0
Monday 26 March 2012 - 08:08

QARA MAYA 57 GÜN QALDI!

Story Code : 148200
Qarabağ - Ermənistan - Azərbaycan
Qarabağ - Ermənistan - Azərbaycan
İndiki durumda Qarabağ probleminin həlli 3 istiqamətdə mümkün ola bilər. Birinci, ermənilər səhv etdikləri qənaətinə gəlib geri çəkilməlidir. İkinci, beynəlxalq güc mərkəzləri Ermənistana işğal etdiyi əraziləri azad etmək üçün təziq etməlidir. Üçüncü, Azərbaycan müharibə ilə torpaqlarını azad etməlidir.

I

Ermənilər səhv etdiyinin fərqində deyil. Onları bir millət olaraq inandırıblar ki, düz yoldadılar. Bu durumda ermənilərin səhv etdiyinin etirafını gözləmək ağılsızlıq olardı.
Lakin bu o demək deyil ki, ermənilərlə iş aparmaq lazım deyil. Ermənilərlə mütləq iş aparılmalıdır. Amma bu iş aparılmır. Əvəzində pafoslu “vətənpərvərlərin” şüarları erməniləri perik salır.

Bir misal:

Dağlıq Qarabağda, yəni bu gün Azərbaycan vətəndaşı olduğunu iddia etdiyimiz ermənilərin yaşadığı ərazidə telekanallarımızın hamısına adi antena ilə baxmaq mümkündür. Dilimizi hələ də unutmayan ermənilər var ki, bu telekanalları izləyir. Aydın məsələdir ki, idarəetmə strukturları da izləyənlər arasındadır. Ancaq əsas hədəf sadə ermənilər olmalıdır. Bəs sadə erməni Azərbaycan telekanallarında ona ünvanlanmış nəyi izləyir? Biz Dağlıq Qarabağda yaşayan sadə erməniyə nə deyirik? Dağlıq Qarabağın erməni əhalisinə ünvanlanmış proqramlar hazırlayırıqmı?
- Bu, kimə lazımdır axı?

II

Beynəlxalq güc mərkəzləri Ermənistanı işğalçı olduğu üçün qınamayıb, qınamır və qınamayacaq. Beynəlxalq münasibətlərdə qınamaq sözünün arxasında hansısa sanksiya, qadağa dayanmırsa, deməli, bu qınamaq yox, gözdən pərdə asmaqdır. Bizim gözümüzdən kifayət qədər pərdələr asılıb. Hətta bu pərdələr o qədərdir ki, Azərbaycan diplomatiyası çaş-baş qalıb. Gözümüzdən asılan pərdələri cırmaq imkanlarımız var. Sadəcə buna cəsarətimiz yetərincə deyil.
Bir misal:
20 illik danışıqların “qara qutu”sunu açmaqla kimin əlinin kimin cibində olduğunu dünyaya göstərmək olar. Amma məsələ ondadır ki, bu zaman öz əlimizi və öz cibimizi də ortaya qoymalıyıq. Bəs biz bunu istəyirikmi?
- Bu, kimə lazımdır axı?

III

Azərbaycan torpaqları müharibə ilə alınıb. Biz indiki mərhələdə müharibəni uduzmuşuq. Ermənilər bu torpaqlar uğrunda qan töküblər. Deməli, onlar səhv etdiklərini etiraf etməsi çox çətindir. Deməli, onlar arxasında sanksiya və qadağa olmayan qətnamələrə məhəl qoymayacaqlar. Deməli, ümid ancaq Azərbaycan Silahlı Qüvvələrinədir. O Silahlı Qüvvələrə ki, dövlət ona milyardlarla pul xərcləsə də...
Azərbaycan Silahlı Qüvvələriundə baş verənləri araşdırmaq üçün dörd il imkanı olan bir adam kimi cəbhə xəttindən, Müdafiə Nazirliyinə qədər çox mətləbdən söz aça bilərdim. Amma bu qalsın gələn dəfəyə. İndi isə...

Bir misal:

Son illər, daha dəqiqi 2007-ci ildən bəri Azərbaycan Silahlı Qüvvələrinin zabiti olmaq istəyənlərin sayı azalıb. Göstərilən ildən bu yana cari tədris ili də daxil olmaqla Ali Hərbi Məktəblərə qəbul planı dolmur. Bəs bunun səbəbi araşdırılıbmı?

- Bu, kimə lazımdır axı?
/HaqqYolu/
Asəf Quliyev (QI)
Comment