0
Saturday 7 January 2012 - 11:56

56 ailə təhqir edilərək evlərindən bayıra atıldı

Story Code : 128277
56 ailə təhqir edilərək evlərindən bayıra atıldı
56 ailə təhqir edilərək evlərindən bayıra atıldı
«Bizim haqqımızı kəsirlər, ancaq vəzifəli şəxsə dəyərindən artıq verirlər»

Bakıda söküntü-dağıntı bumu davam edir. Şəmsi Bədəlbəyli, Füzuli küçələrinin, Neftçilər prospektinin sakinlərini yurdlarından didərgin salandan sonra növbə Yusif Səfərov küçəsinə çatdı. Sözügedən ünvan Bakı şəhər Baş Polis Idarəsinin yeni binasının yaxınlığında yerləşir.
56 ailənin yaşadığı ərazinin sakinləri 2012-ci ili evlərində qarşılaya bilmədilər. Məcburi surətdə evlərindən çıxarıldılar, az miqdarda kompensasiya ödənildi, razı olmayanlar, etiraz edənlər döyülərək, təhqir edilərək zorla evindən oldu.
Ərazinin əksər sakini müəyyən hədə-qorxularla evlərini tərk etmişdilər. Yerdə qalan 56 sakin isə isti evlərində son günlərini elə ötən ildə gerçəkləşdirdilər...

Prezident kompensasiyası nə deməkdir?

“Dekabrın 29-da bir qrup adam işığımızı, suyumuzu kəsdi. Məcbur etdilər ki, evdən çıxaq, əks halda buldozerin qarşısında qalıb, məhv olacağıq. Öncə inanmadıq, düşündük ki, bu qədər haqsızlıq etməzlər. Ancaq inanmadığımız başımıza bəla oldu. Evləri sökdülər, qadınlı, qocalı, hamını təhqir edib evdən çıxartdılar. Elə həmin gün də söküntü işlərinə başladılar. Məqsədləri iş gününə qədər söküntünü reallaşdırmaq idi. Bu arzularına da çatdılar” - bu sözləri sözügedən ünvanın keçmiş sakinləri deyir. Indi onlar dərd-qübar ilə xarabalıqdan boylanıb ötən günlərinin xiffətini yaşayırlar.
Buradakı bir mərtəbəli binalar 1905-ci ildə tikilib. Heç bir rəsmi sərəncam olmadan evlər uçurulub. Yurdlarının söküləcəyi xəbərini onlara Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Ağəli Əhmədov “muştuluqlayıb”. 


Sakinlərə “ədalətsiz kompensasiyalar”, yəni şəhərin bu hissəsində mənzilin dəyərindən xeyli az vəsait təklif edilib. Belə ki, hər kvadrat metr yaşayış sahəsi üçün 1250 manat üstəgəl 20% “prezident kompensasiyası” təklif olunur. Ancaq insanlar “prezident kompensasiyası”nın nə olduğunu soruşanda - hər kvadratmetr üçün əlavə 250 manat adlandırırlar.
35 kvadratmetr yaşayış sahəsi üçün 47 min manat təklif olunub. Iki evi olanın biri qeydə alınıb. Halbuki yaxınlıqdakı yeni binalarda təmirsiz mənzilin bir kvadrat metri 2000 dollardan yuxarıdır. Üstəlik, bu binalarda 80-100 kvadrat metrdən az sahəsi olan mənzillər satılmır.
Ərazidə onlarla qaraj, qaçqın və məcburi köçkün ailələri, bir neçə şirkətin ofisləri, o cümlədən dövlət idarələri sökülüb. Sonuncu sökülən “qala” isə Azərbaycan Dəmir Yolları QSC-nin Bakı yük stansiyasıdır. Indi onun “fatihəsi” oxunur. Fəhlələr isə para-para kərpicləri gətirdikləri maşınlara yükləyib iki-üç günlük “pulsuz” azuqə tapdıqları üçün sevinirdilər.
Ərazidə nəyin tikiləcəyi və kimin tikəcəyi sualına aydınlıq gətirmək mümkün deyil. Yaxınlaşdığımız insanlar “vallah bilmirik” deyib bizdən uzaqlaşırdılar.


Parkmı, göydələnmi, yolmu?

Evləri başlarına uçurulanlar kompensasiyanın ödənilməsinin qeyri-şəffaf həyata keçirildiyini deyirlər: “Apreldə pulu Kapital Banka köçürüblər, ancaq məlum olub ki, orada pul yoxdur. 3-4 ay sonra pulların ”VTB-Azerbaijan" bankında olduğu ortaya çıxıb".
Nəsimi rayon icra başçısının birinci müavini Ağəli Əhmədov mətbuata açıqlamasında bildirib ki, sakinlərə hər kvadratmetr üçün 1500 manatdan kompensasiya təklif olunub və 34 ailədən 16-sı vəsaiti alaraq köçüb. Yalnız sənədi olmayan tikililər üçün əlavə pul tələb edənlər qalıb: “Lakin kompensasiya 1 saylı forma arayışı və mülkiyyət hüququ haqqında sənədlərə əsasən yaşayış sahəsi üçün verilir.
Icra başçısının müavini qeyd edib ki, pullar rəsmi olaraq bank hesablarına köçürülür, həm də komisyon xidmətləri vətəndaşların hesabına ödənilir. O bildirib ki, sözügedən ünvanda yaşayış evləri park kompleksinin tikintisi ilə əlaqədar sökülür.
Ancaq sakinlər buna inanmırlar. Onlar deyirlər ki, burada park adıyla “göydələn” tikəcəklər: “Ona görə də belə edirlər. Məgər park salmaq üçün başqa ünvan tapa bilmirdilər?”.

“Burada elə ailə var ki, onun evinin sahəsi 66 kvadrat metrdir, ona kompensasiya üçün 25 kvadratını hesablayıblar: ”41 kvadrat göydə qalır. 1500 manatdan kompensasiya verilir. Deyirlər ki, hər kvadrat metr üçün 1250 manat, prezidentin ehtiyat fondundan 250 manat əlavə ödəyirlər" - deyir, sakinlər.
Yurdundan didərgin salınanlar bildirirlər ki, burada yaşayan bir neçə vəzifəli sənəddə yazılandan da artıq kompensasiya alıb: “Bir sakin yaşayırdı, prezident qvardiyasında işləyir. Onun evinin sahəsi 22 kvadratmetr idi, ancaq 49 kvadratmetr üçün kompensasiya ödənildi. Belə biabırçılıq olar? Bizim haqqımızı kəsirlər, ancaq vəzifəli şəxsə dəyərindən artıq verirlər”.
Ərazidə yaşayan insanlar parkın, yolun salınacağını deyənlər də oldu, göydələnin tikiləcəyini bildirənlər də.

Birotaqlı evlər nəzərə alınmır

Elə ailələr var ki, onlara bir manatda pul ödənilməyib. Adını da “evin sənədləri yoxdur” qoyublar. Hazırda bu cür ailələrin sayı 10-u ötür. Hamısı da Bakının küçələrində kirayə ev axtarışındadır. Məhkəməyə müraciət edən bir qrup sakinə qarşı daha çox haqsızlıq edilib. Belə ki, sakinlərin xeyrinə qərar çıxarılsa da, məhkəməni saya salan yoxdur. Elə əllərindəki sənəd qarışıq insanlar bayıra atılıb.
Hələ bu harasıdır, Icra hakimiyyəti 30 kvadratmetrlik birotaqlı tikililəri də nəzərə almayıb. Rayon icra hakimiyyətinin 1989-cu il tarixli sərəncamı əsasında qanuni olaraq evlər tikilib. Insanlar bir ətək pul töküb özlərinə ev salıblar, amma...
Əmması odur ki, birotaqlı evlər diqqətlə ölçülüb və fotoşəkli çəkilib. Bu isə mənzillərin alqısı zamanı korrupsiyaya yol verildiyini düşünmək üçün əsas verir. Əks halda heç nəzərə alınmayan otaqlarla bağlı niyə əlavə “iş” görülür ki?

***

“Heç olmasa imkan verəydilər bayramı öz evimizdə keçirəydik. 31 dekabr dünya azərbaycanlıların həmrəylik günü belə qeyd edilir?” - bu kəlmələri evlərindən didərgin salınan vətəndaşlardan ayrılan zaman eşitdik. Onların bu sualını cavabsız buraxıb geri dönürük...

Ramin DEKO
Source : Azadlıq
Comment