QR CodeQR Code

Əli Həsənov: "Heç vaxt anti-İran meylli qüvvələr Azərbaycanda meydan oxumayacaq"

11 Mar 2012 20:00

IslamTimes - Son zamanlar İran-Azərbaycan münasibətlərində gərginlik yoxdur.


Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS-ə müsahibəsində bildirib ki, sadəcə olaraq İranda olan bəzi dairələr Qərb ölkələrinin İrana edəcəyi hərbi təcavüzdən ehtiyatlanaraq bütün qonşu dövlətlərə, xüsusilə də hərbi təhlükəsizlik sahəsində Qərb dövlətləri ilə münasibətləri olan qonşularına qarşı bu cür basqılar edir. Əli Həsənovun fikrincə, bütün bu basqıların əsasında isə rəsmi Tehran bir daha əmin olmaq istəyir ki, qonşularının ərazisindən onlara qarşı istifadə olunmayacaq.

"Azərbaycan dəfələrlə bu bəyanatı verib. Azərbaycan əlbəttə öz daxili, xarici münasibətlərini öz maraqlarına uyğun qurur. Xarici ölkələrin də maraqlarından çıxış edərək bu məsələlərin İrana dəxli yoxdur. İranda bizim soydaşlarımız var. Heç vaxt anti-İran meylli qüvvələr Azərbaycanda meydan oxumayacaq", deyə Ə.Həsənov bəyan edib.

Rəsmi Təl-Əvivin Azərbaycana böyük məbləğdə silah satmağı planlaşdırmasına dair İsrail mətbuatında yazılanların İranda narahatlıq yaratmasına da münasibət bildirən Əli Həsənov deyir ki, Azərbaycanın atdığı bütün addımların arxasında özünün hərbi təhlükəsizlik maraqları dayanır. Əraziləri işğal altında olan Azərbaycan heç kimə hücum etməyə hazırlaşmır.

"Ərazi bütövlüyümüz bərpa edilməyib. Azərbaycan müdafiə qabiliyyətini, qüdrətini necə bacarırsa, necə istəyirsə o cür də edir. Buna heç bir xarici ölkənin qarışmaq haqqı yoxdur. Azərbaycan heç kimə hücum etməyə hazırlaşmır. Ancaq öz suverenliyi üçün öz hərbi qüdrətini artırmaq istəyir", deyə Ə. Həsənov vurğulayıb.

Son zamanlar Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-i ilə bağlı danışıqların intensivləşdiyini deyən Əli Həsənovun sözlərinə görə, başqa bir ölkəyə məxsus hərbi obyektin Azərbaycan ərazisində olması ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub və bu istiqamətdə danışıqlar hələ də davam edir. /Milli.Az/


Story Code: 144809

News Link :
https://www.islamtimes.org/az/news/144809/əli-həsənov-heç-vaxt-anti-iran-meylli-qüvvələr-azərbaycanda-meydan-oxumayacaq

Islam Times
  https://www.islamtimes.org