0
Monday 5 March 2012 - 17:34

Siyasət dəyişməsə, bütün ölkə Qubaya çevriləcək...

Story Code : 143160
Siyasət - Quba
Siyasət - Quba
Azərbaycan Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazov Quba hadisələrinin kökündə hansı amillərin dayana biləcəyini açıqlayıb.

Yeni Musavatın yazdığına görə, O, bildirib ki, bu hadisəni yaradan səbəblər haqqında Azərbaycan mətbuatında müxtəlif səbəblər irəli sürülür. Lakin burda yalnız bir amili qabartmaq düzgün olmazdı: "Birinci və ən başlıca səbəb odur ki, həm Qubada, həm də Azərbaycanın hər bir bölgəsində həddən artıq sosial gərginlik və sosial narazılıq mövcuddur. İnsanlar yoxsulluqdan, rüşvətxorluqdan, məmur özbaşınalığından beziblər. Belə vəziyyətdə bu cür hadisələrin baş verməsini çoxdan gözləyirdik. Ola bilsin ki, bu narazılıqdan hansısa hakimiyyətdaxili çəkişmələrdə də kimlərsə faydalanmaq istəsin. Ancaq yenə də bu, əsas səbəb ola bilməz. Məmur məmura qarşı, ola bilsin, 50-60, hətta yüz adam çıxarsın. Ancaq 10 minə yaxın adam bir rayonda kütləvi etiraz aksiyası keçirirsə, deməli, bunun çox ciddi səbəbləri var".

E.Namazov vurğulayıb ki, Quba hadisəsi xəbərdarlıq olmaqla yanaşı, presedent də ola bilər: Elə rayonlar var ki, orada vəziyyət Qubadan da acınacaqlıdır, sosial durum daha ağırdır. Hakimiyyət əhalinin problemlərinin aradan qalxması, məmur özbaşınalığına son qoyulması istiqamətində tədbirlər görməyəcəksə, Qubadakı kimi hadisələrin təkrarlanması qaçılmazdır.

O, hakimiyyəti siyasi partiyaların, ziyalıların, İctimai Palatanın bir müddət əvvəl irəli sürdüyü islahatlar təkliflərini nə qədər ki gec deyil nəzərə almağa çağırıb: "Ziyalılar Forumu ötən ilin noyabrında milli həmrəylik mövzusunda xüsusi toplantı keçirdi, hakimiyyətə təkliflər verdi. Ötən il İctimai Palata Demokratiyaya keçidin Yol Xəritəsi" adlı təkliflər paketini təqdim edib. Bu təkliflərin, tədbirlərin hamısında məqsəd Azərbaycanı təlatümlərdən, çaxnaşmalardan xilas etməkdir. Lakin bunun üçün ilk növbədə hakimiyyət addım atmalı, cəmiyyətdən gələn təklifləri qəbul etməlidir. Təəssüf ki, ölkənin gələcəyi üçün irəli sürülən təkliflər nəzərə alınmır. Hətta bir çox hallarda hakimiyyət təmsilçiləri bu təkliflərə ironiya ilə yanaşırlar, təklifi irəli sürən tərəfin üzərinə gedirlər. Vəziyyət isə, göründüyü kimi, getdikcə gərginləşir. Məgər hakimiyyət görmür ki, ölkədə çox ciddi sosial gərginlik var və bu, ölkəyə də hakimiyyətin özünə də təhlükədir?!"

Politoloq bəyan etdi ki, Azərbaycanda sosial ədalətsizlik aradan qalxmasa, hamının hüquqlarını qoruyan sistem bərqərar olunmasa, ölkədə çox təhlükəli proseslər başlayacaq: Hakimiyyət bilməlidir ki, indiyə qədərki kimi davam edə bilməz, özlərini də, ölkəni də fəlakətə doğru aparırlar. Əgər bu siyasət dəyişməsə, bütün ölkə Qubaya çevriləcək və bu hadisələr bütün ölkə miqyasında baş verə bilər. /AzadXeber/
Comment