QR CodeQR Code

Ziyalılar Forumundan Quba bəyanatı

4 Mar 2012 10:15

IslamTimes - Azərbaycan Ziyalılar Forumu (AZF) martın 1-də Qubada minlərlə insanın rayon icra hakiminin istefası tələbi ilə keçirdiyi etiraz aksiyası bağlı bəyanatla çıxış edib


Azərbaycan Ziyalılar Forumu (AZF) martın 1-də Qubada minlərlə insanın rayon icra hakiminin istefası tələbi ilə keçirdiyi etiraz aksiyası bağlı bəyanatla çıxış edib.

AZF xatırladır ki, son illər ölkədə ciddi sosial, iqtisadi, siyasi problemlərin olmasından dərin narahatlığını ifadə edib və hakimiyyəti vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb.

Lakin bu çağırışlar eşidilməyib və “martın 1-də Qubada baş vermiş hadisələr ictimai rəyə məhəl qoyulmamasına əsaslanan siyasətin nəyə aparıb çıxardığını əyani şəkildə göstərib”.

Müraciət müəllifləri əmindirlər ki, “Quba sakinlərinin bu dərəcədə kütləvi və qəti etirazına yalnız rayon icra başçısının xoşagəlməz davranışı səbəb olmayıb”. “Xalqın qəzəbli üsyanı cəmiyyətdə illərlə yığılmış sosial gərginliyin yüksək səviyyədə olduğunu göstərir”, deyə bəyanatda qeyd edilir. Bu sosial gərginlik Azərbaycanın bir çox digər regionları üçün də səciyyəvidir.

Qubada Azərbaycanda dövlət idarəçiliyinin nöqsanlarını səciyyələndirən problemlər əksini tapıb: vətəndaşların şərəf, ləyaqət və hüquqlarına tam etinasızlıq, total korrupsiya, kadr siyasətində proteksionizm və qohumbazlıq, icra, qanunverici və məhkəmə hakimiyyətinin bütün qollarını və regionların özlərini aralarında paylaşmış oliqarx klanların nümayəndələrinin özbaşınalığı.

AZF prezident İlham Əliyevi nəhayət bu dövlət idarəçiliyi təcrübəsinin təbii olaraq həm ölkə əhalisində, həm də beynəlxalq cəmiyyətdə ikraha səbəb olduğunu dərk etməyə çağırıblar. “O, səmərəsiz, təhlükəli, əxlaq qaydalarına ziddir və ölkəni qlobal sarsıntılara aparır ki, Quba hadisələri də bunun ilk təzahürü oldu”, deyə bəyanatda bildirilir.

Bəyanat müəllifləri xəbərdarlıq edir ki, xalqın səbri hüdudsuz deyil və daşmaq üzrədir, onun qarşısını yalnız təcili effektiv hərəkətlər və ilk növbədə ölkənin idarəetmə aparatının tamamilə yenilənməsi ala bilər.  /HaqqYolu/


Story Code: 142755

News Link :
https://www.islamtimes.org/az/news/142755/ziyalılar-forumundan-quba-bəyanatı

Islam Times
  https://www.islamtimes.org