0
Saturday 28 January 2012 - 16:08

Qarabağ səmasında itirdiklərimiz... (ANIM)

Story Code : 133722
Qarabağ səmasında itirdiklərimiz... (ANIM)
Qarabağ səmasında itirdiklərimiz... (ANIM)
Bu gün Şuşa səmasında Azərbaycan Dövlət Aviasiya Konserninin (Azal) Mi-8 tipli sərnişin helikopterinin ermənilər tərəfindən vurulmasından 20 il ötür. 1992-ci il yanvarın 28-də “Azal”a məxsus Mi-8 helikopteri Şuşaya enərkən ermənilər tərəfindən daşınan zenit-raket kompleksi ilə vurulub. Sonradan müdafiə naziri olmuş Rəhim Qazıyevin gözü önündə baş verən bu olay zamanı helikopterdəki 44 nəfər həlak olub. Həmin hadisə ərazidə çəkiliş aparan operatorlar tərəfindən anbaan kameraların lentinə köçürülüb.

Maraqlıdır ki, bu gün dünyada Azərbaycanın Xankəndinə uçacaq təyyarələri vuracağı hədələrinə sərt reaksiya verməyə səsləyən və bunun üçün dəridən-qabıqdan çıxan ermənilər Qarabağ səmasında nəinki Azərbaycana, eləcə də keçmiş Sovet Ordusunun bölgədəki hərbi birləşmələrinə və İrana məxsus çoxlu sayda helikopter və sərnişin təyyarəsini vurublar.

Qeyd edək ki, Qarabağda gedən hərbi əməliyyatlarda Azərbaycan tərəfi aviasiyadan geniş istifadə edib. Azərbaycan aviasiyasına məxsus helikopterlər həm insanların, yaralıların döyüş meydanından çıxarılması ilə mühasirədəki mülki əhalinin evakuasiyasında yaxından iştirak edib. Pilotların öz həyatlarını riskə ataraq mülki sakinləri xilas etmək cəhdləri təbii ki, itkisiz də ötüşməyib. Ümumilikdə vurulmuş helikopterlərdən 11-dən beşində mülki şəxslər, hərbçilər və onların ailə üzvlərindən ibarət sərnişinlər olub. Eyni zamanda bir nəqliyyat helikopteri zədələnib. Yerdə qalan 6 helikopter isə döyüş helikopterləri olub.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ərzində ilk helikopteri 1989-cu ilin iyul ayının 14-də Kəlbəcər rayonu üzərində düşüb. Sovet ordusunun Azərbaycanda yerləşən hərbi hissələrindən birinə məxsus Mi-8 markalı hərbi nəqliyyat helikopterinin hansı səbəbdən düşməsi bu gün də açıqlanmır. Bəzi ehtimallara görə, bu hadisə o zaman bölgədə aktivləşməkdə olan erməni «Krunk» təşkilatının üzvləri tərəfindən törədilib. Hadisə zamanı 8 nəfər həlak olub.

Mülki şəxsləri daşıyarkən vurulmuş ikinci hadisə isə məlum 20 noyabr 1991-ci ildə baş vermiş terror olayıdır. Qarakənd və Ağdamın Mərzili kəndinin arasında vurulan Mi-8 helikopterində 22 nəfər, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, millət vəkilləri Vəli Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İqor Plavski, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev və digər şəxslər həlak olub.

Üçüncü hadisə yuxarıda qeyd olunan 1992-ci il yanvarın 28-də baş vermiş hadisədir. Şuşa səmasında vurulmuş “Azal”a məxsus Mi-8 helikopterində 44 nəfər həlak olub

Dördüncü hadisə 1992-ci ilin fevral ayında “Azal”ın sərnişinlərlə dolu helikopteri Ağdam yaxınlığında atəşə tutulub. Pilotlar manevr edərək bir Mi-8 helikopterini xilas etsələr də, ikinci helikopterin sükan vinti zədələnib. Nəticədə sıradan çıxan helikopter Ağdama qəza enişi edib.

Beşinci hadisə 1992-ci il may ayında baş verib. Mayın 12-də ermənilər Naxçıvan-Vaziani (Gürcüstan) marşrutu üzrə 2 min metr yüksəklikdə uçan, içərisində azərbaycanlılar və ruslar olan 1 ədəd Mi-26 helikopterini vurub. Nəticədə 3 ekipaj üzvü və 6 sərnişin həlak olub.

Qeyd edək ki, hərbi əməliyyatlar dövründə ermənilər Azərbaycanla yanaşı ruslara və İrana məxsus hava nəqliyyat vasitələrinə də atəş açaraq onları vurmağa çalışıblar. İranlı diplomatları daşıyan İran HHQ-yə məxsus “C-130 Hercules” təyyarəsinin ermənilər tərəfindən vurulması nəticəsində 19 sərnişin, o cümlədən 7 diplomat həlak olub.

Rəşad Süleymanov
Source : islamazeri
Comment