0
Tuesday 20 December 2011 - 23:07

Masallıda aclıq aksiyası genişlənir

Story Code : 123896
Masallıda aclıq aksiyası genişlənir
Masallıda aclıq aksiyası genişlənir
Rayonun Ziyalılar Birliyinin rəhbəri Məmmədağa Zeynalovun Turana verdiyi məlumata görə, “Hər evdə aclıq” şüarı ilə keçirilən aksiya dekabrın 18-də başlayıb.

Bu günə aksiyada rayonun səkkiz kəndinin təxminən 40 sakini iştirak edir. Hüquq-mühafizə orqanları aksiya iştirakçılarına təzyiq göstərməyə çalışırlar. Əhalinin narazılığının əsas obyekti icra hakimi Qəzənfər Ağayevin özbaşınalığıdır. Bu şəxs bütün rayonu ələ keçirməyə və “özəlləşdirməyə” çalışır. Onun adamları yerli sahibkarların əmlakını əllərindən alırlar, müvafiq respublika orqanları isə rayon sakinlərinin şikayətlərinə məhəl qoymur.

Bütün bunlar rayonda gərginliyin artmasına səbəb olur, sakinlər əslən naxçıvanlı olan icra hakiminin yerli əhalini faktiki olaraq sıxışdırmasından narahatdır. Bakı tərəfindən şikayətlərə məhəl qoyulmaması rayonun şüurlu şəkildə “naxçıvanlaşdırılması” kimi qəbul olunur və yalnız gərginliyi artırır.

Hakimiyyətin özbaşınalığı fonunda rayonda narkomanlıq səviyyəsi artır, işsiz gənclər buna aludə olur, hakimiyyət isə buna qarşı heç bir addım atmır.

Yerli əhali hökuməti təcili tədbirlər görməyə, “ərəb baharı” və ya Qazaxıstan hadisələrinin təkrarlanmasına gətirib çıxarmamağa çağırır.

Öz növbəsində, rayon icra hakimiyyətinin nümayəndəsi Seyfəddin Əliyev Turana bildirib ki, “heç bir etiraz aksiyası yoxdur”. Daha sonra o, yalnız üç nəfərin etiraz etdiyini etiraf edib və onları “yeniliklərin və inkişafın düşməni” adlandırıb. Əliyev həmçinin kimlərinsə əmlak hüquqlarının pozulması faktlarını təkzib edib. (Turan)
Comment