0
Tuesday 10 April 2012 - 06:29

Sabirabadın Minbaşı kəndinin sakinləri yenidən etiraza başlayıblar

Story Code : 151973
Sabirabadın - Etiraz
Sabirabadın - Etiraz
Sabirabad rayonunun Minbaşı kənd sakinləri yerli bələdiyyənin rəhbəri Ruhulla Qocayevin və icra hakimiyyətinin kənddəki nümayəndəsi Bəylər İsgəndərovun istefası tələbi ilə etiraz aksiyası keçirirlər. Onlar həmçinin “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin azad edilməsini tələb edirlər.

Bu gün üzərində “İlham Əliyev, bizi bu məmurlardan azad et!” yazılan plakatla mitinqə çıxan kənd sakinlərinin görüşünə rayon icra hakiminin müavini və polis rəisi gəlib. Lakin 150-yə yaxın aksiya iştirakçısı onlarla danışmaqdan imtina ediblər, yalnız icra başçısı Nazim İsmayılovun özü ilə görüşməyə hazır olduqlarını bildiriblər. Sabah İsmayılovun kəndə gələcəyi gözlənilir.

Aprelin 4-də kənd sakinləri 2010-cu il daşqınından ziyan çəkənlərə kompensasiyaların ədalətli paylanması və vəsaiti mənimsəyən məmurların cəzalandırılması tələbi ilə etiraz aksiyası keçiriblər. Lakin heç bir tədbir görülməyib.

Oqtay Gülalıyev aprelin 8-də Minbaşı kəndində əhalinin problemləri ilə tanış olarkən saxlanılıb. Saxta ittihamla həbs bələdiyyə başçısının və icra hakimiyyəti nümayəndəsinin təşəbbüsü olub.

Gülalıyev guya yuxarıda adı çəkilən məmurları təhqir etdiyinə görə 12 gün müddətinə həbs edilib. Ölkənin müxtəlif ictimai və siyasi təşkilatları onun həbsini pisləyib. (Turan)
Comment