0
Friday 9 March 2012 - 22:14

Cəlilabad sakinləri də-"istefa" dedilər

Story Code : 144270
Cəlilabad - istefa
Cəlilabad - istefa
Artıq əyalətdəki insanlarmızı bu vaxta qədər dözdükləri problemlərə səbr etmək niyyətində olmadıqlarını diqqətə çatdırmaqdadırlar. Qubada baş verən olaylar bu yöndən ilk siqnal olsa da, digər rayonlarda da ciddi hərəkətlənmələr var.

Bir qrup Cəlilabad rayon sakini adından Bia.az-a ünvanlanan şikayət məktubu da insanların səbr kasasının daşmasının göstəricisi kimi qəbul oluna bilər. Həm də prezident İlham Əliyevə ünvanlanan sözügedən müraciətdə bildirilir ki, Cəlilabad rayonunda elektrik enerjisi sahəsində ciddi problemlər yaşayır, hətta bu problemlər içində boğulur: “Rayon Elektrik Paylayıcı Şəbəkəsi rəhbərliyi əhalinin problemlərinin həlli üçün heç bir iş görmür, qanunsuz əməllərlə məşğul olur. Abonentlərə qeyri-qanuni artıq borclar yazıblar. Həmin borclar sayğacın göstəricilərindən qat-qat yuxarıdır. Əhali işıq pulunu vaxtı-vaxtında ödəyir, lakin bu borclar hardan əmələ gəlib, heç kəsin başı çıxmır. Xəbərdarlıq eləmədən qapılara polis göndərirlər, əhalinin rahatlığını pozurlar. Özləri yazdıqları yalan borc kağızlarına görə əhalidən pul qoparmağa çalışırlar”.

Kəndlərdə işıq dirəklərinin artıq çürüdüyünü və məftillər qırıq-qırıq olduğunu yazan şikayətçilər qeyd edirlər ki, rayon batıb gedir: “Ustanı gətiririk, deyir, “mən bu dirəyə necə çıxım, aşa bilər”. Qış aylarında tez-tez qəzalar baş verir, çünki 1960-cı illərdə Sovet hökuməti tərəfindən yaradılmış inrfastruktur yenilənməyib və dəyişdirilməsinin vaxtı çıxıb. Fasilələrlə işıq verilir, eynilə Elçibəyin vaxtındakı kimi işıqla təmin olunuruq. Verilən işıq da gah közərir, gah gücləşir, bu da evdəki avadanlıqlarımızın yanmasına səbəb olur. Səsimizə səs verən yoxdur, dövlət orqanları bizi başlı-başına buraxıb. Əhali ilə müqavilə bağlanmayıb, hansı şərtlər altında biz onlara pul ödəməli və xidmət göstərilməlidir, müəmmalı qalır. Dövlət orqanlarına şikayət yazan abonentlərin adından saxta izahatlar yazıb yuxarı təşkilatlara göndərirlər, öz əməllərini ört-basdır edirlər. Sizdən bütün bunları nəzərə alaraq Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin müdiri İltizam Aslanovun işdən çıxarılmasını və yerinə daha diqqətcil, daha çalışqan bir rəhbərin təyin olunmasını xahiş edirik. /SizinYol/
Comment