasına yola aça bilər.
Lavrov Gürcüstan prezidenti Mixail Saakaşvilinin nəzarətdə saxlanmalı olduğunu, onun məntiqsiz və gözlənilməz hərəkətlər edən bir rəhbər kimi tanındığını xatırladaraq NATO-nu məsuliyyətli olmağa çağırıb. ABŞ-ın yaxından iştirakıyla NATO-ya məxsus raket hücumundan müdafiə sistemlərinin (RƏM) Avropada yerləşdirilməsi məsələsinə toxunan Sergey Lavrov deyib ki, Türkiyədə qurulacaq RƏM sistemi Rusiyanın böyük bir hissəsini də nəzarətdə saxlayacaq. Moskva isə bununla razılaşa bilməz: “Sərhədlərimizə yaxın qurulacaq sistemin Rusiyaya qarşı olmadığına dair bizə zəmanət verilməsi lazımdır. Bunun üçün danışıqlar aparılmalıdır. Amma unutmaq olmaz ki, hər ötən gün danışıqlar müddətindən itirilir”.
NATO baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra mətbuat konfransı keçirən ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, rəsmi Moskva ABŞ və NATO-nun Avropada RƏM sistemlərinin yerləşdirilməsi planlarını yanlış anlayır. Klinton Avropada quraşdırılacaq müdafiə sisteminin Rusiyadan qorunmaq məqsədi daşımadığını xatırladıb. Anders Foq Rasmussen Avropa raket əleyhinə müdafiə sisteminə dair Rusiya ilə danışıqların davam etdiriləcəyini bildirib. Baş katib NATO-nun 2012-ci ilin mayında Çikaqo şəhərində baş tutacaq növbəti sammitinə kimi Rusiya ilə danışıqlarda müsbət irəliləyişlərin olacağına ümid etdiyini gizlətməyib.
Source : HaqqYolu
Comment