0
Tuesday 6 October 2009 - 20:53

RƏSMI BAKI NARAHATDIR

Story Code : 12760
RƏSMI BAKI NARAHATDIR
"Azərbaycan Türkiyə-Ermənistan protokollarından narahatdır və bu prosesi yaxından izləyir. Düzdür, öz tarixi və siyasi problemlərini aradan götürmək iki dövlət üçün də vacibdir. Amma Dağlıq Qarabağ münaqişəsi ilə Ermənsitan-Türkiyə münasibətlərinin ayrılıqda həlli mümkün deyil".

Bu barədə bu gün keçirilən mətbuat konfransında xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. Onun sözlərinə görə, yaxşı olardı ki, Azərbaycan sərhədlərinin bərpası, Azərbaycan torpaqlarının geri qaytarılması və Türkiyə-Ermənistan sərhədlərinin açılması bir paketdə olsun.

"Türkiyə-Ermənistan protokolu imzalanarsa, bu, danışıqlar prosesində Ermənistan tərəfinin mövqeyinə təsir edə bilərmi?" sualına cavabında isə Araz Əzimov artıq bu təcrübənin bir dəfə yaşandığını bildirib.

Araz Əzimov: "Artıq təcrübə göstərir ki, aprelin 22-də Türkiyə, Ermənistan və İsveçrənin birgə bəyanatından sonra mayın 5-də Azərbaycan və Ermənistan prezidentlərin görüşü olduqca çətin keçdi. Tək Azərbaycan yox, həmsədrlər də belə qənaətdə idilər ki, Ermənistan tərəfi həmin görüşdə öz mövqeyini sərtləşdirmişdi.

İkincisi, Türkiyənin-Ermənistan protokollarının imzalanması və bu mövzu ətrafındakı müzakirələrin hələ ki, gəlib çıxmadığı bir vacib akspekt var. Bir çoxu, ümumiyyətlə Türkiyə rəhbərliyi bizə zəmanət verir ki, protokollar imzalanacaq, daha sonra isə ratifikasiya məsələləri təxirə salınacaq. Bizim də rəhbərliyimiz bu bəyanatları diqqətə alır və deyir ki, Türkiyə rəhbərliyinin bu bəyanatlarını qəbul edirik.

Lakin protokollar imzalansa, bundan dərhal sonra Türkiyəyə yenidən təzyiqlər başlanıla bilər. Erməni lobbisi yenidən ABŞ konqresində qondarma erməni soyqırımı məsələsini qaldıra bilər. Və Türkiyə daha sonra məcburiyyət qarşısında qalaraq bizə gəlib deyəcək ki, biz bu məsələləri yenidən baxışdan keçirməliyik. Bu da bir imkandır.

Ona görə də deyirəm ki, mən şəxsən narahatam, məsələlər çox mürəkkəbdir. Mən istəməzdim ki, belə bir qara rəngli ssenari həqiqətə çevrilsin".

Araz Əzimovun sözlərinə görə, münaqişənin həllində Azərbaycan kompromisə getməyə hazırdır: "Vəziyyət sadə deyil. Heç bir münaqişənin yüzdəyüz həlli yoxdur. Amma münaqişələrin kompromislər, qarşılıqlı əsaslarla həll edilməsi prosesi mövcuddur. Nəyi isə kompromisə gedirsiz, müqabilində nəyi isə alırsız.

Bu səbəbdən Azərbaycan prinsipial mövqeyində duraraq hansısa kompromisə getməyə hazırdır. Yəni Dağlıq Qarabağın vertikal xəttlə tabe etmək mövqeyi ola bilər.

Azərbaycan bildirir ki, Dağlıq Qarabağa, orada yaşayacaq iki icmaya Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli idaerəetmə verməyə hazırdır. Bu o deməkdir ki, Azərbaycan artıq öz yolunu keçib və körpünün ortasında dayanıb, Ermənistan da maksimalist mövqeyindən çəkinməli və körpünün ortasına gəlməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələlərin həlli üçün razılıq bildirməlidir".
Source : ANS
Comment