0
Wednesday 15 February 2012 - 14:11

Əliyevlərin Türkiyə-Fransa oyunu

Story Code : 138004
Əliyevlər - Türkiyə - Fransa
Əliyevlər - Türkiyə - Fransa
Bakıda süni hay-küy salanlar Fransada tərif yağdırmaqla məşğul imişlər
Azərbaycan hökumətinin Türkiyəyə qarşı münasibətdə nə dərəcədə qeyri-səmimi olduğu növbəti dəfə təsdiqini tapdı.
Məlum “soyqırım layihəsi” Fransa Senatında təsdiqlənəndə Azərbaycan rəsmiləri Fransanı qaralamaq üçün növbəyə durmuşdular. Həmin mərhələdə kimisi Fransanı ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarmağı təklif edir, kimisi ifadə azadlığını boğan dövlət adlandırır, kimisi də Avropanın beşiyində belə halın baş verməsini orta əsr təfəkkürü kimi qiymətləndirirdi. Amma indi məlum olur ki, Fransa Senatında qızğın müzakirələrin getdiyi, Türkiyənin Fransaya bu əməlinə görə az qala, od püskürdüyü, ən maraqlısı, Azərbaycan hökumətinin də Türkiyə ilə dildə həmrəylik nümayiş etdirdiyi bir vaxtda rəsmilərimiz əl altdan öz işlərində imiş. Belə ki, həmin vaxt Fransada nəşr olunan "Echanges internationaux" jurnalının Azərbaycanla bağlı "Azərbaycan: sürətli inkişafda olan iqtisadiyyat" adlı xüsusi buraxılışı çapa hazırlanırmış. Bu ilin yanvarında işıq üzü görən buraxılışı maraqlı edən Azərbaycanı öyən, iki ölkə arasındakı yüksək səviyyəli münasibətləri tərənnüm edən bəzəkli cümlələr deyil. Xüsusi buraxılışı xüsusi edən orada Azərbaycan rəhbərliyi və məmurlarının Fransanın ünvanına yağdırdıqları təriflərdir.
Məsələn, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyir ki, Xəzər dənizinin Azərbaycan sektorunda yeni "Abşeron" qaz yatağının kəşfində Fransanın "Total" və "Qaz de Frans" şirkətlərinin xidmətlərini xüsusi qeyd olunmalıdır. Çünki bu yataq Azərbaycanın enerji potensialını, eləcə də, Avropanın enerji təhlükəsizliyini gücləndirib.
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məqalədə İKT sahəsində Fransa ilə Azərbaycanın əməkdaşlığının perspektivləri, Fransa şirkətlərinin Azərbaycanın iqtisadiyyatına töhfəsi barədə fikirlərini bölüşüb. Sənaye və energetika naziri Natiq Əliyev ölkəmizin ərazisindən keçən və reallaşdırılması nəzərdə tutulan alternativ qaz kəmərləri haqqında məlumat verib və bildirib ki, Azərbaycan istənilən layihədə etibarlı bir tərəfdaş kimi götürdüyü öhdəliklərə sadiq qalacaq.
Deputat Rəfael Hüseynov isə Fransa-Azərbaycan parlamentlərarası əlaqələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına töhfəsindən danışıb.
Həşrdə həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində görülən işlər, bu sahədə təşkil olunan tədbirlər, hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyəti, Azərbaycan-Fransa Biznes Şurasının yaradılmasının əhəmiyyəti, Azərbaycan-Fransa Ticarət Palatasının hər iki ölkənin qeyri-neft sektorunda çalışan şirkətlərinin əməkdaşlığının inkişaf etdirilməsinin təşviqi, Fransa ilə Azərbaycan arasında əməkdaşlıq və onun yaxşı perspektivləri geniş şəkildə təsvir olunub. Beləliklə, Bakıda süni hay-küy salan, özünü Türkiyə ilə həmfikir göstərməyə çalışan Azərbaycan hökuməti elə kitabın çap olunduğu vaxtda - 2012-ci ilin yanvarında Fransanın ünvanına tərif yağdırmaqla məşğul imiş...
Source : HaqqYolu
Comment