0
Thursday 26 January 2012 - 11:39

MTN-in bəyanatı İsrailə bağlandı

Story Code : 133255
MTN - bəyanat - İsrail
MTN - bəyanat - İsrail
Nazirliyin məlumatına görə, terrorçular Bakı yəhudi məktəbinin müəllimlərinə qarşı sui-qəsd hazırlayırmış. Əməliyyat nəticəsində Azərbaycan vətəndaşları Əliyev Rasim Fərail oğlu və Hüseynov Əli Əlihəmzə oğlu yaxalanıb. Məlumatda terror işində əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, İranın xüsusi xidmət orqanları ilə əlaqədə olan və hazırda İranın Ərdəbil şəhərində yaşayan Balaqardaş Dadaşovun adı hallanır.

B.Dadaşov 2011-ci ilin avqustunda Ərdəbildəki mənzilində qaynı Rasim Əliyevlə görüş zamanı sonuncuya Bakıda xarici ölkə vətəndaşları olan ictimai xadimləri öldürməyi sifariş edib və bunun müqabilində ona 150 min dollar verəcəyini vəd edib. R.Əliyev təkliflə razılaşıb, amma sifarişi icra edə bilməyərək yaxalanıblar.

Amma ictimai rəy MTN-in bu açıqlamasını birmənalı qarşılamır. Sabiq təhlükəsizlik zabiti, politoloq Ərəstun Oruclu burada şübhəli məqamların olduğunu deyir: “Azərbaycanda xüsusi xidmət, hüquq-mühafizə, məhkəmə orqanlarına, onların məlumatına cəmiyyətdə ümumən bir etimadsızlıq var. Son hadisə ilə bağlı da müxtəlif fikirlər səslənir. İctimai müzakirələrdən də görünür ki, bu məsələ ilə bağlı şübhəli məqamlar var. Məncə, birinci belə məqam İranın bu məsələyə münasibət bildirməməsidir. Bu, bir qədər müəmmalı görünür. İran bu kimi terror ittihamlarına onların adətən ABŞ, İsrail və ya başqa ölkədən gəlməsinə də baxmayaraq çox aqressiv reaksiya verir. İran Azərbaycandakı hicab qadağasına, məscid sökülməsinə də çevik reaksiya verib. Bu yaxınlarda sərhəd pozuculuğu məsələsinə də sərt reaksiya ilə rastlaşdıq. Ancaq rəsmi Tehranın indi Azərbaycanın dövlət qurumunun İranın İsrail vətəndaşlarına terror hazırlaması ittihamına reaksiya verməməsi şübhə yaradır. İlk növbədə bu, İran ətrafında terroru dəstəkləyən dövlət fikrinə bir az da rəng qatır. İranın susması onu deməyə əsas verir ki, ya Tehran bu məsələni qabartmaq istəmir, ya da bu məsələnin, saxlanılan insanların İrana heç bir aidiyyəti yoxdur. Ona görə də özünü təmkinli aparır”.

Ə.Oruclunun qənaətinə görə, terrorçu kimi təqdim olunan şəxslərin primitiv təsir bağışlaması da şübhə doğuran məqamdır: “Televiziyada göstərilən potensial terrorçular da peşəkar terrorçuya bənzəmirdi. Ümumiyyətlə, terror planı, silahların əldə olunması kimi epizodlar qeyri-ciddi təsir bağışlayırdı. Terrorçuların ailələrinin reaksiyası da şübhə yaradır. Bəzi ekspertlər deyir ki, məhkəmə qərarını gözləyək. Ancaq mən deyirəm ki, Azərbaycanda məhkəmə orqanlarına etimad etmək olmaz. Mən bu məsələnin deyildiyi kimi olmasına, bu adamların İranda təlim keçmiş terrorçular olduğuna inanmıram. Terrorun təşkilatçısı kimi təqdim olunan Balaqardaşın adının Hacı Məmmədov işi ilə hallanması da müəmmaları artırır”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev da MTN-in məlumatında bir sıra açıq məqamların olduğunu, terrorçu kimi təqdim olunan şəxslərin ciddi təsir bağışlamadığını deyir: “Terrorçular adətən xüsusi hazırlanmış adamlar olur. Televiziyalarda nümayiş olunan bu insanlarda həmin hazırlığı görmədim. Buna görə də onların terrorçu olması inandırıcı gəlmədi. Çünki söhbət cinayətin hazırlanmasından yox, xarici ölkənin Bakıdakı mərkəzinin partladılmasından gedir. Bu işdə terrorçular xüsusi hazırlanmış adamlar olmalı idi”.

M.Əliyev deyir ki, İran-Azərbaycan münasibətlərində ciddi problemlər var. Əvvəlki illərdən fərqli olaraq iki ölkə hökumətləri bu narazılığı açığa çıxarmağa başlayıb. M.Əliyev terrorun qarşısının alınması bəyanatının arxasında siyasi mesajların dayandığını istisna etmir: “Çünki bizim tutduğumuz yol İranın maraqlarına ziddir. Azərbaycan ABŞ və İsraillə müttəfiqdir, geosiyasi məsələlərdə bizim mövqeyimiz İranla ziddir. Əgər bu günədək iki ölkə arasında narazılıq açıq ifadə olunmurdusa, artıq indi narazılıq açıq deyilir. Telekanallarda bu barədə süjetlər gedir. Artıq ikitərəfli münasibətlər gərgin fazaya keçir”.

MTN-in bəyanatına İrandan bu günə qədər hər hansı rəsmi reaksiya olmayıb. Dünən məsələ ilə bağlı İranın Bakıdakı səfirliyinə müraciət etdik. Səfirliyin mətbuat xidmətindən verilən rəsmi açıqlamada bildirilir: “İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bu məsələnin İranla əlaqələndirilməsini qəti surətdə rədd edir və bildirir ki, bu məsələ sionistlərin iki ölkə - İran və Azərbaycan arasındakı əlaqələrə xələl gətirmək məqsədi güdən bir provokasiyasıdır”.
Comment