0
Sunday 15 April 2012 - 14:46

Masallı uğrunda Kəmaləddin-Bəylər savaşı

Story Code : 153473
Masallı uğrunda Kəmaləddin-Bəylər savaşı
Masallı uğrunda Kəmaləddin-Bəylər savaşı
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov arasında “turizm savaşı” gedir. Bu barədə qəzetimizə hakimiyyətə yaxın mənbə məlumat verib. Məlumatda deyilir ki, bir neçə il əvvəl Kəmaləddin Heydərov ölkənin cənub rayonlarında, xüsusilə Yardımlı və Masallıda turizm biznesi qurmaq niyyətinə düşüb.

Kəmaləddin Heydərov hər iki rayonda turizmə yararlı olan əraziləri almaq üçün fəaliyyətə başlayıb. Bu ərazilərdən bir neçə alınıb, bir neçəsi ilə bağlı isə hələ də danışıqlar gedir. Kəmaləddin Heydərov Masallıda problemlə üzləşməmək üçün Yardımlının icra başçısı Qəzənfər Ağayevin bu rayona transfer olunmasına nail olub.

Məlumatlara görə, sən demə Bəylər Əyyubov da Masallıda turizm biznesi yaratmaq niyyətində imiş. General bu işi komandasının üzvü, o zaman Masallının deputat olan, hazırda isə Daşkəsənin icra başçısı vəzifəsində çalışan Əhəd Abıyevə tapşırıb. Abıyevlər də Masallıda turizmə yararlı olan bəzi yerləri alıb. Qəzənfər Ağayev rayona icra başçısı təyin edildikdən sonra Bəylər Əyyubovla Kəmaləddin Heydərovun maraqları toqquşub. Abıyevlərin Qəzənfər Ağayevə hücumunun kökündə də elə bu məsələ dayanır. Yeri gəlmişkən, Qəzənfər Ağayev icra başçısı təyin edildikdən sonra birinci müavini və həm də fövqəladə hallar komissiyasının sədri olan Əhəd Abıyevin qardaşı Nadir Abıyevi komissiya sədri vəzifəsindən uzaqlaşdırdı. Hazırda Masallı yeganə rayondur ki, icra hakimiyyətində fövqəladə hallar komissiyasının sədri yoxdur.

Məlumatlarda o da bildirilir ki, əgər Bəylər Əyyubovun adamları Masallıda turizmə yararlı əraziləri zorakı yollarla alırlarsa, Kəmaləddin Heydərovun komandası bir qədər fərqli taktika seçib. “Fövqəlnazir” adamlarına tapşırıb ki, yer sahiblərindən mütləq “halallıq” alınsın.
Lakin bu mübarizədə Kəmaləddin Heydərov Bəylər Əyyubova qalib gələ bilmir. Əksinə, hazırda Bəylər Əyyubovu qalib elan etmək olar. Çünki İlham Əliyev Qəzənfər Ağayevi Masallını icra başçısı vəzifəsindən azad edərək Astaranın rəhbərliyinə gətirib. Masallının icra başçısı postuna isə Prezident Aparatında işləyən Rafil İsrafil oğlu Hüseynov təyin edilib.
Rafil Hüseynovun Bəylər Əyyubova yaxın şəxs olduğu bildirilir. Bu baxımdan İlham Əliyevin yeni təyinatını Masallının Bəylər Əyyubovun nəzarətinə keçməsi kimi dəyərləndirmək olar.

Bir məqamı da diqqətə çatdıraq ki, bu yaxınlarda Əhəd Abıyev Masallı məmurlardan birini rayonda aranı qarışdırmaqda suçlamışdı. Əhəd Abıyev həmin məmurun adını çəkməsə də, bəlli oldu ki, bu şəxs MTN-nin Masallı şöbəsinin rəisi Əli Əliyevdir. Məlumatlara görə, Əli Əliyev “fövqəlnazir”ə çox yaxın şəxsdir. Yaşının ötməsinə baxmayaraq hələ də vəzifədə qalmasının səbəbi də bu yaxınlıqdır. Mümkündür ki, yeni başçısının gəlişindən sonra o da vəzifəsinə əlvida desin.
Source : Azadliq info
Comment