0
Thursday 22 December 2011 - 20:05

Ərdoğan Türkiyənin Fransa ilə bütün əlaqələri dondurduğunu bəyan edib

Story Code : 124368
Türkiyə - Fransa
Türkiyə - Fransa
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın uydurma “erməni soyqırımı” da daxil olmaqla Fransa qanunvericiliyi tərəfindən tanınan soyqırımların mövcudluğunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirib.

APA-nın “Habertük”ə istinadən xəbərinə görə, Ankarada Ukrayna prezidenti Viktor Yanukoviçlə birlikdə mətbuat konfransı keçirən R.T.Ərdoğan bunu “haqsızlıq və fikir azadlığına qarşı olan qərar” kimi qiymətləndirib.

Onun sözlərinə görə, Fransada azad düşüncə prinsipləri parlamentin deputatları tərəfindən tapdalanıb: “Bu qərar Türkiyədən çox Fransaya qarşı haqsızlıqdır. Artıq Fransada azad düşüncə yoxdur. Qərarın qəbul olunmasına qarşı çıxan fransalı deputatlara təşəkkür edirəm”.

Türkiyənin öz tarixi ilə qürur duyduğunu vurğulayan baş nazir tarixin parlamentlərdə yazılmadığını, tarixi siyasi alətə çevirənlərin tarix və xalq tərəfindən bağışlanmayacağını söyləyib: “Bu qərara qarşı səssiz qalmağımız mümkün deyildir. İlkin mərhələdə Parisdəki səfirimizi geri çağırdıq, iqtisadi-ticarət komissiyasının toplantısından imtina edirik, bütün ikitərəfli siyasi, iqtisadi və hərbi əlaqələrimizi dondururuq, Avropa Birliyi çərçivəsində layihələrdə iştirakdan imtina edirik”.

Bundan başqa, R.T.Ərdoğan bundan sonra Fransa aviaşirkətlərinə məxsus təyyarələrin Türkiyə üzərindən hər bir uçuşu üçün ayrıca icazə alınmalı olduğunu, Fransa hərbi gəmilərinin isə Türkiyə limanlarına buraxılmayacağını bəyan edib: “Fransanın Afrikada törətdiyi soyqırımlarını bütün dünyaya tanıtmaq üçün də əlimizdən gələni edəcəyik”.
Comment