0
Friday 20 January 2012 - 09:57

Növbəti aksiya Prezident Administrasiyası önündə

Story Code : 131775
Növbəti aksiya Prezident Administrasiyası önündə
Növbəti aksiya Prezident Administrasiyası önündə
Polis taksi sürücülərinin aksiyasına sərt müdaxilə etdi; tikinti mafiyasının qurbanları isə Prezident Administrasiyasına yürüş etdilər; şəkli qəzetlərdə çıxan etirazçılar polis bölmələrinə çağırılır
Nəqliyyat Nazirliyinin köhnə avtomobillərlə sərnişinlərə taksi xidməti göstərilməsinə dair qadağasına etiraz edən sürücülər dünən yenidən nazirliyin qarşısına toplaşdılar. “Sarı inqilab”ın üçüncü günündə nəqliyyat naziri Ziya Məmmədovla görüş tələb edən aksiya iştirakçıları naziri məlum qərarı ləğv etməyə çağırdılar.
Yüzlərlə taksi sürücüsü Fövqəladə Hallar Nazirliyi Bakı Regional Şöbəsinin qarşısına toplaşdıqdan sonra Nəqliyyat Nazirliyinə doğru yürüşə başladılar. Səhər saatlarından sürücülərin toplaşacağından xəbərdar olan paytaxt polisi isə nazirliyin qarşısında, körpünün dörd istiqamətində və “20 Yanvar” metrosuna doğru mühafizə zolağı yaratmışdı. Polis sürücülərə icazəsiz aksiya keçirdikləri ilə bağlı bir neçə dəfə xəbərdarlıq etsə də sürücülər geri çəkilmədilər.
“Bu qərar Ziya Məmmədovun cibinə xidmət edir”
“Bizə deyirlər ki, ”London taksiləri"ndən götürüb işləyin. Başa düşmürlər ki, bizim o qədər imkanımız olsa, niyə taksiçilik edirik? Bənövşəyi taksilər 33 min manatadır. Maşınımı 4 min manata güclə sataram. Mən o qədər pulu haradan tapım? Biz nazirliyə ünvanladığımız rəsmi müraciətdə də qeyd etdik ki, köhnə sovet maşınlarının taksi fəaliyyətinə qadağa qoyulması nazir Ziya Məmmədovun cibinin dolmasına xidmət edir. İcazə verdikləri maşınlara elə tələblər qoyublar ki, bunu etmək üçün ən azı 3-4 min manat lazımdır".
Bunu qəzetimizə açıqlamasında aksiyaya gələn taksi sürücüsü, Ağdam sakini İlkin Haqverdiyev söylədi.
Aksiya iştirakçıları qəzetlərə və elektron mediaya təşəkkürlərini bildirib televiziyaları topa tutdular: “Nə yaxşı ki, ”Yeni Müsavat", “Azadlıq” kimi qəzetlər var. Biz hər gün həmin qəzetləri alıb problemimizlə bağlı yenilikləri oxuyuruq. Nəqliyyat Nazirliyi televiziyalara bizim aksiyaları çəkmək qadağası qoyub. Biz dünən (srağagün-red.) İTV-nin qarşısında toplaşanda da bildirdik ki, İctimai Televiziya biz vətəndaşların bu problemini işıqlandırmalıdır. Lakin onlar bizi heç qapıdan da içəri buraxmadılar".
Sürücülər bir daha nazir Ziya Məmmədovun onlarla görüşməsini tələb edəndə polislərin sərt üzü ilə qarşılaşdılar. “Siz kimsiniz nazir sizinlə görüşsün, davay, dağılışın buradan” - deyən asayiş keşikçiləri etirazçılara məsələhət gördü ki, “20 Yanvar” metrosuna doğru getsinlər: “Gedin ”20 Yanvar"a, orada toplaşmaq daha yaxşıdır".
Polislərin bu məsləhətinə sürücülər “bəlkə Prezident Administrasiyasına gedək”, sualı ilə reaksiya verdilər.
Aksiya iştirakçılarından bəziləri isə aksiyadan sonra İTV, ANS, “Lider”, “Space”, “Xəzər” televiziyalarının qarşısında toplaşmaq istədiklərini bildirdilər.
Qeyd edək ki, aksiya getdikcə böyüyürdü. Aksiyaya toplaşan sürücülər yoldan keçən həmkarlarının maşınlarını saxlatdırır, onlara bura niyə toplaşdıqları barədə məlumat verir, həmkarlarından dəstək və həmrəylik istəyirdilər. Bu da effekt verirdi. Digər sürücülər də aksiyaya qoşulurdu. Polis toplaşanların sayının çoxaldığını görüb aksiyanı zorla dağıtmağa qərar verdi. Bu zaman sürücülərlə polis arasında qarşıdurma oldu. Dərhal əraziyə əlavə polis qüvvələri cəlb olundu. Polis aksiyaya toplaşan sürücüləri “20 Yanvar” metrosu istiqamətinə sıxaraq ərazidən uzaqlaşdırmağa çalışdı. Bu zaman hadisə yerindən keçən digər taksi sürücüləri dayanmadan siqnal verərək polisin aksiyanı dağıtmasını özünəməxsus şəkildə protest etdilər.
Sürücülərə “şəklin qəzetdə çıxıb” şantajı
Aksiya zamanı sürücülərin daha bir problemlərini öyrəndik. Belə ki, taksi sürücülərinin bir neçə gündən bəri davam edən aksiyasına qatılan və jurnalistlərin fotoobyektivlərinə düşən şikayətçilər problemlə üzləşiblər. Sürücülər deyirlər ki, şəkilləri qəzetdə çıxan bəzi sürücüləri polis bölməsinə çağırıb onları müxtəlif vasitələrlə incidiblər.
Bu barədə qəzetimizə məlumat verən sürücülərdən biri dedi ki, bu işdə Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsi xüsusilə fəaldır. Bölmənin cinayət-axtarış şöbəsinin Cavanşir adlı rəisi Dərnəgüldə yaşayan və şəkli qəzetlərdə çıxan sürücülərə hədə-qorxu gələrək onlardan pul tələb edir. Taksi sürücüləri Bakı Şəhər Baş Polis İdarəsi ilə Nəqliyyat Departamenti əməkdaşlarının şəhərdə apardıqları birgə reydlər zamanı da analoji problemlə qarşılaşdıqlarını söylədilər.
Əli Hüseynov adlı taksi sürücüsü deyir ki, Nəsimi rayonu ərazisində onu saxlayan polis əməkdaşları qəzetdə şəklini göstərərək “Sən dövlətlə dövlətçilik edirsən”, deyə maşınını cərimə meydançasına aparıblar: “40 manat verəndən sonra maşınımı cərimə meydançasından çıxara bildim. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə zəng vurub məlumat verməyimin isə bir nəticəsi olmadı”.
Növbəti aksiya Prezident Administrasiyası önündə olacaq
Təxminən iki saata kimi davam edən aksiyanın sonunda polis sürücüləri zorla dağıtdı. Əlavə post-patrul xidməti maşınlarının gəlməsi ilə Nəqliyyat Nazirliyinin qarşısında qaçaqaç düşdü. Sürücülər bildirdilər ki, sabah (bu gün-F.İ.) Prezident Administrasiyası önünə toplaşaraq kütləvi aksiya keçirəcəklər. Onlar mitinqin gur alınması üçün əvvəlki qaydada SMS-lə həmkarlarına mesaj yollayacaqlarını söylədilər.

Comment