0
Wednesday 21 March 2012 - 10:34

“Independent” qəzeti Azərbaycan hakimiyyətini hədəfə aldı

Story Code : 147199
“Independent” qəzeti Azərbaycan hakimiyyətini hədəfə aldı
“Independent” qəzeti Azərbaycan hakimiyyətini hədəfə aldı
Britaniyanın nüfuzlu “The İndependent” qəzeti Bakıda keçiriləcək “Eurovision” mahnı yarışması ilə bağlı növbəti dəfə Azərbaycandakı insan haqları problemlərini gündəmə gətirib. Qəzetin dünənki sayında dərc edilmiş “Qaranlıq yerdə yüngül əyləncə” başlıqlı məqaləsində deyilir ki, bu yarışmada 75 yaşlı ifaçı ilə təmsil olunan Britaniyanın qalib gəlmək şansı sıfıra bərabərdir. Ancaq buna baxmayaraq, milyonlarla britaniyalı yarışmanı izləyəcək. “Yarışmaya ev sahibliyi edəcək Azərbaycanda isə bu müsabiqə bir çox vətəndaşlar üçün əzablar gətirdi, çünki hökumət yarışmaya hazırlıq çərçivəsində minlərlə Bakı sakinini evlərindən zorla çıxardı” deyə, qəzet yazır.

Qəzet qeyd edir ki, Britaniyanın ictimai yayım korporasiyası BBC Bakıdakı müsabiqədə ölkəni təmsil edəcək 75 yaşlı Enqlbert Humperdinkin hansı mahnını ifa edəcəyini martın 19-da seçməlidir. “Onun İspaniyada diktator Franko dövründə keçirilən müsabiqədən sonra ən mübahisəli yarışmada hansı mahnını ifa edəcəyi müəyyənləşəcək. Azərbaycan ”Eurovision"a ev sahibliyi etmək hüququnu qazananda prezident İlham Əliyevin hökuməti bundan neft və qazla zəngin olan ölkənin inkişaf edən iqtisadiyyatını dünyaya nümayiş etdirmək fürsəti kimi istifadə etməyi qərara aldı. İnsan haqları fəalları isə optimist idilər ki, bu cür yüksək səviyyəli tədbir avtoritar rejimə insan haqları sahəsində acınacaqlı vəziyyəti düzəltmək üçün təzyiqlərin artmasına səbəb olacaq. Lakin indi insan haqları qrupları situasiyanın faktiki olaraq pisləşdiyini bildirir. “Human Rights Watch” tərəfindən ötən ay dərc edilmiş hesabatda Bakının “gözəlləşdirilməsi” bəhanəsi ilə hökumətin minlərlə insanı zorla evlərindən necə köçürdüyünü, onların evlərini əşyaları ilə birlikdə buldozerlərlə necə dağıtdığını detallı şəkildə əks etdirirdi" deyə, qəzet yazır.
Məqalədə həmin hesabatdan sitat gətirilərək bildirilir ki, “Eurovision” yarışması üçün tikilən sarayın ətrafındakı evlərin sakinləri yetərli kompensasiya verilmədən zorla evlərindən çıxarılıblar. Evlərini tərk etmək istəməyənlərin isə qazı və işığı kəsilib, sonda onlar da evlərindən çıxmağa məcbur olublar. İndi onların evlərinin yerində yarışmaya qatılacaq qonaqlar üçün “kurort zonası” tikirlər: “Hökumət bildirir ki, dağıntıların mahnı yarışması ilə birbaşa bağlılığı yoxdur və daha əvvəldən planlaşdırılıb. Lakin insanların evlərindən məcburi köçürülməsi Azərbaycanda insan haqları sahəsində daha böyük miqyasda olan problemlərin bir hissəsidir. Ötən ilin yazında ”ərəb baharı"ından ruhlanan müxalifət qrupları Bakıda korrupsiyaya, azadlıqların məhdudlaşdırılmasına etiraz olaraq bir neçə aksiya təşkil etdilər. Bu aksiyalar qəddarlıqla dağıdıldı, bir çox adam həbs edildi, onların arasında müxalifət xadimləri, jurnalistlər də yer alırdı. İnsan haqları qrupları bildirir ki, hazırda həbsxanalarda 60-dan çox siyasi məhbus var".
Qəzet xatırladır ki, ötən ilin sonunda Azərbaycan hökuməti Avropa Yayımlar İttifaqına təminat verdi ki, mahnı yarışması zamanı bütün iştirakçılar üçün söz və toplaşmaq azadlıqları təmin olunacaq. Tənqidə meylli bloggerlər və fəallar isə dərhal bildirdilər ki, bu haqlar onlara da şamil olunmalıdır. “Amnesty İnternational”ın proqram direktoru Con Dalhauzen isə bildirir ki, konsert zalından kənarda tənqidi səslərə imkan yaradılacağını gözləmək olmaz: “Bir çoxları bu yarışmanın boykot edilməsini təklif edirlər. Digərləri isə bunun əleyhinədir və hesab edirlər ki, ölkəyə çoxlu sayda KİV mənsublarının gəlməsi insan haqları sahəsində vəziyyətə beynəlxalq ictimaiyyət tərəfindən daha çox diqqət yetirilməsinə səbəb olacaq. AYİ müsabiqə ətrafında gedən mübahisələrə qoşulmur və bildirir ki, bu yarışma siyasətdən kənardır. Lakin ittifaq yarışmanın bir çox ölkə tərəfindən boykot olunacağı təqdirdə bunun ”böyük məyusluq doğuracağını" da ifadə edir. BBC isə yarışma ilə bağlı mübahisələrə şərh vermir, ancaq korporasiyanın rəsmisi bildirib ki, onların nümayəndəsi Bakıda AYİ rəsmiləri ilə görüşəcək və sakinlərin evlərindən məcburi köçürülməsini müzakirə edəcək".
Source : Müsavat
Comment