QR CodeQR Code

Qubada maskalılar adam oğurlayır

8 Mar 2012 11:01

IslamTimes - Rayon sakinlərinin evinə girən qara maskalılar aktiv etirazçıları həbs edir – yazır Musavat.


Qərb üsyançı bölgədəki prosesləri diqqətlə izləyir. Qubada səssiz repressiyalar başlanıb. Rayondakı qaynaqlarımızdan aldığımız məlumatlara görə, 1 mart üsyanında iştirak edən şəxslərin evlərinə elə həmin gün - martın 1-də gecə basqınları olub. Bu, sonrakı günlərdə də davam edib və edir.
Qara maskalılar mənzillərə zorla girir, saxlanılan şəxslərin başına torba keçirib Bakıya gətirirlər.
Aldığımız ən son məlumata görə, bir neçə gün əvvəl bu üsulla tutulanlardan biri də Quba şəhər sakini Samir Valeh oğlu Xammətovdur. 21 yaşlı S.Xammətovu etiraz aksiyalarında iştirak etdiyinə görə maskalılar tutub.
Hazırda o da Qubanın Qarxun kəndindən olan 1981-ci il təvəllüdlü Alxas Danyalov, Təngəaltıdan olan Fərhad Hüseynov kimi Bakıya gətirilib.
Bu şəxslərlə yanaşı, Bakıya daha iki şəxs gətirilib.
Tutulan şəxslər Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin zirzəmisində saxlanılır. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində sorğu-sual edilirlər. Qaynağımız bildirib ki, S.Xammətova da digər tutulanlara olduğu kimi, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub.
Əgər ittihamlar təsdiqini tapsa, tutulanlar 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.
Dünən tutulanlardan A.Danyalovun qardaşı Yusif Danyalovla əlaqə yarada bildik. Y.Danyalov qardaşının həbsi ilə bağlı bunları dedi: “Qardaşımı Qubadan oğurlayıb Bakıya gətiriblər. Alxas martın 1-də itib.

Telefonu söndürülüb. Biz Qarxunda mal-heyvan saxlayıb başımızı dolandıran adamlarıq. Qardaşım Alxasın ciyərləri xəstədir. O biri qardaşım da Qarabağ əlilidir. Alxas hadisədən bir gün əvvəl Qarxundan Qubaya bacımızın evinə gəlib. Onun ciyərləri xəstədir. Sənədləri Qubada bacımızın evində olub. Sənədləri götürüb Qusar xəstəxanasına getməli idi.
Qarabağ əlili olan qardaşıma da Qubadakı aptekdən dərman alıb gətirməli idi. Üstəlik, o, yataq xəstəsi olan anama da qulluq edirdi. Martın 5-də bizə zəng edib dedilər ki, Alxası Bakıya gətiriblər. Biz Bakıya gəldik, onunla görüşə bilmədik. Ona yemək də gətirmişdik, onu da götürmədilər. Bakıda heç yanı tanımırıq. Deputatımız Vahid Əhmədovu da tapa bilmirik. Ondan xahiş edirik ki, bizə qardaşımızın azad olunması üçün köməklik etsin”.
Dünən məsələ ilə bağlı Qubadan olan deputat Vahid Əhmədovla əlaqə saxlamağa cəhd göstərdik. Lakin hörmətli deputat telefon zənglərimizi cavabsız buraxdı.
Elə dünən ABŞ səfirliyi Quba hadisələri ilə bağlı münasibətini açıqlayıb: “ABŞ səfirliyi Qubada baş verən hadisələrdən xəbərdardır. Səfirlik bu hadisələrlə bağlı Azərbaycan mətbuatında yazılanlardan xəbər tutub. Hadisələri diqqətdə saxlamaq üçün mətbuatı izləməkdə davam edirik”.
Bu barədə gunxeber.com saytına ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibliyindən məlumat verilib. Məlumatda səfirliyin Quba hadisələrini ardıcıl olaraq izlədiyi qeyd olunub. Səfirliyin əməkdaşı saytın “bu hadisələrlə bağlı ABŞ səfirliyinin hər hansı açıqlaması, mövqeyi olacaqmı. Orada baş verənləri hansı kontekstdən qiymətləndirirsiniz” sualına belə cavab verib: “Biz bu hadisələri izləyirik, məlumatlıyıq.
Ancaq hələ mövqe bildirmək fikrində deyilik”.
Gunxeber.com Avropa Şurasının Bakıdakı səfiri Konstantin Yerokostopulosun da Quba hadisələrinə münasibətini öyrənib. Səfir bildirib ki, Avropa Şurasının Bakı ofisinin rəhbəri olaraq Qubada baş verənləri izləyir və olaylardan xəbərdardır. Amma K.Yerokostopulos məsələ ilə bağlı onun tərəfindən mövqe bildirilməsini doğru saymayıb: “Hadisələrdən xəbərdarıq.
Amma bununla bağlı hər hansı şərh vermək bizim mandatımıza uyğun deyil”.
Qubada baş verənlərin CM-in hansı maddələri ilə araşdırıldığı, istintaqın gedişi, həbs edilənlərin olub-olmadığı haqda hər hansı məlumat almaq mümkün deyil. Baş Prokurorluq bu haqda hər hansı açıqlama vermir.
Bu barədə “Media forum” saytı məlumat yayıb. Saytın əməkdaşı martın 6-da Quba rayon prokuroru Nazim Hacıyevlə əlaqə saxlayıb. Amma prokuror da bu barədə heç bir məlumat verməyib: “İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Ona görə də bütün suallarınızı Baş Prokurorluğa ünvanlayın”.
N.Hacıyev deyib ki, hadisələri araşdıran istintaq qrupunun üzvü deyil, Quba Rayon Prokurorluğu isə istintaqda iştirak etmir: “Cinayət işinin hansı maddə ilə açılması, həbs edilənlərin olub-olmadığı haqda məlumatım yoxdur”.
Xatırladaq ki, martın 1-də Qubada icra başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısının və qayınanasının villaları yandırılıb. Növbəti gün prezident İlham Əliyev R.Həbibovu işdən qovub.
Dünən Qubada bir qrup sakin yenidən etiraz aksiyasına başlamaq istəyib, lakin sonradan aksiya martın 7-nə keçirilib. Bu barədə “Turan”a hüquq müdafiəçisi Arzu Abdullayeva Qubadakı mənbələrə istinadən bildirib.
Vətəndaşların narazılığına səbəb martın 1-də aksiyada iştirak edənlərin saxlanmasıdır. Bundan əlavə, adamları fasiləsiz olaraq dindirməyə aparırlar. /HaqqYolu/


Story Code: 143922

News Link :
https://www.islamtimes.org/az/news/143922/qubada-maskalılar-adam-oğurlayır

Islam Times
  https://www.islamtimes.org