0
Monday 9 April 2012 - 15:02

“ABŞ Tehranın nüvə proqramını qəbul edə bilər”

Story Code : 151785
ABŞ - Türkiyə - İran
ABŞ - Türkiyə - İran
APA-nın “İRİB”-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama deyib. Xəbərdə bildirilib ki, B.Obama bu fikrini İran rəsmilərinə çatdırması üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana şifahi şəkildə deyib.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən yayılan hesabatlarda İranın nüvə proqramında normadan artıq fəaliyyət barədə məlumat yoxdur.
“İranla ”altılıq" arasında aprelin 13-14-də keçirilməsi planlaşdırılan müzakirələr üçün ilk addımı rəsmi Tehran atmalıdır". Bunu Fransanın xarici işlər naziri Alan Jüpe “The Wall Street Journal” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, birtərəfli müzakirələrin aparılmasının tərəfdarı deyil: “Fransa İranın nüvə proqramı ətrafında yaranmış problemin həll olunması üçün mövqeyindən əl çəkməyəcək. İranın niyyəti yaxşı olacağı təqdirdə bu ölkə ilə gerçək əməkdaşlığa gedəcəyik”.
“Ümid edirik ki, İran və ”altılıq" ölkələri müzakirələrin keçiriləcəyi yeri vaxt itirmədən ortaq bir qərarla müəyyənləşdirəcəklər". Bunu da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Honq Lei deyib. O bildirib ki, İranın mübahisəli nüvə proqramının həlli üçün müzakirələrin keçiriləcəyi yer önəmli deyil: “Əsas odur ki, İran və ”altılıq" ölkələri müzakirəyə başlayaraq, dialoq qura bilsinlər. Bununla da İranın nüvə proqramının sülh yolu ilə həllinə nail olsunlar".
Çinin xarici işlər nazirliyinin rəsmisi Çen Ksiadon bildirib ki, İrana qarşı hərbi müdaxilənin pis nəticəsi olacaq: “İrana hücum etmək üçün 10 min dəlil olsa da başlayacaq müharibənin ağır nəticələrini qarşılamayacaq. Əgər qarşılıqlı olaraq İran da hücumlara hərbi cavab versə, bu, bölgə üçün dağıdıcı müharibə olar və dünya iqtisadiyyatına böyük zərər vurar”.
“ABŞ İranla ”altılıq" arasında müzakirələrin gələn həftə İstanbulda keçirilməsini istəyir". ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner bu fikirləri keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi müzakirələrin aprelin 13-də Türkiyədə keçirilməsindən yanadır: “Ancaq müzakirələrin keçiriləcəyi yeri dəqiqləşdirməyimiz lazımdır. Lakin bunu müəyyənləşdirmək bizim səlahiyyətimizə aid məsələ deyil. Bu istiqamətdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton səylə çalışır. Gələn həftə görüşə biləcəyimiz bir yer olduğuna inanırıq”. /HaqqYolu/
Comment