0
Monday 28 September 2009 - 23:06
Azərbaycan Xarici İşlər Naziri

FƏLƏSTINDƏKI VƏZIYYƏT HƏLƏ DƏ VACIB OLARAQ QALIR

Story Code : 12218
FƏLƏSTINDƏKI VƏZIYYƏT HƏLƏ DƏ VACIB OLARAQ QALIR
FaktXəbərin verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin sentyabrın 25-də Nyu-Yorkda keçirilən illik əlaqələndirici görüşündə çıxış edib. 

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov bildirib ki, İKT-nin 10 illik fəaliyyət proqramına uyğun olaraq təşkilata üzv dövlətlər islam həmrəyliyini bir daha təsdiqləməli və köməyə ehtiyac duyanlara dəstəklərini artırmalıdır: “Fələstindəki vəziyyət və Əl-Qüds Əl-Şərif məsələsi islam dünyası üçün hələ də vacib olaraq qalır və İKT-yə üzv dövlətlərin beynəlxalq aləmdə birgə mövqedən çıxış etməsini tələb edir. Azərbaycan qardaş Fələstin xalqının Əl-Qüds paytaxt olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılması istiqamətində səylərini dəstəkləyir”.

Nazir Ermənistanla uzun sürən münaqişədə Azərbaycanın ədalətli mövqeyinə və təcavüzün nəticələrinin aradan qaldırılmasında verilən dəstəyə görə islam aləminə və İKT-nin baş katibinə təşəkkür edib: “Bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının təxminən 20 faizi ermənilər tərəfindən işğal edilib. Etnik təmizləmələr nəticəsində 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb, minlərlə tarixi və mədəni, o cümlədən islam irsinə aid abidələr qarət edilərək dağıdılıb. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT və İKT-nin müvafiq qətnamələri, o cümlədən ATƏT-in aidiyyəti sənəd və qərarlarına əsaslanan sülh yolu ilə həllinin tərəfdarı olaraq qalır. Bu səbəbdən biz Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı məsələyə BMT çərçivəsində baxılmasına xüsusi önəm veririk. Güc tətbiq etməklə suveren dövlətlərin torpaqlarının zəbt edilməsi və bunun nəticəsində yaranmış vəziyyətin heç vaxt qanuni hesab olunmayacağına dair aydın xəbərdarlıq vermək bu universal təşkilatın səlahiyyətindədir. Buna görə də Azərbaycan İKT-yə üzv dövlətlərin ölkəmizin atdığı addımları və irəli sürdüyü təşəbbüsləri daim dəstəkləyəcəyinə inanır”
Source : Faktxəbər.com
Comment